Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:04

«Azərbaycan» Nəşriyyatı «Azadlıq»a üç gün vaxt verib


«Azadlıq» qəzeti
«Azadlıq» qəzeti
-
«Azadlıq» qəzeti sentyabrın 3-ə qədər «Azərbaycan» Nəşriyyatına olan borcunu ödəməlidir. Bu xəbərdarlıq məktubu qəzetə avqustun 29-da nəşriyyatın direktorundan gəlib.

Məktubda xahiş olunur ki, qəzet çap və kommunal xərclərə görə yaranmış 25610 manat 80 qəpik borcunu sentyabrın 3-nə qədər ödəsin. Əks halda, qəzetin çap edilməsi və kommunal xidmət nəşriyyatın imkanları xaricində olacaq.

Məktubda göstərilən məbləğin 14244 manatı çap xərcləri, qalanı isə kommunal xidmətlərə görə yaranan borcdur.

«QASİD»İN DƏ «AZADLIQ»A 30 MİN MANAT BORCU VAR

«Azadlıq» qəzeti məktubda yazılan borcu tanıyır. Amma qəzetin redaktoru Sücəddin Şərifov deyir ki, nəşriyyat onlardan öz pulunu istədiyi kimi, onlar da «Qasid» mətbuatyayımı firmasından qəzet satışından onlara çatacaq 30 min manatı ala bilmirlər:

«Biz aprel ayından bu yana «Qasid»dən satılan nüsxələrin pulunu ala bilmirik. Biz dilemma qarşısındayıq. Ən böyük yayım firmasıdır, biz hər gün bu firmaya 1000 nüsxə qəzet veririk, amma pulunu ala bilmirik. Firma bunu son vaxtlar üzləşdiyi problemlərlə, köşklərin yığışdırılması ilə əlaqələndirir».

Sücəddin Şərifov deyir ki, onlara göndərilən məktubda 25 min manatlıq borc barədə yazılsa da, nəşriyyat daha çox çap xərclərinin ödənilməsini istəyir. Redaktorun dediyinə görə, kommunal xidmətlərə görə yaranan 11 min manatdan artıq borc hər ay az-az ödənilir.

«YENİ MÜSAVAT»A ŞİFAHİ XƏBƏRDARLIQ OLUNUB

Yazılı müraciət olunmasa da, belə bir xəbərdarlıq şifahi şəkildə «Yeni Müsavat» qəzetinə də edilib. Qəzetin baş direktoru Ələsgər Süleymanov «Azərbaycan» Nəşriyyatına 8600 manat çap borcu olduqlarını deyir. Baş direktor bu borcu son vaxtlar qəzet satışında yaranan problemlər və köşklərin yığışdırılması ilə
Nəşriyyat
Nəşriyyat
əlaqələndirir:

«Son vaxtlar qəzet satışında problemlər yarandığı üçün biz az gəlir əldə edirik. Ona görə də, hər ay nəşriyyata ödənişlərimizi azaltmışıq və nəticədə belə borclar yaranıb».

«Azərbaycan» Nəşriyyatının direktor müavini Bəsti İsmayılova yalnız «Azadlıq» qəzetinə xəbərdarlıq olunduğunu deyir. O, bundan əvvəl də müxtəlif qəzetlərə borcların ödənilməsi ilə bağlı xəbərdarlıq edildiyini və problemin bununla da həll olunduğunu bildirir:

«Bu, bizim daxili işimizdir, vaxtaşırı onlarla söhbət aparırıq və borclarını ödəyirlər. İndi onların «Qasid»lə bağlı problemləri var, ona görə gecikmə olub. Bizim də problemlərimiz olduğu üçün qəzetə xəbərdarlıq göndərmişik».

Amma direktor müavini hesab edir ki, sentyabrın 3-nə qədər borc ödənilməsə belə, qəzetin çapını dayandırmaq fikirləri yoxdur. Bəsti İsmayılova deyir ki, onsuz da həmişə güzəşt edirlər.

«QASİD» RƏHBƏRİ: BİZ QƏZETLƏRİN PULUNU ÖDƏYƏCƏYİK, ƏGƏR...

«Qasid» mətbuatyayımı firmasının rəhbəri, deputat Mirkazım Kazımov son vaxtlar qəzetlərə borclarının yaranmasını firmaya məxsus köşklərin yığışdırılması və yay mövsümü ilə əlaqələndirir. Kazım Kazımov bu borc məsələsinin birinci dəfə baş vermədiyini deyir. «Qasid» rəhbəri deyir ki, qəzetlər narahat olmasınlar, fəaliyyətlərini bərpa etsələr, hər şey yaxşı olacaq:

– Bizə də kimlərinsə borcu var. İdarə, müəssisələr arasında belə hallar olur. Yəqin ki, biz borcları ödəyəcəyik, onlara borclu qalmayacağıq. Fəaliyyətimizi bərpa etsək, borcları ödəyəcəyik.

- Amma ehtimal var ki, fəaliyyətinizi bərpa etməyə də bilərsiniz?
Qəzet köşkü
Qəzet köşkü

- Biz indi çalışırıq, Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik ki, ya bizim götürülən köşklərin yerinə yeni köşklər versinlər, ya da bizə əlavə yer ayırsınlar.

«QASİD»İN DƏ ALACAĞI VAR

Mirkazım Kazımov adlar çəkməsə də, xeyli dövlət müəssisəsinin onlara borclu olduğunu bildirir. Borcun 5 min manatdan tutmuş 20 min manata qədər olduğunu deyən firma rəhbəri həmin müəssisələrin ilin sonuna qədər hissə-hissə öz borclarını ödəyəcəyinə əmindir.

«Qasid» rəhbərinin dediyinə görə, indiyə qədər onlara məxsus 320 köşkdən 80-i yığışdırılıb və yerinə onlara məxsus olmayan yeni köşklər qoyulub.

Sücəddin Şərifov hesab edir ki, Mətbuat Şurası və digər qurumlar mətbuatın üzləşdiyi bu problemləri müzakirə edib çıxış yolları tapmaqda qəzetlərə yardım etməlidirlər. Yoxsa qəzetlər fəaliyyətini dayandıra bilər.

MƏTBUAT ŞURASI MÜZAKİRƏYƏ HAZIRDIR, AMMA...

Əvvəllər bir neçə dəfə Mətbuat Şurasının prezidentə müraciətindən sonra qəzetlərin nəşriyyata borcları ya dondurulub, ya da ləğv edilib.

Bunu AzadlıqRadiosuna Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyir. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan sonra qəzetlərə ildə iki dəfə maddi yardım edildiyini deyən Müşfiq Ələsgərli 2009-cu ildən qəzetlərin nəşriyyat problemi yaranmadığını deyir.
Arif Əliyev
Arif Əliyev
Amma o, hesab edir ki, qəzetlər yenidən Mətbuat Şurasına müraciət etsə, bu məsələ müzakirə oluna bilər:

«Hər halda müraciət olunsa, müzakirə edilə bilər. Amma hansı qərar çıxarılacağı barədə bir söz deyə bilmərəm».

«QASİD» QƏZETƏ, QƏZET NƏŞRİYYATA, NƏŞRİYYAT DA HARASA BORCLU

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə hansısa müraciət və yardımla qəzetlərin borc probleminin həll olunacağına inanmır. Hesab edir ki, bu problemlərə son qoyulması üçün ölkədə reklam bazarı siyasi təsirdən çıxmalı, bazarda sərbəstlik yaradılmalıdır:

«Təsəvvür edin ki, «Qasid» qəzetə borclu, qəzet nəşriyyata, nəşriyyat harasa borcludur. Bu, nə qəzet sahəsində, nə də istehsalatda iqtisadiyyatın olmadığını göstərir. Bütün ölkə bu gündədir. Neft gəlirləri hesabına sinəyə döyürük ki, ölkəmiz belə inkişaf edib. Amma bu gün qəzetlərin belə bir vəziyyətdə olması ölkə iqtisadiyyatının nümunəsidir».

Arif Əliyev hesab edir ki, qəzetlər bu problemi bir yerdə birləşmək, bir güc kimi fəaliyyət göstərməklə aradan qaldıra bilərlər. O, haradansa, kiminsə göstərişi ilə mətbuatın probleminin həllini gözləməyi yanlış sayır.
XS
SM
MD
LG