Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:17

Sabir Sarvan. Şeirlər


-


ÖZÜMÜ SÖZƏ ÇEVİRDİM

Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.

Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.

Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.


NƏSİL SÖHBƏTİ

Qardaşlar!
Bizi sevməyən günlər gəldi.
Ağızda diş seyrələn kimi
sıramız seyrəldi.
Gur yanan
lampalar idi,
Öləzidi,
söndü gözümüz.
Bürüşmüş almalara döndü
üzümüz.
Alışdıq
dostları itirməyə,
Tabutları götürməyə
alışdıq.
Yarımız torpaq üstəyik,
Yarımız torpağa
qarışdıq.
Qarşıda
heç nə gözə dəymir.
Gözləmir bizi
nə bir ümid közərtisi,
nə bir möcüzə.
Aynalarda gəzirik gəncliyimizi.
Aynalar
özgələri göstərir bizə.
Artıq
yarısökük barıda qalan
kərpiclər kimi
gedəcəyimizi yaxından
duyuruq.
Gecələr daha amansızdı,
gecələr yatanda əlimiz çatan yerə
dava – dərman qoyuruq.
Gözəl günlərimiz
xəzəldi indi.
Bağban fələk od vurub yandırır;
tüstüsü zil qara
O tüstünün kölgəsində
yazdım bu şeiri.
Bir nüsxəsi sizə çatacaq,
O biri –
torpaq olmuş dostlara...


ÇALDIRAN AĞRISI

Necəsən, dərdimi deyəm,
Dağ ərisin, daş yerisin.
Vay o günə, dəli başla,
Üstünə qardaş yerisin.

Heç yana çatmasın əlin,
Alışsın ağzında dilin,
O tərəfdən Sultan Səlim,
Burdan Qızılbaş yerisin.

Açılsın əllərin göyə,
Allah da durmasın yiyə.
«Zalım qardaş» deyə - deyə
Diyirlənsin, baş yerisin.

Oyan gürzünə tarixin,
Çaxıl gözünə tarixin,
Tüpür üzünə tarixin,
Qoyma bu vərdiş yerisin.


YAŞIDIM BİNA

Sumqayıtda
yaşıdım olan bir bina var,
Binəsi mən doğulan ili
qazılıb,
Alnının ortasına
1956 yazılıb.
Dər - divarında rüzgarın izləri,
Gecələr par - par yanır
pəncərə gözləri.
Harda olsam,
Harda yaşasam da yenə
O bina alın yazısından
bir köynək daha yaxındır mənə.
İki yol ayrıcında,
daş qüruruyla dayanıb
yaşıdım,
Elə bil arşın udub.
Bənnalar onun kərpiclərini
atıb - tutanda,
Anam da məni qucağında atıb - tutub.
Sumqayıtda
yaşıdım olan bir bina var,
üst mərtəbələri insan yuvası,
altında mağazalar,
bir də bir ovçu dükanı,
balaca.
İntihar fikrinə düşsəm,
silahı o dükandan alacam
Sumqayıtda
yaşıdım olan bir bina var,
Orta boylu,
qaraqabaq bir binadı.
Yer qaçmasa ayağının altından,
Olmasa özgə bir qəza - filan
bizdən tüstülü xatirələr
danışmaq sarıdan ümidim
təkcə onadı


PAYIZDA GETMİŞDİN

Yandırdı şövqün canımı, ey dərdə dərman, qandasan?
İmadəddin Nəsimi


Canımdan aralı deyildin axı,
Niyə uzaq düşdün, indi
hardasan?
Əl dəysə çağlayar,
dil dəysə sızlar
Ürəyim bir sarı simdi
hardasan?

Həsrətin qırmızı yəhərdə gəldi,
Qoparır sinəmdən ah harda gəldi.
Payızda getmişdin,
bahar da gəldi,
Yerinə durnalar döndü,
hardasan?

Başının üstündə ülkər mən idim,
Məhəbbət adlanan ölkən mən idim,
Həmdəmin,
əzizin,
kölgən mən idim,
Bəs indi yanında kimdi,
hardasan?

