Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:59

Bulqakovun Lenin haqda xatirəsi (İlk dəfə)


Mixail Bulqakov, 1926
Mixail Bulqakov, 1926
-

- Mən tıxac deyiləm, yox, tıxac deyiləm mən, Vladimir İliç…

Gözümün yaşını leysan kimi tökürdüm...



Mixail Bulqakov


BİR XATİRƏ…

(Seyfəddin Hüseynlinin tərcüməsində)


Çoxlarında, lap çox adamda Vladimir İliçlə bağlı xatirələr var, biri də məndədir. Həddən artıq möhkəmdir, qopub ayrıla bilmirəm ondan.

Axı necə ayrılasan ki, hər axşam boruların boz dolaqları isti axınla dolub, otağa ilıq bir dalğa yayılan kimi o məşhur ərizəmin saralmış vərəqi də, Nadejda Konstantinovnanın köhnə xəz arxalığı da yadıma düşür…

Necə ayrılasan ki, hər axşam lampanın telinə 50 şamlıq işıq yüklənir, mən də, bayırda 18 dərəcə şaxtalı külək əsdiyini heç düşünmədən, isti yerdə, abajurun yaşılı kölgəsində yazıb-oxuya bilirəm…

Unutmağı necə ağlına gətirəsən ki, hər dəfə başımı qaldıranda yuxarıda tavan görürəm. Doğrudur, o, iyrəncdir – alçaq tavandır, his basıb, çat verib, ancaq hər halda, tavandır, Preçistensk bulvarının üzərindəki mavi, ulduzlu səma deyil: orda isə, dəqiq elmi məlumata görə, temperatur 18 yox, 271 dərəcə olur - hamısı da sıfırdan aşağı.

Mənim yazıçı-fəhlə həyatıma son qoymaq üçünsə bunun çox az bir qismi bəs eləyər. Amma otağımda, hörümçək torlarının tutqun naxışları altında sıfırdan yuxarı 12 dərəcə temperatur, işıq, kitablar, birgəyaşayış vərəqəsi var. Bu da o deməkdir ki, bu ev bütün durduqca mən də var olacam. Yanğın olmayacaqsa - yaşayacam özümçün...

Amma gərək yerbəyer danışım.

* * *

1921-ci ilin axırıydı. Və mən Moskvaya gəldim. Köçəndə xüsusi bir çətinliyim olmadı, çünki yüküm dedikcə yüngül idi. Nəyim vardısa, xırda bir əl çamadanındaydı.

Bundan savayı, çiynimdə qoyun dərisindən yarımkürküm vardı. Onu təsvir eləməyəcəm. Təsvir eləməyəcəm, çünki o qıllı cındırı xatırlayanda indinin özündə də məni didib-dağıdan ikrah hissini oxucuda da oyatmaq istəmirəm.

Bircə bunu deyim ki, Tver küçəsinə ilk çıxışımda bu heyrət dolu pıçıltını kürəyimin ardında düz altı dəfə eşitdim:

- Yarımkürkə bax də!

Moskvada iki gün hərləndim və təsəvvür edin ki, özümə iş yeri tapdım. Elə də parlaq iş deyildi, ancaq pis də demək olmazdı: həm dən verəcəkdilər, həm də dekabrda avqustun məvacibini.

Və mən qulluğa başladım.

Ancaq bu yerdə sırtıq bir əngəl çıxdı qarşıma… mənzil məsələsi. Adamın evi olmalıdır. Evsiz yaşaya bilməz adam.

Yarımkürküm məndən ötrü palto, adyal, süfrə, yorğan-döşək ola bilərdi. Amma evi əvəz edə bilməzdi. Çamadanım da onun kimi. Həddindən artıq yığcamdı o. Həm də onu isitmək mümkün deyildi. Bunlar da bir yana, məncə, qulluqda olan adamın çamadanda yaşaması ayıb olardı.

Mənzil şöbəsinə gedib, 6 saat növbədə dayandım. Yeddinci saatın başında, özüm kimi bir neçə adamın quyruğunca, bir kabinetə girdim, orda mənə dedilər ki, ancaq iki aydan sonra mənzil ala bilərəm.

İki ayda təxminən 60 gecə var və məndən ötrü çox maraqlıydı ki, onları harda keçirəcəm. Deyək ki, bu gecələrdən beşini çıxdıq: Moskvada mənə qohumluğu çatan 5 ailə vardı. İki gecə dəhlizdəki oturacaqda yatmalı oldum, iki dəfə mizin, bir gecə də qaz plitəsinin üstündə.

Altıncı gecəni keçirmək üçün Preçistensk bulvarına üz tutdum. Ora – o bulvar noyabr ayında çox gözəl olur, amma həmin vaxtlar orda bir dəfədən artıq gecələmək mümkün deyil. Kim istəsə, yoxlayıb əmin ola bilər buna.

