Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:33

Nadir Qocabəyli "İtki" (Seçmə hekayələrdən)


-

Bu hekayə son iki ayda "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Nadir Qocabəyli


İTKİ


Gecə yarısı səsə ayıldım. Bacılarım da oyandılar. Soyuq olduğu üçün hamımız bir otaqda yatmışdıq. İşıq yanırdı.

Atamla anam qardaşımın beşiyi başında oturub hönkürür, iri göz yaşı damlaları yanaqlarıyla aşağı yuvarlanırdı.

Nə baş verdiyini anlamadan key-key onlara baxdım. O vaxtadək böyüklərdən həmişə “kişi ağlamaz” nəsihətini eşitmiş və doğrudan da heç bir kişinin ağladığını görməmişdim.

- Qardaşın öldü, oğlum, - atam səsi qırıla-qırıla dedi.

Bacılarım qorxub ağlamağa başladılar. Mən də ağlamaq istədim, ancaq bacarmadım, deyəsən, atamın göz yaşları məni əməlli-başlı karıxdırdımışdı.

Qardaşımı həsrətlə tapmışdıq. Bu yer üzündə tək olmayım deyə atamla anamın mənə qardaş hədiyyə etmək cəhdləri beş qızdan sonra baş tutmuşdu. O vaxtlar ana bətnindəki dölün cinsiyyətini müəyyən edən cihazlar hələ kəşf olunmadığından qardaşımın beş qıza həyat bəxş etdiyini də söyləmək olardı. Yox, üç qıza. Çünki atamla anamın söhbətlərindən eşitmişdim ki, onlar nədənsə dörd uşaq istəyirlər: ikisi oğlan, ikisi də qız. Görünür, o vaxt dəb beləymiş.

Ailəmiz, xьsusən də mən qardaşımın gəlişinə yaman sevinmişdik. O, əli-ayağı yerində, qaşı-gözü qara, çox gözəl bir uşaq idi; hətta dərisinin rəngi də məndən fərqli olaraq ağappaqdı.

Qonşu arvadlar tez-tez “sən qarasan, o isə ağ” deyərək məni cırnatmağa çalışsalar da, bunu vecimə almır, qardaşımı çox sevirdim.

Hər gün məktəbdən qayıdandan sonra ona baxmaqda ev işləri başından aşan anama kömək edirdim.

Qardaşım yavaş-yavaş böyüyür, qığıldayır, gülümsəyir, yumruqlarını düyünləyərək ağzına soxur, məsum qara gözləriylə ətrafdakılara baxırdı. Yaşıdlarından fərqli olaraq qətiyyən haray-qışqırıq salmaz, yeməyinin vaxtı çatanda zəif səslə ağlayardı. Anam bundan çox rahatsız olurdu, deyirdi ki, altı uşaq böyütmüşəm, heç biri belə olmayıb.

“Bu uşaqda nəsə var” - o, atama deyirdi. Atamsa həkimlərin söylədiklərini təkrar edərək, “müvəqqəti haldır, keçib gedəcək” deyə anama təsəlli verirdi. Mən qardaşıma nəsə olacağından çox qorxurdum, daim gizlicə Allaha yalvararaq, ondan imdad diləyir, kömək umurdum.

Artıq bir yaşına çatmışdı, amma nə oturur, nə də iməkləyirdi. Hər ay Bakıya, hansısa professorun yanına aparırdılar. O isə yumurta qabığından tutmuş, ən bahalı və tapılmayan dava-dərmanlara qədər hər şey təyin etmişdi. Hətta bir ay hansısa mərkəzi uşaq xəstəxanasında da yatırtdı, ancaq irəliləyiş olmadı. Xəstəxanadan qayıdandan sonra qonşuluqda yaşayan tibb bacısı zavalli körpənin arıq yanlarına gündə on-on beş iynə vurur, dərisi qırışmış ağappaq əllərinin göyümtül venalarına sistemlər köçürürdü.

Bu zaman onun küçük zingiltisini xatırladan zəif fəryadı, ağlamaqdan qızarmış gözlərinin ətrafdakılardan imdad diləyən yalvarışlı baxışları hamımıza dəhşətli əzab verirdi. Tibb bacısına kömək edən anam prosedur bitdikdən və uşaq sakitləşdikdən sonra çox vaxt biz qorxmayaq deyə mətbəxə keçib ikiəlli başına döyüb ağlayırdı.