Dünənə ayna tut,
bax orda mənə,
Gör nələr elədin axırda mənə,
Gözündən dünyalar baxardı mənə,
Gözümdə dünyalar söndü,
hardasan?


SEVDİYİMƏ…

Saxta təbəssümdən, saxta gülüşdən
Yalançı dostluqdan könlüm bezəndə,
Kiminsə üzündə işıq gəzən tək
Sədaqət gəzəndə, vəfa gəzəndə
Başımı qoyaram sənin çiyninə.

Günahın alnımda qara damğası,
Əzabın üzümdə kölgələri var.
Çıxıram yollara, hər addımbaşı
İnamsız adamlar çıxar qarşıma,
Mənim günahımı bağışlamazlar,
Qayıdıb geriyə, qayıdıb yenə
Başımı qoyaram sənin çiyninə.

Soyuq baxışlardan üşüyüb gəlib,
Qaçıb, uzaqlaşıb, tövşüyüb gəlib,
Bulağın suyuna baxırmış kimi,
Çinarın boyuna baxırmış kimi,
Baxıb gözlərinin qaranlığına
Başımı qoyaram sənin çiyninə.

Tənha bir otaqda gəlib hər gecə
Kədər ürəyimə baş qoyar necə,
Beləcə, əzizim, mən də beləcə,
Başımı qoyaram sənin çiyninə.


GERÇƏKLİK

Ruzi dalınca qaçıram
hər səhər,
Qayıdıram
gecə keçəndə yarıdan.
Çörəklə imtahana çəkib
bizi gərdiş.
Artıq
unudulmaq üzrədir
mən sarıdan
sevmək sevilmək deyilən
mühümdən mühüm bir iş.


HARA APARIRSAN

Günəş güzgüsünü əlindən salıb,
Çiçəklər rəngini rəngindən alıb.
Şəhərə çıxmısan daş heykəllər də
Arxanca boylana –boylana qalıb,-
Hara aparırsan bu gözəlliyi?

Heyrətdən bir kəlmə danışan da yox,
Bu qəfil sükutla barışan da yox,
Kəsib qabağını soruşan da yox:
-Hara aparırsan bu gözəlliyi?

Şəhərə aydınlıq üzündən düşüb,
Sığallı xanımlar nazından düşüb,
Yanıqli-yanıqlı baxır kişilər,
Çoxunun arvadı gözündən düşüb,-
Hara aparırsan bu gözəlliyi?

Bu sevda başımdan sovuşan deyil,
Bu gözlər üzündən yığışan deyil,
Onsuz da heç yana sığışan deyil,-
Hara aparırsan bu gözəlliyi?


GEDİRSƏN

Gözəllərin bir yolu var,
O yolu tutub gedirsən.
Huşumu başımdan alıb,
Gözümdə bitib gedirsən.

Alışır yaxında nə var,
Bilmirəm ahımda nə var,
Oyadıb ruhumda nə var,
Könlümə yatıb gedirsən.

Papağı yandırdım günə,
Gəlmədin imana, dinə.
Qırmızı geyinib yenə
Qanıma batıb gedirsən.



ÖLƏN MİN DƏFƏ DİRİLİB

Mövlana Cəlaləddin Rumiyə

Gözündən itdim dünyanın,
Gözdən o yana
MƏN varam.
Ən birinci, ən sonuncu
İzdən o yana
MƏN varam.

Baxma qübbəsi qurulub,
Ölən min dəfə dirilib.
Üz gizlənməkçün verilib,
Üzdən o yana
MƏN varam.

Ruhumun binəsı yoxdu,
Duracaq xanəsi yoxdu,
Sözdən oyanası yoxdu,
Sözdən o yana
MƏN varam.


TƏRK EDİB GEDƏRDİM

Əlim çəkilsə də cavanlığımdan,
Yenə mən qocanı tər sinə çəkir.
Bizdən təbiətdə nişanə gəzsən,
Kömür mənə bənzər, qar sənə çəkir.

Açıq nişangahdı, qorunmaz sinəm,
Qor verər, özgədən qor ummaz sinəm.
Məni kül elədi ovunmaz sinəm,
Çəkmir o ahı ki, hər sinə çəkir.