Səhər erkən, nəhəng günbəzlərin üzərində dan yeri təzəcə ağaranda, gümüşü qırovla örtülmüş çamadanımı götürüb, Bryansk vağzalına yollandım. Bulvarda keçirdiyim gecədən sonra bircə istəyim vardı – Moskvanı tərk eləmək.

Kisədəki qırmızımtıl dəndən də, gələn ilin fevralında veriləcək noyabr maaşından da, heyfsilənib-eləmədən, əlimi üzdüm.

Günbəzlərə, damlara, pəncərələrə, moskvalılara nifrətlə dolu bir halda Bryansk vağzalına gedirdim.

Bu vaxt elə bir hadisə baş verdi ki, ona möcüzədən başqa ad vermək olmaz. Bryansk vağzalına çathaçatda bir yaxın tanışıma rast gəldim. Mən onu ölmüş bilirdim. O isə, ölmək nədi, Moskvada yaşayırdı, üstəlik, burda ayrıca otağı da vardı.

Ay mənim gözəl dostum!

Bir saatdan sonra onun otağındaydım.

Dedi: - Gecələ burda. Ancaq səni qeydiyyata götürməyəcəklər.

Gecəni qaldım, ertəsi gün evlər idarəsinə gedib xahiş elədim ki, məni birgəyaşayış üçün qeydiyyata götürsünlər.

Evlər idarəsinin sədri papağı da, yaxalığı da qoyun dərisindən olan yoğun, samovar kimi pörtmüş bir adamdı, dirsəklərini yanlara aralayıb, misə çalan gözlərilə əynimdəki yarımkürkün yırtıq-deşiyinə baxırdı. Başlarına qoyun dərisindən papaq qoymuş idarə işçiləri öz rəhbərlərini dövrəyə almışdılar.

- Lütfən, məni qeydiyyata götürün, - dedim, - axı otaq yiyəsi mənim orda yaşamağıma etiraz eləmir. Mən çox dinc adamam. Heç kəsə maneçiliyim olmaz. Əyyaşlıq eləmərəm, hay-küy salmaram...

- Xeyr, - sədr cavab verdi, - qeydiyyata götürmürəm. Siz bu evdə yaşamamalısınız.

- Bəs harda yaşayım, - soruşdum,- harda? Bulvarda yaşayası deyiləm ki mən.

- Bunun mənə dəxli yoxdur, - sədrin cavabı belə oldu.

- Uçun burdan, butulka tıxacı kimi! – sədrin yanındakılar bərkdən çığırışdılar.

- Mən tıxac deyiləm… Mən tıxac deyiləm, - məyus-məyus mızıldandım, - hara uça bilərəm? Mən – insanam…

Çarəsizlik yeyib-bitirdi məni.

Beş gün beləcə davam elədi, altıncı gün, əlində kerosin bankası tutmuş, axsaq bir adam peyda olub dedi ki, əgər sabah xoşluqla çıxıb getməsəm, məni burdan milis aparacaq.

Onda mən özümdən çıxdım.

* * *

Gecə qızılı piltəli, yoğun nikah şamını alışdırdım. Bir həftəydi elektrik kəsilmişdi, odur ki, dostumun otağı - vaxtilə bibisinin onun dayısına öz əlini uzadıb qəlbini təslim etməsinə şahidlik etmiş - bu şamın sayəsində işıqlanırdı. Şam ağlayıb mumdan yaşlar axıdırdı. Mən qabağıma iri, təmiz vərəq qoyub, əvvəlində bu sözlər gələn bir şey yazmağa başladım:

«XalqKomŞuranın sədri Vladimir İliç Leninə…»

Hər şeyi, nələr olmuşdusa, hamısını o vərəqə yazdım: qulluğa düzəlməyimi, mənzil şöbəsinə getməyimi, Məsih Məbədi üzərindəki, sıfırdan 270 dərəcə aşağı havadan asılı ulduzlara baxmağımı, idarədəkilərin «Tıxac kimi uç burdan» - deyib üstümə çığırmalarını.

Mən o kömür qarası gecədə, soyuq otaqdakı (isitmə sistemi də xarab olmuşdu) nimdaş divanda yatıb, yuxumda Lenini gördüm. O, yazı masasının arxasındakı kresloda əyləşib, lampadan yayılan işıq haləsinin içərisindən mənə baxırdı. Mən də öz yarımkürkümdə onunla üzbəüz oturub, bulvardan görünən ulduzlar, nikah şamı, idarə sədri haqqında danışırdım.

