Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:04

Kəramət Böyükçöl. Mən Servantesəm?


Kəramət Böyükçöl
Kəramət Böyükçöl
-

Aysel xanım elə ilk cümləsini məişət dedi-qoduları ilə başlayır: “Deyirlər, Əsəd Cahangirin bir gənc dostu var, onu gələcəkdə yaxşıca tərif etməyi planlaşdırır...

Ədəbiyyat nə dedi-qodudur, nə də uzunqulaq belində alma daşımaqdır, əziz Dulsineya!


"Oxu zalı"na göndərdiyi bu yazısı ilə gənc yazar Kəramət Böyükçöl "Ulduz" jurnalının Aysel Əlizadənin redaktorluğu ilə çıxmış son sayı ətrafında polemikaya qoşulur. O, A.Əlizadənin "Oxu zalı"nda dərc edilən məqaləsinə reaksiya verib.


Kəramət Böyükçöl


MƏN SERVANTESƏM?


“Ulduz” jurnalının son sayı gənc yazar, 1 ədəd povest müəllifi ("Erkəklər") Aysel Əlizadənin redaktorluğu ilə dərc olunub.

Görkəmli tənqidçimiz Əsəd Cahangir də böyük bir iltifat göstərərək “Qafqazinfo” saytındakı növbəti köşə yazısını “Ulduz”un sözügedən sayına həsr edib.

Aysel xanım da eləməyib tənbəllik, “Oxu zalı”nda ona ucu güləbətinli bir cavab yazıb. Bir sözlə, ədəbi mühitimiz əməlli-başlı canlanıb. Mənim bu məsələdə nə kiməsə tərəf çıxmaq, nə də münsif rolu oynamaq fikirim var. Amma Aysel xanım öz yazısında o qədər ağını çıxarıb ki, buna sakitcə durub baxa da bilmədim. Nə isə… Qoy, ədəbi mühitimiz öz canlanmağında olsun, biz bir neçə ay öncəyə qayıdaq.

Bir neçə ay öncə İranda həbs olunan gənc şairimiz Fərid Hüseyn (Allah qapısını açsın!) mənə zəng elədi ki, Bakı Slavyan Universitetində gənc yazarların yığıncağı keçirilir, əsərlər müzakirə olunacaq, səni də dəvət edirəm.

Görüşdə iştirak elədim, çox maraqlı keçdi. Mənə söz verildi, fikirlərimi bölüşdüm. Aysel Əlizadə adlı yazarın şeirlərini ilk qələm məşqi kimi uğurlu saydığımı dedim, ancaq həmin yazıların qəzetlərdə və internet portallarında keşməkeşli yaradıcılıq taleyindən, ədəbiyyatın əyri-üyrü yollarından geninə-boluna danışan bir xanım üçün biabırçı olduğunu söylədim. Aysel xanımın son yazısı bir daha göstərdi ki, həmin görüşdə onu müxtəlif hücumlardan qoruyan Əsəd Cahangir yox, mən haqlıyam!

Həmin gün Aysel xanım mənim sözlərimdən çox pis oldu. Hətta kövrəldi də... Dedi ki, bilsəydim, bura gəlməzdim. Sonra əlavə etdi: “Kəramət toyda bizi peşiman elədi. (orasını da deyim ki, mən bir yazar dostumuzun toyunda yaxşıca şənləmışdim. Aysel xanım onu nəzərdə tuturdu). Ayselə dedim ki, mən toyu peşiman elədim, sən ədəbiyyatı (İndi də öz fikrimdə qalıram). Bundan sonra, Əsəd Cahangirin təbiri ilə desək, “ədəbiyyatımızın gənc ledisi” hələ dəmir ledi olmadığını göstərdi, yəni daha da kövrəldi.

Aysel Əlizadə
Aysel Əlizadə
Mən çox təəssüfləndim və düşündüm ki, axı biz şeirlərimizi, əsərlərimizi gözəlliyə baxıb yazırıq. Heç olmasa buna görə və heç olmasa Ayselin “Erkəklər” povestinə görə gərək bu gözəl xanımın xətrinə dəyməyəydim. Yaman pis oldum.

Hörmətli rektor, yazıçı Kamal Abdulla məni bir neçə gündən sonra Slavyan Universitetində gənclərlə görüşə dəvət elədi. Fikirləşdim, yaxşı olardı ki, Aysel xanım da həmin görüşdə iştirak eləsin və elə ordaca o da məni “kövrəltsin”. Əgər bacarsa! Yox bacarmazsa, eybi yox, babalı Kəramətin boynuna, mən Aysel xanımın xətrinə elə həmin məclisdə öz-özümə “kövrələrəm”. Nə isə... sözüm onda deyil.

Bağışlayın, indi telefonuma zəng gəldi, gənc və istedadlı dostum Tapdıq Türksoydur.

- Kəramət, “Ulduz” jurnalının axırıncı nömrəsində (Aysel xanım çıxaran sayda) Sona adlı bir müəllifin hekayəsi mənim imzamla çap olunub. Aysel xanıma dəfələrlə dedim ki, bu hekayə mənim deyil, Sonanındır. Ancaq o yenə mənim adımla çap eləyib hekayəni.