Yazı gül - çiçəyə, qışı qara ver,
Haqsansa, haqq deyib başı dara ver,
Tör - töküntü dərdi naşılara ver,
Çəkilməz dərdləri nər sinə çəkir.

İçi qan çanağı, özü nağılsa,
Tüküm də tərpənməz dünya dağılsa.
Tərk edib gedərdim ağlıma qalsa,
Di gəl ki, ürəyim tərsinə çəkir.


SİZ TOR QURUN...

Gözlərimin nuru kimi azalır
Üzü qiblə,
sözü gerçək adamlar.
Hər görəndə bulandırır könlümü
Qaraniyyət,
qara milçək adamlar.

Söz danışdım,
qurnaz - qurnaz baxdılar,
Mən alışdım,
söyləndilər: baxtı var,
Sonda məni inamımdan yıxdılar,

Bu görəcək,
bu sürüncək adamlar.

Yalmanmağa ətək tapır, əl gəzir,
İşi düşdü,
şirin - şəkər dil gəzir,
Yaxşıların bağçasında gül gəzir,
Yamanlığa
hazır dibçək adamlar.

Çiynim dönsə,
əlinizdə daş oyaq,
Hərkəsənin öz yükü var, daşıyaq.
Siz tor qurun,
mən yol çəkim, yaşayaq,
Ay yarımçıq,
ay hörümçək adamlar.


BİR QARIŞQA BƏRKƏ DÜŞSƏ

Dolu döysə bir çəməni,
Mənim çiçəyim ordadı.
Külüng çalım, daşı yarım,
Mənim çörəyim ordadı.

Qaradı bəxtimin üzü,
Pozulmaz alnımdan yazı.
Tökülsün göylərin gözü,
Mənim fələyim ordadı.

İgid öndən tərkə düşsə,
Bir qarışqa bərkə düşsə,
Haqqa harda kölgə düşsə,
Mənim ürəyim ordadı.


CAN ŞİRİNDİ

Deyirdim cavan öləcəm,
Əlliyə çatdım, ölmədim.
Bir ömürdə neçə kərə
Günaha batdım...
ölmədim.

Gördüm həyatın üzünü,
Atdım odlara özümü,
Çəkdim halaldan gözümü,
Haramı tutdum...
ölmədim.

Tanıyınca bu dünyanı,
Soyudu qəlbimin qanı
Salmadım yada doğmanı,
Dostu unutdum...
ölmədim.

Cəlladın da var qorxusu,
Qaçır gözündən yuxusu.
Əllərimdə qan qoxusu,
Yıxılıb yatdım...
ölmədim.

Dümsüklədi tez ayılam...
Çıxartdı evdən bayıra
Can şirindi, Əzrayıla
Hamını satdım...
ölmədim.


YAŞIM ƏLLİNİ ÖTDÜ

Dustaqsan,
yolun olmaz,
Budaqsan,
gülün olmaz,
Ocaqsan,
dözəmmirəm,
Bir belə zülüm olmaz,
Yanma,
ürək,
yanma.

Löyün - löyün əsirsən,
Nə ərköyün əsirsən?!
Sən çıraq keçirməyə
Belə yeyin əsirsən?!
Danma,
külək,
danma.

Günlər qumdu, vaxt sumu,
Yuyub aparır qumu.
Yaşım əllini ötdü
Yazdığın yazı bumu?
Dinmə,
fələk,
dinmə.


DÜNYAYA NİFRƏTİM YOXDU

Yoruldum daha, İlahi,
Hərki - hərkidən, gedirəm.
Günüm,
ayım,
ilim bir - bir
Düşür hörgüdən, gedirəm.

Dizimdə
taqətim yoxdu,
Gözümdə
hiddətim yoxdu,
Dünyaya nifrətim yoxdu
Sənə sevgidən... gedirəm.

Qaldım bəxtin tərs üzüylə,
Görüşmədim gündüzüylə,
Aparır bir az özüylə
Məni hər gedən, gedirəm.

Nə balam var,
nə də balım,
Nə yaşılım,
nə də alım,
Bu fanidə niyə qalım?
Keçir körpüdən, gedirəm...

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG