Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:38

Nərmin Hüseynzadə. Şeirlər


Nərmin Hüseynzadə. Bircə sən, Əsmər
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00
Direct-ə keçid

Nərmin Hüseynzadə. Bircə sən, Əsmər

-

***


Və bu lənətə gəlmiş 19 yaşım
o qədər yaxındakı keçmiş
o qədər əlçatan ki...
məni solaxay olmağa qoymayan
müəllimimin
əlimə vurduğu ilk şilləni belə unutmamaqdayam
saat çıqqıltısını keç,
maşın səsini unut
üzdə dayanan, tez-tez gözümə sataşan
gömgöy damarlarımdan axan
qırmızı qanımın səsindən belə
sıxılmaqdadı ürəyim, batmaqdadı qulaqlarım
və bu lənətə gəlmiş 19 yaşım
o qədər yaxındakı keçmiş
o qədər əlçatan ki
unutmamaqdayam beş yaşımda
arxamca düşən boz köpəyi
üzümə daş kimi dəyən ilk kötəyi
eşitdiyim ilk söyüşü
...unutmamaqdayam
Və o qədər yaxın ki, o qədər əlçatan ki keçmiş...


***


Bir də baxıb görəm ki
Yayda küləyinə möhtac olduğum sərinkeş
Öz-özünə fırlanır eyvanda
Üzü küçəyə sarı
Üzü adamlara, küləyə sarı
Üşüyürəm, ana
Yaman soyuyub havalar burda
Qulağın radionu, gözün xəbərləri izləyir, bilirəm
Bütün qəzalardan,
Bütün partlayışlardan,
Bütün yağacaq yağışların proqnozlarından sonra
Gələn telefon zənginin sən olduğunu yaxşı bilirəm
Narahat olma, ana, yaxşıyam,
Hər şeyə rəğmən, yaxşıyam...


***


Siqaret iyi gələn qadın,
Bilirəm, bədbəxtsən
Kişilər yatağa canını qoyur deyən
adam,
Bilirəm, tənhasan
Gedirsənsə əgər
Həm də getdiyin yer çox yaxındadırsa,
Qayıtmaq ehtimalın yox demək
Insanları yalnız uzaqlıqlar birləşdirir
Əlini-qolunu ölçüb danışan kişi,
Bilirəm borclusan dostuna
Sümüyə dirənib bıçaq
ama eybi yox, sənin qadınından siqaret iyi gəlməz
əsas olan bu
Boş ver pulu, boş ver dostu


***


(Kəmaləyə)

Heç getməkdə də fayda yoxdu, dostum
burax getməyin ətəyini
Qal!
inan mənə, heç sevməkdə də fayda
yoxdu
burax sevginin ətəyini
yaşa!
ürəkli ol dostum, ürəkli ol!
unut yeməyi sobada
udma boğazındakı tüstünü
üfür çölə
bax, belə...
bil ki, getməyin bədəli daha ağır
asta-asta
addım-addım gələni
ürəkli ol,möhkəm çağır
bacardıqca ucadan bağır, bağır...


İrana səfər edən dostum Sadiqə mesaj...

Ordakı yalançı şeyxlərin üzünə tüpür, dostum,
tüpür üzlərinə mənim əvəzimə
vur onları...
sənin qaldığın yerdəki qadınların
niqabı qədər rəngliyəm indi
elə onlar qədər qarayam
qaradı qanım
oralar ölümə daha yaxın
nə deyirlər, nə danışırlar axirətdən,
gəlibmi, yetişibmi zamanı?
yoxsa hələ...
Sən bilərsən
kədərlidimi Arazın o tayından baxmaq
ya boşuna yazılıb bunca şeir?
toxuna bildinmi tikanlı məftillərə
qanatdımı əllərini
yoxsa o da yalan?...
keçmışə qayıtmaqdan qorxmadan
necə getdin,
mənə uzaqlardan məktub yazan adam?!
indi ordakı təqvimdə 1390
bizdə ötmüş iki mini
eheeeey, keçmişin keçmişi,
tüpür ordakı silahlara
sarıl çocuqlara
bir də ki
Sən de o niqablı qadınlara,
de ki...