Atam işdə olduğundan təkcə axşam proseduruna şahid olurdu; mən onun həmişə qırmızıya çalan yanaqlarının birdən-bırə sapsarı saraldığını görürdüm. Daim səs-küyləri evi başına götürən bacılarım otağın bir küncünə qısılıb kiriyir, mənsə yenə Allaha yalvarırdım.

Həkimdən və dava-dərmandan ьmid kəsiləndən sonra ьz tutduq pirlərə və ziyarətgahlara. Rayonumuzdakı, qonşu rayonlardakı, hətta Bakıdakı və uzaq rayonlardakı bir çox müqəddəs sayılan yerlərə və ocaqlara apardıq qardaşımı. Anam nəzirlər payladı, atam qurbanlar dedi onun şəfa tapması üçün. Hərə bir söz dedi, bir yer, bir həkim, bir loğman məsələhət gördü, amma faydası olmadı. Hamı yoruldu və “Allaha təvəkkül” deyib gözləməyə başladıq.

Bir gьn atamın anama “sənə neçə dəfə dedim ki, o dərmanları atma” dediyini eşitdim. “Yıxdın uşağın evini”.

- Dərman atmasaydım, doğuş vaxtı ikimiz də öləcəkdik, - anam dedi və özünə qarğış etdi: - Kaş ki elə öləydim, bu günləri görməyəydim.

- Bəs bu altı uşaq necə olacaqdı? – atam sanki qınağını geri götürdü.

- Bilmirəm...

Nə baş verdiyini dərk etməkdə hələ də çətinlik çəkirdim. Qalxıb onun beşiyinə yaxınlaşdım, arxası üstə elə sakit uzanmışdı ki, deyirdin yatıb. Öldüyünə inana bilmirdim, elə sanırdım, hamı səhv edir, nədəsə yanılırlar. Bu necə ola bilər, axı o hələ çox balacadır! Axı babam deyirdi, insanlar qocalıb ölürlər. Əvvəlcə sinəsinə qoyduğu əlini əlimə alıb çeçələ barmağımı yarıyumulu ovcuna verdim. Həmişə belə edəndə yatmış olsa belə, barmağımı tutub ovcunda bərk-bərk sıxardı. Ancaq bu dəfə buza dönmüş balaca əl tərpənmədi. Yatarkən adətən tez-tez qalxıb-enən sinəsi də hərəkətsiz idi. Əyilib solğun yanağindan öpdüm, isti nəfəsi üzümə dəymədi.

Pəncərənin o tərəfində səhərin alatoranı sezilməyə başlayanda atam gözlərini əllərinin dalıyla silib mənə sarı çöndü və üzümə baxmadan dedi:

- Get babanı çağır.

Elə bil, ağladığı, ya da qardaşımı qoruya bilmədiyi üçün məndən utanırdı.

Babamla nənəm qonşu otaqda yatırdılar. Eyvana çıxıb onların qapısını açdım. Babam namaz qılırdı, həmişəki kimi üzünü evin cənub-qərb küncünə tutub əllərini yuxarı qaldırmış, dodağının altında anlaşılmaz sözlər söyləyirdi. Nənəm hələ qalxmamışdı.

- Baba, atam deyir...

- Allahu Əkbər! - babam ucadan dedi. Namaz ьstьndə ona mьraciət edəndə həmişə belə deyirdi.

- Atam səni зağırır, - dedim və onun cavabını gözlədim, amma babam yenidən “Allahu Əkbər” deyib, diz çökdü və alnını “canamaz” adlandırdığı dördkünc, naxışlı dəsmalın üzərinə qoyduğu qəhvəyi möhürə dayayıb yenə sirli sözlərini təkrarladı. Sonra oturub əllərini dizlərinin üstünə qoydu, başını sağa-sola döndərərək bir neçə saniyə də mızıldanıb ayağa qalxdı.

Babam anlaşılmaz sözlərlə müşayiət olunan namaz ayininin sonunda mənim başa düşdüyüm dualar da edərdi. O adətən Allahdan kömək diləyir, ondan övladlarını və nəvələrini qorumasını, bizi bir tikə çörəyə möhtac qoymamasını, ölüm-itimlə, ehtiyacla imtahana çəkməməsini xahiş edirdi. Ancaq gözlədiyimi görüb namazda mənim ən çox xoşuma gələn son hissəni icra etmədi.

