Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:10

Anar Amin. Şeirlər


Anar Amin
Anar Amin
-

Anar AMİN

Əri olmayacaq nədən o qızın?

...Güllələr açıla yaralanasan,
damarında gəzən qəlpə görəsən...
Nə ola bir dəfə ölüb-dirilib,
başının üstündə türbə görəsən...

Kimdənsə, nəyisə umub, susuruq,
verməsə üstünə cumub-susuruq...
Elə ağzımızı yumub susuruq,
şeytan hardan girir qəlbə görəsən?...

Əri olmayacaq nədən o qızın?
Ruh Yaradanındı, bədən o qızın...
Yaxşı bax, yaxşı bax, gedən o qızın,
gələndə yanında körpə görərsən...

...Səndən, məndən qabaq körpələr olub,
səndən, məndən sonra körpələr oldu...
Bizim aramızda olan körpələr,
bizim aramızda körpülər oldu...

Doluya dəymədi boşlara dəyən:
başlardı daşlardan daşlara dəyən...
Elə zaman-zaman başlara dəyən,
zərbələr çevrilib türbələr oldu...

...Abırdan, ismətdən, həyadan öldü,
əlin üzdü kökdən, mayadan öldü...
Bir palıd yıxıldı qayadan öldü,
şahidi dərələr, təpələr oldu...


Ağaclar quşların görüş yeridi.

...Dərələr, təpələr, ağaclar, quşlar,
gördüyün o yerlər örüş yeridi.
Ağacda sevişmək quşların haqqı,
ağaclar quşların görüş yeridi.

Bu ömür yoludu bax kələ-kötür,
bu yolda gör yaxşı nə varsa götür...
Adamlar hər yanda bir-birin ötür,
dünyanın hər yeri yarış yeridi.

O kimdi, çağırdım səsə tərpəndi,
tərpəndi əlində əsa tərpəndi...
Elə bil alnımda nəsə tərpəndi,
deyəsən alnımda qırış, yerdi...


Niyə bu ölkədə hamı lal olub

...Alnım da açıqdı, üzüm də ağdı,
bə niyə qaradı günüm bilmirəm?...
Cismi şikəstlərin ruhları sağdı,
çatar sənə səsim, ünüm bilmirəm?...

Sönüb bu şamdanın şamı lal olub,
lal olub arzusu, kamı lal olub...
Niyə bu ölkədə hamı lal olub,
lal olum dinməyim, dinim bilmirəm?...

Gedim yoldaş tapım, gedim özümə,
yolu yol yoldaşı edim özümə...
Gedirəm, yaxşı yol dedim özümə,
yönüm hayanadı, yönüm bilmirəm?...

Yetmədim dadına, yetməyə dəyməz,
yetsəm də yaxşılıq etməyə dəyməz...
Bəlkə də irəli getməyə dəyməz,
qayıdıb geriyə dönüm bilmirəm?...


Mənim istedadım özüm boydadı...

... Qayıdıb geriyə dönə bilmədim,
yollara naz etdim, naz şeir yazdım...
Keçimmi, keçməyim önə bilmədim,
yazdıran yaz dedi, yaz şeir yazdım...

Varlığım yox oldu ölümdən keçdi,
yoxluğum var oldu zülümdən keçdi...
Nə qədər kitablar əlimdən keçdi,
çox kitab oxudum, az şeir yazdım...

...Üz-gözün cırsada, saçın yolmadı,
o getdi, bu gəldi dünya dolmadı...
Mənim yazdığlarım nasaz olmadı,
yazanda həmişə saz şeir yazdım...

...Bəlkə ölənəcən yazdığım yazı,
alnıma yazılan yazım boydadı...
Öz alın yazımı köçürdürəm mən,
gördüyüm qədərdi, gözüm boydadı...

Atalıq eyləyir sağır dərdlərə,
analıq eyləyib baxır dərdlərə...
Yüngül sevinclərə, ağır dərdlərə,
ürəyim dözürsə, dözüm boydadı...

Girməyin yuxuma yatın, yuxular,
yuxumun əlindən tutun, yıxılar...
Elə gördüyümüz bütün yuxular,
biz yoza bilməyən yozum boydadı...

Axı nə danışım, nə deyim yalan,
yalannan and içib, yediyim yalan...
Elə hey uydurub dediyim yalan,
üzümdən oxundu üzüm boydadı...

Azadlıq hansısa yaşımacandı,
məhkumluq gözümdən qaşımacandı...
Ağlım ayağımdan başımacandı,
mənim istedadım özüm boydadı...


