Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:11

Umud Rəhimoğlu. Şeirlər


-

YUXULARDA TAPDIĞIM GÖZƏL

Girər sıx meşələr yuxuma hər gün,
Bir gözəl hardansa məni haraylar.
Qalxıb yatağımdan söhbət edərəm,
Pəncərəm önündə ulduzla, ayla.

Çıxar gözəlliyin zirvəsinə o,
Səslər, o zirvəyə məni də səslər.
O yolu heç zaman qət etmək olmaz,
Utancaq ürəklə, soyuq nəfəslə.

Gecələr boylanar pəncərəmizdən,
Dindirsəm yox olar –
Mən elə yerimdə baxıb qalaram.
Uzun gecələrin nağılı bitməz,
Nağıllar qoynunda axıb qalaram.

Haraya gedirəm yadıma düşür,
Ürəyim çırpınır yaralı quş tək.
Nə tez öyrəşənmiş mənim gözlərim,
Nə tez vurulanmış köksümdə ürək.

Saçın ay nuru tək səpələr, gəzər,
Gül deyil torpaqdan qoparam onu.
O necə gözəlsə gözə görünməz,
Ancaq yuxularda taparam onu.


ULU SEVGİLƏR, ULU ÜRƏKLƏR

Ölüb unudulacağıq bir gün...
Qalsa, sevgilərimiz qalacaq,
Qalsa, ürəklərimiz qalacaq.

İnan mənə,
Atamın «itkin düşən şair» oğlu,
Yaddaşlardan başlıyan ölüm –
Ölümlərin ən ağırı, acısıdı.

İnan mənə,
Körpəciyimin anası,
Ulu olmayan hər sevginin sonunda
Ac bir ölüm gözlər mələk donunda.


Ulu sevgi ay işığı kimidir –
Üstünə düşəndə,
Tanrının ən çopur qayasını da
Bir sevgili qız kimi andırır bizə.

Ulu sevgi ulu ürəklərindi,
Ulu ürəklər də ulu sevgilərin.

Mən sevən bir gündən
Gözlərim gün işığına həsrət –
Özgə bir işıqdır
Əllərindən tutub getdiyim!

Ya bir payız axşamı,
Ya da bir qış axşamı –
Qara torpaq,
Sevginə düşənlərin
Yanıb sona yetəsidir ömrünün şamı.

Ancaq,
Ulu sevgilərlə yaşayan adam
Ulu ürəyini öləndən sonra
Aparmaz altına qara torpağın
Qoyar sevgisinin yanında, – gedər.

Yoxdu ulu sevgilərə ölüm deyilən şey –
Ulu ürəklərə də eləcə!


***

Keçər içimizdən bütün ölümlər –
Çiçək ölümü də, quş ölümü də...
Ölüm olan yerdə dərd var, zülüm var,
Hər dərddən, zülümdən sonra ölüm var!
Hər ölüm – bir itki,
Hər ölüm – bir dərd
Hər dərd
Ömrümüzün ölən parçası...
Ölümdən qaçası, dərddən qaçası
Ölənlə ölürük – təzələnirik
Doğulan körpəylə doğuluruq biz!
Hər körpə bir olan ömrün davamı,
Hər körpə təzəlik, təkrar doğuluş
Doğuluş ölümlə nəfəs-nəfəsə!
Nədənsə sevinnəm qurd doğanda da,
Qurdun ölümü də dərd olur nəsə.
Beləcə hər dərddən, ölümdən sonra
Xəbərsiz olarıq öz-özümüzdən.
Sıxar taleyimiz, sıxar baxtımız,
Qanlı köynəyini gözlərimizdən.
Yanağımız üstə gilələnər yaş,
Sönər qəlbimizin dərdi, kədəri.
Tükənsə göz yaşı ömür tükənər,
Göz yaşı qədərdi ömrün qədəri!


HAMIMIZ BİR ADAMIQ

Dünyanın yaşı – yaşımız,
Ən qədim daş baş daşımız.
Ölən – bacı qardaşımız...
Bir kökük, min bir budağıq.

Tanrının vaxtsız ölümü
Hamıya olan zülümü!
Öləndə, qardaş, külümü,
Ocağının başına yığ.

Bir yazıbdı tale yazan,
Yarıcanlı köçər insan.
Dərin qazma qəbir qazan,
Elə qaz ki, qəbirdən çıx.

Dərdim oldu özgə dərdi,
Mən unutdum o göyərdi
Ömür birdi, ölüm birdi
Biz hamımız bir adamıq!


***

Min ildi bu yol tanışdı,
Əvvəlim daş, sonum daşdı,
Dərdim dərdlərə qardaşdı,
Məndən olmaz yetim, yetim.

Bir qəribəm baxtım yoxdu,
Komam kasıb, taxtım yoxdu,
Ölməyə də vaxtım yoxdu,
Yoxdu ölüm – itim, itim.

Yarı haqqam, yarı nahaq,
Qocalmışam mən haqq-nahaq,
Çəkir məni qara torpaq,
Qayıdaram, – gedim, gedim.


