Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:39

Son illər Bakının abadlaşmasına 800 milyon manat ayrılıb


Bakı
Bakı
-
Bakının abadlaşmasına daha 20 milyon manat ayrıldı. Sentyabrın 5-də prezidentin verdiyi sərəncamda həmin vəsaitin yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün nəzərdə tutulduğu qeyd edilir.

Ancaq bu pulun hansı işlərə xərclənəcəyi barədə sərəncamda heç bir söz deyilmir.

Bu barədə pulun ayrıldığı Bakı şəhər İcra Hakimiyyətindən də bir şey öyrənə bilmədik. Çoxsaylı zənglərimizə cavab verən olmadı.

«PREZİDENT AYIRIR, MƏMURLAR DA YEYİRLƏR»

Abadlaşmaya yönəldilən vəsaitlə bağlı fikrini öyrəndiyimiz Bakı sakinlərinin fikirləri fərqlənir:

– Mən hesab edirəm bu, hələ azdır. Bakıda görüləsi çox işlər var. İndiyə qədər ayrılan vəsaitlərdə mənimsəmələr var, çünki görülən işlər azdır.

– Prezident ayırır, məmurlar da yeyirlər.

– 20 milyon vəsait bizim üçün elə də çox pul deyil. İmkan varsa, daha da çox ayırmaq lazımdır.

Yerli iqtisadçıları narahat edən isə vəsaitin xərclənmə istiqamətlərinin göstərilməməsidir.

«SON İKİ İLDƏ ABADLIĞA 677 MİLYON MANAT PUL AYRILIB»

Milli Büdcə Qrupunun eksperti Qadir İbrahimli hesab edir ki, 20 milyon manatın hara xərclənəcəyi aydın göstərilsəydi, daha yaxşı olardı.

Digər tərəfdən o, son illər Bakıda aparılan abadlıq işlərinə dövlət büdcəsindən az pul ayrılmadığını deyir. Qadir İbrahimliyə görə, elə 2011-2012-ci illərdə bu məqsədlə 677 milyon dövlət büdcəsindən, 30 milyon manat da prezidentin ehtiyat fondundan ayrılıb. Həmin vəsaitin 350 milyonu ötən il, 327 milyon manatı isə bu il ayrılıb. İqtisadçı sonuncu məbləğin hara və necə xərclənməsindən danışır:

«Bunun 125 milyon manatı Bakı şəhərində binaların təmiri, bərpası, gücləndirilməsi, işıqlandırılması və əhalinin köçürülməsi ilə bağlı xərclərdir. Həmin vəsaitin 50 milyon manatı Bakının qəsəbə və kəndlərində yolların təmiri və işıqlandırılmasına ayrılıb. Bu da elə dolayısı ilə Bakıya aiddir. Daha sonra 12 milyon manat Funikulyorun bərpasına ayrılıb, ötən ilsə 8 milyon manat ayrılmışdı. 140 milyon manat isə təhsil obyektləri üzrə yeni tikinti və əsaslı təmir işləri üçün ayrılıb. 140 milyon manatı çıxmaq şərtilə qalan vəsaitin hamısı Bakının abadlaşmasına
Qadir İbrahimli
Qadir İbrahimli
xərclənib».

Ekspertə görə, 2011-ci ildə təhsil müəssisələrinin tikintisi və təmiri işi Bakı şəhər İcra Hakimiyyətinə verilmədiyindən büdcədən ayrılan 350 milyon manatın hamısı paytaxtda aparılan abadlıq işləri üçün nəzərdə tutulub. Qadir İbrahimli deyir ki, bu məbləğin 200 milyon manata qədəri təkcə Bakıda binaların təmiri və işıqlandırılmasına xərclənib.

«BİNALARIN AĞARDILMASI LAYİHƏLƏRİ KORRUPSİYA ÜÇÜN ZƏNGİN LAYİHƏLƏRDİR»

Qadir İbrahimli son bir neçə ildə dövlət büdcəsi və prezidentin ehtiyat fondundan Bakıda aparılan abadlıq işlərinə 1 milyarda manata yaxın vəsait ayrıldığını deyir. Paytaxtın abadlaşması üçün bu məbləği yetərli sayan ekspert ayrılan pulla görülən işlərin heç uyğun gəlmədiyini bildirir:

«Hesab edirəm ki, bu qədər pula Bakıdakı abadlıq işlərini yekunlaşdırmaq olardı».

Qadir İbrahimli abadlıq və yenidənqurma işlərinə yüksək məbləğlərin xərclənməsini birbaşa korrupsiya amili ilə bağlayır. Onun dediyinə görə, 2012-ci ildə aqrar ölkə hesab olunan Azərbaycanın kənd təsərrüfatına 33 milyon manata yaxın investisiya qoyulub:

«Aqrar sektora yatırılan investisiyadan uzaqbaşı 10-15 faizi mənimsəmək olar. Amma şəhərdə binaların ağardılması layihələri korrupsiya baxımından olduqca zəngin layihələrdir».

Prezident İlham Əliyev Bakının Nizami rayonunda tikinti işləri ilə tanış olur, 30 sentyabr 2010
Prezident İlham Əliyev Bakının Nizami rayonunda tikinti işləri ilə tanış olur, 30 sentyabr 2010
«AYRILAN VƏSAİTDƏN DƏ ARTIQ İŞLƏR GÖRÜLÜR»

«Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev isə tənqidləri yersiz sayır. Hesab edir ki, bu vəsaitlə müqayisədə Bakıda daha çox işlər görülür:

«Mən hesab edirəm ki, bəlkə bu vəsaitdən də artıq işlər görülüb. Kim nə deyir desin, burda nəzarət mexanizmləri var. Fakt faktlığında qalır, iş görülür və bu da göz qabağındadır».

İŞLƏRİN TƏKRAR-TƏKRAR APARILMASI NƏYİ GÖSTƏRİR

Amma hakimiyyətyönlü Ana Vətən Partiyasının Sosial-iqtisadi məsələlər üzrə sədr müavini Əli Hacıyev büdcədən paytaxtın abadlığına yönəldilən vəsaitdən heç də səmərəli istifadə olunmadığını deyir. O, indiyə qədər bu məqsədlə xərclənən vəsaitin yetərli olduğunu deyir və hesab edir ki, həmin vəsaitə daha çox işlər görmək olardı:

«İşlərin təkrar-təkrar aparılması onu göstərir ki, ayrılan vəsait təyinatına uyğun xərclənmir. Hesab edirəm ki, bunun qarşısını almaq üçün vəsaitlərin istifadəsi üzərində ciddi nəzarət, hesabatlılıq olmalıdır. Hesabatlılığın olmaması əlbəttə, korrupsiya meylləri üçün şərait yaradır».

SON İLLƏR ABADLIĞA AYRILAN PULLAR

2006-2007 – 25 milyon manat
2008 – 14 milyon manat
2009 – 15 milyon manat
Prezidentin ehtiyat fondundan – 20 milyon manat
2010 – 25 milyon manat
2011 – 350 milyon manat
Prezidentin ehtiyat fondundan – 10 milyon manat
2012 – 327 milyon manat
Prezidentin ehtiyat fondundan – 20 milyon manat
Cəmi – 806 milyon manat
XS
SM
MD
LG