Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:52

Aliq Nağıoğlu "Tırıq" (Hekayə)


-

Bu il oktyabr ayının sonuna kimi havalar günəşli və isti keçdi, əslində avqustun axırından başlayan, sentyabr da daxil olmaqla qısa fasilələrlə ara verməklə yağan yağış uzun yayın qızmar istisindən sinəsi şilimlənmiş torpağı əkib- becərmək üçün münbit hala gətirmişdi. Bu, bəlkə Allahın mərhəmətindəndi ki, kəndlilər məhərrəm ayına kimi rahatlıqla əkini başa çatdıra, eyni zamanda xeyir işlərini də görə biləcəkdilər.
Belə gözəl günlərin birində şəhərdə yaşayan bibioğlu səhər- səhər zəng edib xatırlatdı ki, bu gün günorta vaxtı kənddən nişanladığı oğlu üçün paltar aparacaq. Əslində bizim tərəflərdə ayrıca paltar aparmaq kimi adət çoxdan yığışılıbdı, amma nəzərə alsaq ki, bibioğlunun da, elə mənim də doğulub boya- başa çatdığımız kənddə belə gözlənilməz qərarlar adidən adidir, heç təəccüblənmədim. Nə olsun ki, bibioğlu iyirmi ildi bu kənddən böyük şəhərə gedib, mən də qonşu kənddə ev- eşik salmışam, kökümüzü dana bilmərik. Odur ki, yolu aldım əlimə, deyilən vədə onlarda oldum. Həyətdəki hündür dəmir çardağın altında lak stullarda oturan çoxdan görmədiyim qohum- qonşu, tanımadığım qonaqlarla görüşüb, bibioğlunun xeyr işini məxsusi təbrik etdim, yanında əyləşəndə ağızucu “deyəsən, bircə hacı gözümə dəymədi” dedim. Hamının hacı kimi tanıdığı adam onun qudası idi, həm də çox imkanlı sayılırdı. “Qız evində olacaq, mənnən quda olmamışdan, təzə qohumumun əvlətidir”,- əlüstü izahat verdi.
Bir azdan üçlük- klarnetçi, qarmonçalan, nağaraçı- öz maşınlarında gəldi. “ Kənddə yeddisi çıxmayan hüzür var, bir- iki hava burda, bir- iki hava qohumun həyətində, səs çıxardacaqlar”,- qulağıma pıçıldadı. Çalğıçılar onlara ayrılan yerdə əyləşib hazır çaydan içdilər. Sonra alətlərini çıxarıb nizamladılar. Çaldılar, qız- gəlin qol götürüb oynadı.
Yenə üçlük maşına minib qız evinə getdi, biz də öndə kişilər olmaqla, arxamızca gəlin- qız düzənləndik yola. Həyətdə bizi bibioğlunun təzə qohumu başının dəstəsi ilə qarşılayıb görüşdü. Çalğıçılar burda da çalmağa başlayanadək biz ağacların altında kölgəlikdə düzülmüş stolların arxasına keçdik. İki tərəfdən iyirmi beş- otuz kişi ancaq olardı. Stolun üstünə şirin sular, meyvə, salatlar düzülmüşdü. Yeməyə plov verilirdi, üstündə toyuq ləvəngisi ilə. Məclis yaddaşlara köçdükcə hər kəs bir- iki kəlmə ilə xeyir- dua səsləndirirdi. Bu arada bibioğlunun imkanlı qohumu da gəlib çıxdı. Dəbdə olan kostyum geymiş arıq, amma qıvraq adam idi, heç kimə məhəl qoymadan bir tərəfdə qıraqdan oturdu. Deməyəsən məndən başqa hər kəs xasiyyətinə bələdmiş: pəhriz saxladığı üçün xeyir- şərdə ancaq çay içərmiş, başqa heç nə dilinə vurmazmış. İlin çox hissəsini şəhərdə olurdu, amma rayonda biznes şəbəkəsi qurduğundan tez- tez gəl- get edirdi.
Doğrudan da aman çəkmədi ona pürrəng çay gəldi. İsti çaydan bir qurtum ağzına alıb:
– Camaat, ölülərimizin uyuduğu yerə heyvan buraxırlar,- deyə sağ əlini tez- tez boynunun ardına çəkə- çəkə məclisin cakitliyini pozdu.- O heyvanlar da, süfrədən iraq, qəbirlərin üstünü bulayır. Bu gün qəbiristanlığa getmişdim, yanımda qonaq da vardı, xəcalətimdən öldüm, əridim. Düz navesin altında, üç- dörd yerdə çürük diş kimi mal tırığı qaralır: köhnə də, təzə də. Yağışlar tez düşdü, payız bu il yaxşıdır, hər tərəfdə ot əmələ gəlib, belə bir vaxtda heyvanı aparıb qəbir yerinə hörükləmək nə deməkdir?. Niyə dinmirsiniz, axı hər birinizin ölüləri orda yatır…- Yeməklər yeyilib qurtarmaq üzrə idi.
– Hacı, həmkəndlilərim, məlumunuz olsun ki, mən qara inəyimi düz bir ildir satmışam, – deyə Tank Əli bir əli tüklü üzündə, salfetkalı əli havada xırıldaya- xırıldaya başladı,- yerinə də fağır bir inək almışam, sarı alalardandı, uşaq da altına girir. Düzü, qara inəknən bacarammırdım, başıva dönüm hacı, abrım- həyam getmişdi, naxırdan gələndə ora- bura dönürdü. Pis heyvan pis adamdan betərdir. Amma sən düz buyurursan ki, ora hər gün mal buraxırlar, demək- danışmaq da olmur…
– Niyə olmur, gözünüzün qabağında mən danışmıram, sən də dediklərimi təsdiqlədin. Ay camaat, bəlkə hansı birinizinsə etirazı var? Tank Əli də, adaşı Poçt Əli də, hələ başqaları da qəbiristanlıqla qonşudur. Mən bir hacı kimi söz verirəm, o adamlar hər kimdirsə, onları nə təhər lazımdır əzişdirin, qalan məsələlər mənlikdir-, axırıncı sözləri deyəndə çönüb mənə baxdı, salamlaşırmış kimi başını aşağı- yuxarı tərpətdi. – Belə biabırçılıq olmaz axı, bayaq qonaq müəllimə deməyə söz tapmadım.
– O adamları hər kəs tanıyır, hacı, türbə ilə qonşu olan da, olmayan da, amma niyə, timsal, mən deməliyəm, ya da adaşım?- Poçt Əli, yekə qarnını hər iki əli ilə sığallaya- sığallaya astadan hücuma keçdi.- Axşamçağı beşdən sonra ora fırlanın, həmin şəxsləri özünüz görəcəksiniz. O gün biri mənə deyir ki, səni kim məcbur eləmişdi ölüyü bura basdırasan, nə qədər gec deyil, get çıxart. Amma hörmətli hacının yenə sözündən çıxmazdım, baş qatardım bu işə, di gəl ki, ayın axırıdır, səhərdən pensiya paylayacam, üç para kənddir, hardasa beş gün cəkəcək…
– Hacı, o getdiyin yol haqqı, adaşım düz buyurur, çün o adam bu sözləri mənə də deyib. İddia eliyir ki, türbə yeri babamın yurd yeridir, indi hər kəs haqqına yiyə durduğu zamandır, mən də gec- tez torpağımıza sahib duracam, onun davası bu oldu ki, həmin yerə ölülərinizi basdırmayın. Fikir verin, görün həmin əraziyə məndən başqa ölüsünü salan var?- Tank Əli soruşdu.
– O adam kimdisə çəpərlənmiş bu yerin bir kvadrat metrinə də yaxın düşə bilməz, bekara qara- qışqırıq salmasın, onu qoduqluqda çürüdərəm, amma o adamın kimliyini mən bilmirəm. Bu qədər camaatın içində, Əli kişi, açıqla, qoy hamı bilsin. Nədən üz gizlədirsən?- imkanlı hacı israrla soruşdu.