- Səhər tezdən xeyir ola, a bala?

Babam da nəsə kefsiz gцrьnьrdь, elə bil, verəcəyim xəbərin xoş olmayacağını hiss etmişdi.

- Qadaşım ölüb, baba!

- Nə?! - kişinin dili-dodağı əsdi, - sən nə danışırsan, nə oldu birdən-birə, - o əyilib, möhürü və canamazı döşəmədən götürdü, üzünü nənəmə tərəf çevirərək ağlamsınan səslə ucadan dedi: - Arvad, tez ol dur ayağa, başımıza daş düşüb.

Ancaq qulağı ağır eşidən nənəmin deyəsən heç vecinə də olmadı, o öz çarpayısinda üzü divara hərəkətsiz uzanmışdı.

- Yaxşı, sən get, mən indi gəlirəm.

Geri qayıdanda qonşumuz Güllü xala da bizdəydi, yəqin anam çağırtdırmışdı. O, beşiyin başında dayanıb astadan ağı deyir, anamla bacılarımı ağladırdı. Beşiyin üstünə ağ örtük sərilmişdi; bu da onun işiydi. Qardaşımı bir daha görməyəcəyimi ağlıma belə gətirmirdim. Atam həyətə çıxmışdı. Onun üzünü niyə örtdüklərini soruşmağa macal tapmamış Güllü xala məni oğlunu çağırmağa göndərdi.

- Get Ağarəhimə de, bura gəlsin.

Həyətə зıxdım. Atam evimizin qabağındakı iri tut ağacının altında dayanıb yerə baxırdı. Çıxdığımı hiss edib başını qaldırdı. Elə bildim, həmişəki kimi hara getdiyimi soruşacaq, ancaq heç nə demədən başını yenə aşağı saldı. Hava azca dumanlı və sakit idi. Çılpaq budaqlardan şeh damlaları asılmış, boz sərçələr tüklərini pırpızladaraq sırayla həyətimizlə bağçamızı ayıran tor məftil çəpərin başına qonmuşdular. Deyəsən, anamın çıxıb toyuqlara dən səpməsini gözləyirdilər.

Ağarəhim gəlib atama başsağlığı verdi. Sonra astadan nəsə danışmağa başladı, kənarda dayandığımdan nə dediyini eşitmirdim. Atam başını qaldırmadan sakitcə dinləyirdi. Sonra Ağarəhim məndən “lapatka”larımızın harada olduğunu soruşdu.

Qəfil verilmiş sualdan diksindim, dilim tutuldu, ha istədim nəsə deyəm, amma səsim çıxmadı. Ölülərin qəbiristanlıq deyilən yerdə torpağa basdırıldığını bilirdim, küçədə uşaqlar demişdilər. Ancaq nədənsə mənə elə gəlirdi ki, bu yalnız qoca adamlara aiddi, cavanların, xüsusən də uşaqların ölümünə inanmırdım.

Güllü xalanın böyük oğlu Ağakərimin Əfqanıstandan “meyidi gələndə” arvadlar bərkdən çığırışıb ağlaşsalar da, kişilər o dəmir tabutun içinin boş olduğunu deyirdilər. Ona görə də, mən Ağakərimin nə vaxtsa qayıdıb gələcəyinə çox inanırdım. Arazda kimsə boğulanda da meyidi tapılmamış heç kəs batanın öldüyünə inanmırdı.

Bəzən axtarışlar bir-iki ay sürür, suda qalmış cəsəd tapılanda tanınmaz olurdu və meyidə baxan analar “bu, mənim balam deyil” deyə fəryad qoparırdılar. Bəzən də suda batmış cavan ümumiyyətə tapılmır və anası yas yerlərində “balam ölməyib” deyərək ürəklərə od salırdı. Arabir nə vaxtsa özümün də qocalıb öləcəyim barədə düşünsəm də, bunun hələ uzun illərdən sonra baş verəcəyilə təsəlli tapırdım. Bir dəfə atamdan “ata, mən də qocalıb öləcəyəm?” soruşanda o, qəmli təbəssümlə gözlərimə baxıb demişdi: “Yox, oğlum, sənin qocalmağına hələ çox var, o vaxtadək insanlar ölmsüzlüyün sirrini tapacaqlar...”