* * *


Bircə Sən, Əsmər...
Sevdiklərim nə zamansa
kitaba dönəcəklər rəfimdə
cəmi bir kitab qədər iz qoyacaqlar həyatımda
elə dostlarım da.
bircə Sən, Əsmər, bircə Sən...
biraz danış, Əsmər,
susma
darıxıram.
çək qara bəbəklərini kitab rəfindəki tozdan
şikayətlənmə otağımın tör-töküntüsündən
qaldırma yerdən paltarları
hoppanma da üstündən
ayaqla, keç.
susma
Sən susanda darıxıram
“biz Ahmet Kaya cocuqlarıyız” deyib
üsyan edən dostumdan
hüzünlü məktub aldım
gecədən bir az keçmiş
köhnə şəkillərə baxaraq üzüldüyünü yazıb
mənə..
xəstə və yorğun halda
siqaretə söykəmişəm çənəmi
Sənsə susqunluğunla
qorxudursan məni
evimizdəki sükut
evimizdəki
anasızlıq, atasızlıq
bəzən yorur məni...
dostlarım məni atıb, Əsmər,
darıxıram
heç olmasa Sən danış...
danış lütfən
susdur bu əclaf səssizliyi...
bilirəm,
sevdiklərim nə zamansa
kitaba dönəcəklər rəfimdə
cəmi bir kitab qədər iz qoyacaqlar həyatımda
elə dostlarım da
bircə Sən, Əsmər, bircə Sən...


* * *


Getdin, soyudu havalar
yağışlar yağdı...
getdin, öldü qonşumun kiçik qızı
dəm qazından boğuldu.
mən də hər gecə boğuluram, Adilə,
hər gecə...
hardasan?
dəyişməyib buralarda heç nə
mən yenə gecəylə gündüzü qarışdırıram
həmişəki kimi yuxusuz və yorğunam
həmişəki qədər
günahkaram, Adilə!
dəyişməyib heç nə
anam xəstədi yenə...
sən gedən gün bəyaz güllər qoymuşdum
güldanıma
bu gün baxdım, qocalıblar...
yetmiş yaşa gəliblər, Adilə,
qırış-qırışdı üzləri
solğundular
dəftərindəki uzun saçlı qız rəsmini
xatırlayıram tez-tez
üzülürəm, Adilə...
hardasan?
sən getdin dəyişmədi heç nə
buralarda
həmişəki qədər yuxusuz və yorğunam
həmişəki qədər günahkaram, Adilə...


***


Yenə dünyanın sonu haqda xəbərlər dolaşır
daşqınlar, sellər, zəlzələlər...
yenə səhərlər açılır
anamın telefon zəngiylə
yorğun səsiylə
“səhər açıldı, günəş çıxdı, dur” müjdəsiylə
yenə qırmızı sabundan
ağ köpüklər çıxır…
bir qurtum qaynar çay
dəyişir bir andaca əhvalımı
yandıra-yandıra, cıza-cıza,
ağrıda-ağrıda canımı.
Nitsşenin şəklini asmışam otağımda
mənə bir hadisəni xatırladır bığları
gülməlidi…
bəlkə də elə bundadı
filosof ola bilmənin sirri
nədənsə, tanıdığım bütün filosoflar
bığlı kişilərdi.
mən çox şey bilirəm.
əminəm ki, bığlı olsaydım,
həm də kişi olsaydım
mütləq filosof olacaqdım
amma nəyimə lazım?
nə necə yarandı, yoxdan var olan nə,
vardan yox olan kim?
bu deyil əsas məsələ
əsas olan qırmızı sabundan ağ köpüklərin
çıxması da deyil
bilmirəm nədi əsas olan…
bütün “bilmirəmlər”isə, bütün heçlərisə
bütün var olmayanlarısa
yenə o bığlı kişilər bilər, mənə nə?!...


Sevimli dovşanıma...

Bilirəm məndən əvvəl öləcəksən
Itgilərə dözümüm yox
Insana çevrilmisən evimizdə
Səninlə adam dilində danışıram
əzizləyirəm uşaq əzizlərmişcəsinə
gülümsəyirəm iki ayaq üstə durub
yemək bəkləyişinə
Kədərlənirəm baxışlarından
Bilmirəm dilini
Bilmirəm nə istədiyini
Acmısan, toxmusan
Susuzmusan
Mən qərar verirəm əvəzinə
Özüm azadlıq dəlisiykən
Gömmüşəm səni qəfəslərə
Yeməyini bol, yerini geniş etsəm
Bağışlarsanmı məni?.
Necə məsumsan,
Necə sevimlisən,
Necə sevilirsən bir bilsən.
Bilirəm darıxırsan təklikdən
Bezirsən insanlardan
Bağışla ki, səninlə qatıram başlarını qonşu cocuqların
Bağışla ki, sənə danışıram bütün olanları
Çünki
Susaraq dinləməyi bacaran
Yeganə varlığımsan
Bağışla ki səni insanlara məhkum etmişəm
Bağışla ki mən də bir insanam...