– Vallah mən tankımla Laçından belə fırlanmışam, adım gələndə ermənilər zağ- zağ əsirdi, tanklarını atıb pərən- pərən olurdu, mərhum prezidentlə də şəklim var, amma üz vurma, nurlu insan, bu oğraşdığı mən götürə bilmərəm.
– Canım- gözüm, haqq söz demək nə vaxtdan oğraşlıq olub, sabah o inəklər mənim də, sənin də, onun da ölülərinin qəbrinin üstünə oturacaq. Bəs onda biz durub tamaşa edəcəyik?!- yenə hacı boyun damarlarını şaqqıldatdı.
– İndi guya bulamır, hansımız tərpənirik ki?- kəndin ağsaqqalı Hacı Absəməd ən nəhayət dilə gəldi.- Mən də eşitmişəm ki, o yaramazlar üç- dörd həyasızdır, kənd onlarla bacarmır.
– Ay ağsaqqal, gözəl insan, mən o adamları tanımıram, bu məclisdən birbəbir adlarını çək, hamı eşitsin, biz də işimizi bilək. Qonaq müəllim ölkəmizin sayılan adamıdır, həm də yerlimizdir, nankoru cəzalandırmaqda bizə kömək edəcək.
– Onları kəndin kişisi də, türkün məsəli, dişisi də tanıyır, mən niyə adlarını çəkməliyəm…- Absəməd kişi dərhal da geri çəkildi.- Sən ilanı özgə əli ilə tutmaq istəyirsən…Bu əsnada kəndin başqa ağsaqqalları, hacıları ilə oturub əməlli- başlı tədbir tökmək lazımdır…
– Əşşi kəndi bu günə qoyan elə olardı də… Bir də indi ilanı seyid Əhməd əli ilə tutmurlar, dövran dəyişib, təzə üsullar var,- kimsə yerindən söz atdı.
– Sən haçannan kişi olubsan əə, badımcan əkməknən deyil eyy, əskəri niyə getmədin. Lülkəli motosikletnən gündə filan kilometr yol yortursan, hesabnan sənin şeyin böyrəklərinlə birgə çoxdan çürüməliydi… Üsul icad edənə bax, sən Allah…- bir- iki adam irişsə də, ağsaqqalın sözünün başına ip salan oldu.
– Ətraf kəndlərin yarısı bu gündədir, qabaqkı zaman deyil ki, indi bir dənə uşağı olan ölür- dirilir, əziz- giramısını saxlatdırır. Amma fərq də elə böyük deyil. Siz, ağsaqqal, milyonçu qardaşınızın oğlunun pulu ilə həcc ziyarətinə getdiniz, peyğəmbərimiz qoyan qaydanı pozdunuz, başqası tərəfindən göndərildiniz, hamıya da bəllidir ki, onun qazandığı pullar halal deyil.
– Hər halda, gör nə təhər yerdir ki, bütün rayon əhli ora girmək üçün dəridən- qabıqdan çıxır, amma ən çox barınanı sizsiniz. Belə- belə edirsiniz, xeyir- şərdən ağsaqqallar ayağını çəkir. Qarğınmışlar!
– Söhbəti çox uzadıb, bir- birimizin qəlbinə dəyməyək, necə deyərlər: yanan da siz, yaman da siz. Mən təklif edirəm,- hacı arıq boynunu sağa- sola fırlayıb yenə şaqqıldatdı,- bir vedrə mal tırığını dediyiniz həmin o adamın dədəsinin qəbrinin üstünə axıdaq. Murdarlanandan sonra həmin adam biabır olacaq, kəndə çıxmağa üzü olmayacaq, görərsiz, uşaq da, böyük də, lap elə zənən də bu məlunu tanıyacaq, hər kəs ölüsünə- dirisinə lənət yağdıracaq. Danışığımz da elə burda qalacaq, kişi kimi, baax, burdakı söhbəti də deyib- danışanın yeddiarxa dönəninin goruna həmən malların tırığı olsun! Kim bu işi görə bilər?