Ağarəhim belləri götürüb darvazadan çıxdı və az sonra motorollerinin gurultusuyla səhərin lal sükutunu pozdu...

Bir azdan evlərin arxasından görünən günəş sarımtıl, ilıq şüalarıyla dumanı qovdu. Anamın toyuqara dən verəcəyini gözləyən sərçələr gözləməkdən yoruldular və bir-bir uçub dağılışdılar. Yavaş-yavaş adamlar gəlməyə başladı; əvvəlcə qonşular, sonra qohumlar, daha sonra isə tanımadığım adamlar gəldilər. Kişilər atamın ətrafına toplaşır, arvadlar isə evə girirdilər. Hər bir arvad içəri keçdikcə evdən gələn ağlaşma səsi bir anlıq yüksəlir, sonra yenə səngiyirdi. Bu səslərin içində anamın naləsi açıq-aydın sezilirdi. Mən də atamın yanında dayanmışdım.

Babam evdən çıxıb atama yaxınlaşdı və dedi ki, mollaya ehtiyac yoxdur, bir əlcə günahsız uşaqdır, arvadlar evdə yuyub-kəfənləyərlər... Atam cavab verməsə də, ətrafdakı kişilərin bir ağızdan “hə-hə” deməsiylə razılıq əldə olundu.

Ağarəhim qayıdıb gəldi, darvazanı taybatay açıb “muravey”ini həyətə saldı. Vəzifəmi yerinə yetirib darvazanı bağlamaq istəyəndə (atam hər dəfə həyətə girəndə və çıxanda darvazamızı mən bağlayırdım) kişilər yenə bir ağızdan səslənib, “lazım deyil, qoy açıq qalsın” dedilər.

Qonşu arvadlardan biri əlində qırmızı kəlağayı evin qapısında görünən kimi Ağarəhim dərhal cumub, kələğayını onun əlindən aldı, bir ağac tapıb bayrağa oxşar bir şey düzəltdi və nərdivan qoyub ağacı darvaza dirəyinin başına bərkitdi.

Birdən evdən gələn ağlaşma səsi çoxaldı, anamın “balamı aparmayın, aparmayın balamı” fəryadı açıq-aydın eşidilməyə başladı. Güllü xala qucağında mavi rəngli bələk qapıdan çıxdı.

Soyuq havalarda anam onu həmişə bu bələkdə evdən çıxarardı. Bu dəfə anam Güllü xaladan arxadaydı, iki qadın onun qolundan tutmuşdu. Anamı heç vaxt belə görməmişdim; saçları üzünə dağılmış, göz yaşları yanaqlarından axan qana qarışmışdı. O, halsız idi, asta səslə “oğlumu verin, balamı verin” deyir, arada bayılır, özünə gələndə yenə əvvəlki sözlərini təkrarlayırdı. Mən qardaşımın üzünü görmək üçün boylandım, ancaq örtülü olduğundan görə bilmədim.

Onu atamın maşınının arxa oturacağına qoydular. Atam sükan arxasına keçmək istəyəndə kişilər qoymadılar və bu işi başqasına həvalə etdilər. Atam sürücünün yanında oturdu. Maşın yavaş-yavaş həyətdən çıxıb sağa döndü, kişilər küçədə dayanan digər maşınlara doluşub onun ardınca getdilər. Anamı əhatə edən arvadlar da ağlaşa-ağlaşa küçəyə çıxdılar...

Mən maşınların arxasınca baxaraq qardaşımı xatırlamağa çalışdım, ancaq xatırlaya bilmədim. Gözlərimdən sel kimi yaş axdı, ürəyimdə Allaha yalvararaq onu geri qaytarmasını istədim və qaça-qaça qayıdıb evə girdim, otağın açıq qapısından keçərək qardaşımın beşiyinə cumdum. Bir müddət dayanıb baxdım. Qardaşım beşikdə uzanıb, qara gözləriylə mənə gülümsəyirdi. Çeçələ barmağımı ona uzatdım, o da ağappaq balaca əlini uzadaraq barmağımı tutdu və isti, nəm ovcunda sıxdı...

1 avqust 2012-ci il, Bakı
XS
SM
MD
LG