- Mən tıxac deyiləm, yox, tıxac deyiləm mən, Vladimir İliç…

Gözümün yaşını leysan kimi tökürdüm.

- Belə… belə… belə… - cavab verirdi Lenin.

Sonra harasa zəng vurdu.

- Ona dostuyla qalmaq üçün birgəyaşayış orderi verilsin. Qoy ömrü boyu, həmişəlik orda oturub ulduzlar və başqa mənasız şeylər barədə şeirlər yazsın. O qoyun dərisindən papaq qoyan zırramanı da yanıma çağırın. Mən ona göstərərəm «birgəyaşayış»ı.

Sədri gətirdilər. Yoğun sədr ağlaya-ağlaya mızıldanırdı:

- Bir də eləmərəm…

* * *

Gecə şam işığında vərəqə yazdıqlarıma sabahısı gün işdə kim baxdısa, uğunub getdi.

- Əliniz çatmaz ona, gözəl insan, - müdirim canıyananlıqla dilləndi.

- Onda mən də Nadejda Konstantinovnanın yanına gedərəm, - candərdi cavab verdim, - indi məndən ötrü fərqi yoxdur.
Preçistensk bulvarına getməyəcəm mən.

Və mən onun yanına gedib çıxa bildim.

Gündüz saat üçdə girdim kabinetinə. Yazı masasının üstündə telefon aparatı vardı. Nadejda Konstantinovna, köhnə bir xəz arxalıqda, masanın arxasından qalxıb gəldi, əynimdəki yarımkürkə nəzər saldı.

- Siz nə istəyirdiniz? – əlimdə tutduğum həmin o ərizəyə göz yetirib soruşdu.

- Mənə bu dünyada heç nə lazım deyil, birgəyaşayış icazəsindən savayı. Məni qovub bayıra atmaq istəyirlər. Xalq Komissarları Şurasının sədrindən başqa heç kəsə ümidim qalmayıb mənim. Sizdən israrla xahiş edirəm, bu ərizəni ona çatdırasınız.

Və əlimdəki vərəqi ona uzatdım.

Alıb oxudu.

- Belə bir şeyi, - dedi, - Xalq Komissarları Şurasının sədrinə çatdırmaq? Xeyr!

- Bəs mən neyləyim, axı? – soruşdum, papağım əlimdən düşdü.

Nadejda Konstantinovna götürüb vərəqin bir qırağına, qırmızı mürəkkəblə, bunları yazdı:

- Xahiş edirəm, birgəyaşayış üçün order verəsiniz».

Və imza qoydu: Ulyanova

Nöqtə.

Ən əsası budur ki, mən ona minnətdarlıq eləməyi unutdum.

Unutdum.

Papağımı əyri qoyub çıxdım.

Unutdum.

* * *

Gündüz saat dörddə, tüstüdən göz-gözü görməyən evlər idarəsinə girdim. Hamı ordaydı.

- Necə? –çığırışdılar. – Siz hələ burdasız?

- Uç…

- Butulka tıxacı kimi? – acıqla soruşdum. – Hə? Tıxac kimi?

Vərəqi çıxarıb masanın üstünə qoydum, barmağımla o mübarək sözlərə işarə elədim.

Qoyun dərisindən olan papaqlar vərəqin üzərinə əyildi və hamısı bir andaca quruyub qaldı.

Divardakı saatın çıqqıltısına görə, dəqiq deyə bilərəm onların bu halının nə qədər çəkdiyini:

Üç dəqiqə.

Sonra sədr özünə gəlib ölgün gözlərilə məni süzdü:

- Ulya…? – qupquru səslə soruşdu.

Yenə də sükut, saatın çıqqıltısı.

- İvan İvanıç, - dəripapaq sədr aramla pıçıldadı, - ay dost, birgəyaşayış orderi yaz onlara.

«Dost» İvan İvanıç kitabçanı götürdü, məzar sükutu içərisində, qələmin ucuyla cırıltı salıb, order yazmağa başladı.

Yaşayıram: elə həminki, tavanı hisli otaqda. Kitablarım var mənim, masanın üstünə lampadan işıq haləsi yayılır. Yanvarın 22-də həmin halə qızardı, elə o an bir vaxt yuxuda gördüyüm çənəsaqqal, qabarıq alınlı sima, onun ardınca isə, işıqda bəyaza çalan saçlar, köhnə xəz gödəkcə və qırmızı mürəkkəblə yazılmış “Ulyanova” kəlməsi qüssə və məyusluq içində gözlərimin qabağına gəldi.

Ən əsası budur ki, mən o vaxt minnətdarlıq eləməyi unutdum.

Heç yaxşı düşmədi…

Minnətdaram sizə, Nadejda Konstantinovna.
XS
SM
MD
LG