- Həə, Tapdıq! Narahat olma! Gənc xanımdı, ilk işidi, hələ püxtələşməyib. Mən də elə bayaqdan jurnalın sözügedən sayından yazıram. Zəngini də elə olduğu kimi qeyd eləyəcəm yazıma, – dedim və əlavə elədim - gələcək nömrədə təkzib verərik ki, bu hekayə Tapdıq Türksoyun yox, Sona xanımındır. Ay Tapdıq, axı sən də yazarsan, bilirsən ki, müəllif uzun müddət yazılarının təsiri altında olur, görünür ki, “Erkəklər” povestindən sonra Aysel xanım qadınları da erkək hesab eləyir.

Nə isə... Qayıdaq əsas məsələyə. Hərdən “Ulduz” jurnalını tənqid edirlər. Deyirlər ki, toplu zəif çıxır. Səbəb də bunu görürlər ki, toplu niyə gənclərin ixtiyarına verilmir? Vaxt keçir və jurnalın bir neçə nömrəsi bütünlüklə gənclərin ixtiyarına verilir. Bu çox maraqlı bir eksperimentdir. Peşəkar yazıçı və redaktor Elçin Hüseynbəyli elə şərait yaradır ki, gənclər öz tənqidlərinə özləri cavab verməli olurlar. “Di gəlin, özünüz çıxardın, görüm necə çıxarırsınız?” Və ardınca tanınmış tənqidçi Əsəd Cahangir məqalə yazır: “Vəxseyy, ədəbi gənclik bumu?!” Ardınca da jurnalın sözügedən sayına məsul şəxs Aysel Əlizadənin “Oxu zalı”nda müzakirəyə qoşulduğunu görürəm.

Xətalarla dolu olan yazısına Aysel xanım elə ilk cümləsini məişət dedi-qoduları ilə başlayır: “Deyirlər, Əsəd Cahangirin bir gənc dostu var, onu gələcəkdə yaxşıca tərif etməyi planlaşdırır. Ona görə bəri başdan bizim uşaqların işini yamanlayır. Guya bu cütlük (Əsəd və onun dostu) uzun zamandır Don Kixot və Sanço Pansa kimi bərabər addımlayır, həyatın enişli-yoxuşlu yollarında. Guya bizim işimizi bilərəkdən kölgələməyə çalışıb , guya Sançosunu sonra geninə-boluna bəy tərifinə tutacaq. Mən də qulaq yalançısıyam. Don Kixot qədər ədalətli və sadəlövh olmasa da, Əsəd bəyin qərəzə əl
Əsəd Cahangir
Əsəd Cahangir
qoyacağına inanmadım. Adamın ağlı yaxın düşmək istəmir. Gözləyək, görək nə olur”.

Bu nə məntiqdir? Elə bil nağıl danışırsınız. Təkcə sizin üçün maraqlı olan bir şeydən oxucular nə anlasınlar? Oxucular nə bilsinlər ki, siz nə demək istəyirsiniz, kimi nəzərdə tutursunuz, Əsəd Cahangirin o yaxın dostu kimdi? Və ya Aysel xanım niyə bu qədər qəzəblidir? Bu hikkə hardandır? Axı Əsəd bəy sizə qarşı heç bir qəzəb, ya təhqir sərgiləməyib. O, sadəcə sizin nöqsanlarınızı deyib. Təcrübəli və peşəkar bir tənqidçi kimi bildirib ki, gələcək işlərinizdə belə səhvlərə yol verməyin. Deyib ki, gənc bir yazar olaraq tapdalanmış cığırlarla getməyin, təşəbbüskar olun, yenilikçi olun, bir sözlə, istedadınızı ortaya qoyun, əgər varsa...

Və bütün irad və məsləhətlərində də konkret faktlara söykənib. Ona görə də, onun “Qaynana” filmindən impovizə etdiyi “Vəxseyy, ədəbi gənclik bumu?” sitatı nə qədər yerindədirsə, sizin “Don Kixot”la bağlı metoforanız bir o qədər yersizdir! Ədəbiyyat nə dedi-qodudur, nə də uzunqulaq belində alma daşımaqdır, əziz Dulsineya!

Sonda! Saytların birində təsadüfən Aysel xanımın yazısını oxumuşdum. Yazıda deyir, gözümü açıb gördüm ki, ədəbiyyatın içindəyəm. Xeyli güldüm. Görəsən, Aysel xanım bilmir ki, o, nəinki ədəbiyyatın içində, heç çölündə də deyil? Yoxsa bunu az adammı bilir? Hələ düzgün cümlə qurmağı bacarmayan, cümlədə təyinlə tamamlığın yerini dəyişik salan, qırıq, məntiqsiz çıxışları ilə göz oxşamağa çalışan bir adamın qəzəbi əvvəl-axır əsəb pozulmasına gətirib çıxarır. Özünüzü qoruyun, donna Əlizadə!..

Mən də lap özümü Servantesin yerinə qoydum e...


"Oxu zalı"ndan: polemikaya qoşulmaq istəyənlər yazılarını bu ünvana yollaya bilərlər: oxuzali@azadliqradiosu.az
XS
SM
MD
LG