Araya ölücü sükut çökdü. Başlar aşağı dikilmişdi. Hacı cib telefonunu mizin üstündə fırlada- fırlada bir- bir onların sifətinə baxırdı. Yenə özü davam elədi:
– Camaat, insafən hər işdə bir zəhmət haqqı olmalıdır. Başa düşürəm, ona görə bu iş üçün də üç yüz dollar,- əlini pencəyinin döş cibinə saldı,- ayırmışam. Elə bilirəm az deyil, amma çox da deyil.- Dollarları tək- tək ayırıb, üst- üstə qoydu. Oturanların nəzərləri indi də şax yüzlüklərə dikilmişdi.
– Hacı, sənə qurban, sözü qabardanda, mən sizə ilk dəstək oldum, hələ də o fikrimdən daşınmamışam. Həm də bir təcrübəli köhnə döyüşçü kimi, öz tankımla müharibə gedən yerləri qarış- qarış gəzmişəm, amma tədbir tökməkdə, müdriklikdə sizin kimi şəxsə rast gəlməmişəm. Sizdən böyük sərkərdə olardı. Sizinlə torpaqlarımızı azad etmək olardı. Əgər məsləhət bilsəniz, nökəriniz bu qəliz işi də öhdəsinə götürərdi…- Tank Əli aramla, asta- asta danışırdı. Başlar dik tutulmuşdu, cavaba susamış nəzərlər hacıya dikilmişdi. Təkcə Poçt Əli yerində qurcunurdu:
– Həmişəki kimi ikinci dəstək məndən gəlir, hacı, balalarım sənə qurban, poçtda çətinliyim olanda həmişə dadıma çatmısan, ona görə qıraqda qalmayacam. Adaşım mənim gücümə bələddir.
Canlanma olsa da danışan olmadı. Birdən kəndin ağsaqqalı hacı Absəmədin sifəti işıqlandı:
– Ayın axırıdır, Əli, sənin işin çox olacaq, pensiyaları paylayacaqsan, qoyginən Tank Əli rahat işini görsün.
– Hacı əmi, mən nəkarəyəm sənin sözündən çıxam. Böyüyümsən!
– Deməli, belə camaat, razılaşdıq, yoluna qoyduq, – dedi və şax yüzlükləri Tank Əliyə uzatdı.- Bu dəfə gecdir, yadıma salarsan, üzümüzə gələn ili, səni həccə göndərərəm.
Oğlan evinin adamları ayağa durdu. Adət etmədiyim söhbətdən karıxsam da qalxdım. Deyəsən dağılışmaq vaxtı idi. Bayaqdan təzə qohumu ilə xısın- xısın söhbətləşən bibioğlu da dikəlib növbəti siqareti yandırdı.
– Dayıoğlunu kəndə kimi maşına götürə bilərəm, qohum, yolum o tərəfədir, sizin obada ala qarğa bala çıxartmaz, bu fağır canını o vaxtı yaxşı götürüb buralardan qaçdı,- gülə- gülə mənə baxıb göz vurdu.
Mən bibioğlu ilə sağolllaşıb kölgəlikdə dayanan qara “ Lexus GX 470”-ə mindim. Maşın təzə salınmış asfalt yola çıxana kimi bibioğlunun qudası cib telefonu ilə naməlum adama hesabat verirmiş kimi:
– Onsuz ötüşmədi, qadan alım, -dedi,- boş şeydir, yoluna qoydum. Etibarlı adamdır.
Telefonu söndürüb pencəyinin yan cibinə atdı . Arıq boynunu aşağı- yuxarı tərpədib şaqqıldatdı, döngədə sağa burulub gözlənilmədən maşının sürətini artırdı.

Kult.az
XS
SM
MD
LG