Özümü misramdan asıb böyüdüm...

...İstedad azadlıq istədi hər gün,
özümü misramdan asıb böyüdüm...
Tapdanan haqqımı görməyim deyə,
əlimlə gözümü basıb böyüdüm...

Əlimdən aldılar qalan ümidi,
gözümə yaş kimi dolan ümidi...
Bu günə, dünənə olan ümidi,
lap srağagündən kəsib böyüdüm...

Göz yaşım içimə damıb küsmədim,
dünyadan gözümü yumub küsmədim...
Heç kimdən, heç nəyi umub küsmədim,
küsəndə özümdən küsüb böyüdüm...

Bunlar nə dərddilər, nə sərdilər ha,
baş aça bilmirik nə sirdilər ha...
Dinsəydim dilimi kəsərdilər ha,
dinmədim lal olub susub böyüdüm...

Dəydi bilmədiyim yüz bildiyimə,
başım bəla çəkdi söz bildiyimə...
Şükür Yaradanın öz bildiyinə,
mən varlı doğuldum, kasıb böyüdüm...


Bölüb ölkə-ölkə gəzdilər səni

...Uşağkən gözümdə çox böyük idi,
böyüdüm gözümdə kiçildi dünya...
Dünya yaranandan dünyada min yol,
əkildi, səpildi, biçildi dünya...

Dünyaya çıxmağa cəsarət etdi,
etmək istədiyin nəhayət etdi...
Kim idi ilk dəfə səyyahət etdi?-
səyyah addımıyla ölçüldü dünya...

Bölüb ölkə-ölkə gəzdilər səni,
atom yaratdılar üzdülər səni...
Elə tapdalayıb, əzdilər səni,
üstündən nə qədər keçildi dünya?!...

* * *

...Göyləri yaratdı havadan ötrü,
yeri də yaratdı davadan ötrü...
Günahkar Adəmdən, Həvvadan ötrü,
dünyalar içindən seçildi dünya...


* * *

...Dünyadan küsülü köçən kəslərin,
bəlkə o dünyada barışmağı var...
Yerdə ayrı-ayrı çıxan səslərin,
göydə bir-birinə qarışmağı var...

Xətrinə dəymişəm bəzən quşların,
quşlardı haqqını əzən quşların...
Bu gün Yer üzündə gəzən quşların,
sabah Göy üzündə yarışmağı var...

Yolçusu olmuşuq yol olanların,
ağası Odur, O , qul olanların...
Allah lal yaradıb lal olanların,
Allah hüzurunda danışmağı var...

* * *

...Varı yox eyləyən, yoxu var edib,
O mənim yolumu açıb gəlmişəm...
Doqquz ay dözmüşəm işıqdan ötrü,
qaranlıq bir yerdən qaçıb gəlmişəm...

Səhərin əlindən dan qurtarmışam...
Xəstəyə vermişəm, qan, qurtarmışam...
Atamın canından can qurtarmışam,
anamın canından keçib gəlmişəm...

Axtar, gəz ömrümün uzunluğunu:
tapsan, öz ömrümün uzunluğunu...
Mən ki, öz ömrümün uzunluğunu,
anamın bətnində ölçüb gəlmişəm...


Məmur qəbulunda, qapı dalında

...O ana bətnindən hələ dünyaya,
gəlməyən oğluma yazığım gəlir...
Qədir qiymətini ana bətninin,
bilməyən oğluma yazığım gəlir...

Həqiqətin hapı-gopu dalında,
iynələr görəcək sapı dalında...
Məmur qəbulunda, qapı dalında,
qalmayan oğluma yazığım gəlir...

Sevib almadığın boşayacaqsa,
sevməyib aldığın daşıyacaqsa...
Olub mənim kimi yaşayacaqsa,
olmayan oğluma yazığım gəlir...


Olmayan oğlumun anası kimdi?

...Olmayan oğlumun anası kimdi?-
olmayan oğlumun atasıyam mən...
Ataynan, ananın arasına qan,
salmayan oğlumun atasıyam mən...

Nə demək istəyir mənə nə demək,
min ildi susmuşdu-yenə nə demək?...
Ata, ana, baba, nənə nə demək?-
bilməyən oğlumun atasıyam mən...

...Gəlmədin yasına sən oğlum ölüb,
oğulsuz qalmışam mən oğlum ölüb...
Bəlkə bu vaxtdacan min oğlum ölüb,
ölməyən oğlumun atasıyam mən..
XS
SM
MD
LG