***

Nazim əfəndim, şair əfəndim…

Heç insan kimi də yaşaya bilmirəm,
Nazim əfəndi
nəinki sincab...
təklik qədər kədərli heç nə yoxdu
deyirsən
var, şair əfəndim, var...
Asta asta nəfəs almaq var,
Boğulmaq var,
birdə ki bir hiss var sinədən yuxarı
təklikdən daha kədərli
Rədd olmaq duyğusu var rədd olunmaq...
mənim yaşadığım yerdə yaşamaq şakaya gələr,
Nazim əfəndim
mənim yaşadığım yerdə
üzünü görmədiyi insanların
ölmünə kədərlənməz heç kimsə
bu ölkədə ancaq qardaşlar bacılar, əmilər atalar ölər
hə Nazim əfəndim
Atalar da ölər.
müqəddəs analar da ölər
sevgililər, dostlar
hamı ölər
ölər hamı...
kədərə bürünüb yatır insanlar
yorğan əvəzi
İnan mənə, Nazim əfəndi
o qədər qalın ki kədərləri
üşütməz onları
nə qarlı, nə boranlı
qış gecələri
heç insan kimi də yaşaya bilmirəm
Nazim əfəndim...
İnsan kimi…

***

Gecə kədərə hamilədi yenə
Hava küləyə
Qorxulu yuxu görmək istəyirəm.
Qaranlıq üzlər,
vahiməli səslər sarıb ətrafımı.
Uğultular, qışqırıqlar zorlayır
sol qulağımı...
göy qurşağıdır bədənim
damarlarım göy, qanım qırmızı...
bütün yazammadığım şeirlərə
hamiləyəm bu gecə
qorxulu yuxular görmək istəyirəm
qaranlıq üzlər,
vahiməli səslər sarıb ətrafımı.
Uğultular, qışqırıqlar zorlayır
Sağ qulağımı
Dünən dünyasını dəyişdi
Qonşumun, ana olan qadını

***

Kimsə möhkəmcə sayır
Burnunu dirəyib burnuma
1
2
3
4
5
........

***

Balasını
qara maşının rezin təkərinə dolayaraq
cəzalandıracaq tanrı.
Hər gün hündür qaladan hoppanıb
intihara cəhd edən bu ana pişiyi.

***

Dünyanın ən gözəl qadını
Ölür indi
Kədərlidi ölüm.
Bütün bəstələnməyən musiqiləri
ərmağan edirəm ona
qutlayıram ölümünü...
yağışlıdı hava
üşüyür qadınlar
əlləri soyuq, ürəkləri buz.
yazın təqvimin bu gününü
ovcunuza
Dünyanın ən gözəl qadını
ən gözəli...
Ölür...

***

(Yeganəyə)

Xaç atalarının olmadığı yerlərdə
Yad əlifbalar, yad dillər olmalı
Yad dillər olmalı, yad hissləri…
Sənə də, mənə də yad olan insanlara
Anlatmamağa
Yad dillər olmalı
Olmalı yad dillər…
Gözünü bağla, dostum
Yum gözünü
Ağlama
Nə qədər ki gündüzlər alacaq gecələri əlindən
Darıxacaqsan
Anlayacaqsan şair kimi yaşamağın
İnsan kimi yaşamaqdan çətin olduğunu
Anlaycaqsan kədərin gözlərdə yox
əllərdə olduğunu
yum əlini
Gülümsə kədərin acığına…
Qaldırma boş yerə əlini göyə
Toxuna bilməyəcəksən üfüqünə
Nə qədər hündürə qalxsan da
Toxuna bilməyəcəksən
Dumanın ətəyinə
Yum əlini
Ağlatma kədər rəngli buludları
Qoy dolub qalsın
Gözünü açsan da olar
Amma əlini yum…

***

Sən bilmirsən
Evliliyin bir gecədən ibarət olduğunu
Düşünən oğlanlar,
Xoşbəxtliyin həmin gecədən
Qanlı çıxmaq olduğunu
Düşünən qızlar var burda.
Burda, yanımda…
Bilmirsən.
Bilmirsən əslində,
İnsan yazmayanda şair olur
Ağlamayanda, ağlaya bilməyəndə
Azad qadın olur
Azad qadın heykəli olur.
İnsan çoxlu güləndə
Səbəbsiz ağlayanda
Qaranlıqda güzgüyə baxanda yox
Fikirlərini qusduğu vərəqi
Büküb atanda
Dəli olur
Sən bilmirsən…
İnsanlar hündürmərtəbəli binanın
sonuncu pilləsindən
mənə Allah kimi baxanda
Daha bədbəxt olur.
Allahın qonşuluğunda
yaşadığını düşünən insanlar
onun qəzəbinə
daha tez tutulur.
Mənə bildiklərini danış!
XS
SM
MD
LG