QOCA QƏRİB

Qürbət bir ölkədə, yad bir şəhərdə,
Futbol meydanında axşam sərini,
Dərdiylə, qəmiylə qoşa oturub,
Oyuna baxırdı qoca bir qərib –
Dönüb öz ömrünə baxırmış kimi.

Topu qovurdular, hey qovurdular
Bu qapıdan o qapıya,
O qapıdan, bu qapıya,
Qoca qovulurdu xatirələrdə.

Xəbəri yoxuydu oyunçuların,
İnsafı yoxuydu oyunçuların,
Cəllad baltasıydı ayaqlar o dəm!

Qovrula, qovrula xatirələrdə
Yaralı quş kimi inləyən qoca
Meydanda qovulan, qovrulan topun
Ağrısını çəkirdi hər zərbədən sonra.

Aman, zalım ehtiyac...
Ehtiyac gələndə top olur adam,
Qovulur qapılardan qapılara.

Aman, qürbət ölkə, aman, yad şəhər,
Lüt bir qoz ağacına
Yurdun yetimi də selbə atanda
Hərlənib, hərlənib qəribə dəyər.

Aldada bilməzsən məni, tanrım,
Gördüm o axşam
Necə böyüyürdü qəribin dərdi,
Necə kiçilirdi qəribin özü
Necə çoxalırdı gözlərin yaşı.

Gecə də yoruldu, mən də yoruldum...
Dərd dəli külək tək, qərib yarpaq tək,
Yatan yad şəhərin küçələrində
Yorulmaq bilmədi səhər olunca.

Külək qəriblərin dərdiymiş demə,
Demə qəribiymiş sarı yarpaqlar!

Dərd dərdi tanıyır deyərdi bir vaxt,
Anam, ay ağ saçlı anam,
Qocanın dərdini tanıdı dərdim.

Dərdi hal əhli bilər,
Dərd var dərya da udmaz.
Qürbətdə qərib ahı,
Tutmaz, heç kimi tutmaz!

***

Bir üzüm tanrıya sarı,
Bir üzüm qəlbimdəki ağrıya sarı...
Şairlər deyir ki, dərd yaxşı şeydi,
Dərd ara verəndə olur dərdyarı.

Qayıdım bu yoldan, necə qayıdım?
Qorxuram yollara yenə dərd yağa.
Qayıdıb bu yoldan baş qoyacağam,
Babam Mirzə oğlu yatan torpağa.

Elə həmən yerdə bir şeir yazıb
O anı yadımda saxlayacağam.
Sonra da, sonra da göz yaşlarımla,
Mən öz günahımı yuyurmuş kimi –
Köhnə şeirlərimi ağlayacağam.

Qayıdıb, hər şeydən qayıdıb –
Qayıdım gecənin sevgilərindən.
Qayıdım gündüzün qış yuxusundan
Qayıdım ütülmüş cığırdan, izdən
Qayıdım bir azca sığallı sözdən –
Qayıdım atamın oğlu kimi mən.

Özümə oxşayan şeirlər yazım,
Yazım ilk şerimi torpaq rəngində –
Atama oxşasın!

Və sonra
Anamın ağappaq telləri rəngdə
Anamın heç zaman sığal görməyən
Çörəyə oxşayan əlləri rəngdə
Şeirlər yazım.

Üzümə, gözümə çıxan şeirlər
Sevdiyim gözəlin gözü tək duru
Ürəkdən-ürəyə axan şeirlər
Özümə oxşayan şeirlər yazım.


AYAQQABI

Həmişə ayaqlarda oldun –
Düşdün ayaqlara yaranan gündən.
Ayaqlarda ötdü ömrün,
Ayaqlarda bitdi ömrün.

Hər şeydən yaxın oldun torpağa
Gündə neçə dəfə
Ağız-ağıza görüşdün,
Dodaq-dodağa öpüşdün.
Bir az da razı qaldın
beləcə yaxınlıqdan.
Ancaq dostum bir şey də var ki,
Gərək unutmayasan ayaqlarda olduğunu!

Sığal səkdilər sənə,
Tumar çəkdilər sənə,
xoşhal oldun bəzi qadınlar kimi.
Dondan-dona düşdün
Oxşandın neçə-neçə çəkməçinin
barmaqları arasında.

Ayaqlarda evlərin dəhlizlərinədək
gətirərlər səni
Fəqət evə buraxmazlar.
İçəri dəvət olunmayan
qonaq kimi.

Qapının ağzında qalarsan
Beləcə günlər ötüşər,
Ayaqlarda itər ömrün
Ayaqlarda bitər ömrün
Yazıq..!


NAZ EYLƏDİ

(Zarafatyana)

Dili yansın bu qızların,
Bir kəlməni yüz eylədi.
Hər kim sevdi söz olmadı,
Mən sevəndə söz eylədi.

Adım gəzdi dodaqlarda,
Obalarda, oymaqlarda,
Məni görcək uşaqlar da
Bir-birinə göz eylədi.

Kəndə çıxdım axşam üstü,
Yolu kəsdi, duman, tüstü,
Görüşmədim o qız küsdü,
Görüşəndə naz eylədi.
XS
SM
MD
LG