Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:43

İsa İsmayılzadə. Şeirlər kitabı (davamı-6)


İsa İsmayılzadə
İsa İsmayılzadə
-

GÖZLƏYİN, DÜNYAYA QAYITMAĞIM VAR...

(Şeirlər kitabı)


əvvəli burda


QARAYAZI MEŞƏSİ, FEVRAL GÜNƏŞİ

Səni belə görməmişdim, Günəşim,
Niyə belə yorğun-yorğun boylandın?
Yatağından güclə duran xəstə tək
Niyə belə tutqun-tutqun boylandın?

Gözlərinin işığımı azalıb,
Ürəyinin təpərimi sozalıb,
Kirpiyindən qızıl yaşmı asılıb-
Niyə belə solğun-solğun boylandın?

Hanı sənin vurğunluğun, bilmirəm,
Nədir sənin yorğunluğun, bilmirəm,
Uzaqlığın, yaxınlığın – bilmirəm-
Niyə belə dalğın-dalğın boylandın?

Əməlimiz ulduzlara bəllidi,
Göyüzünü deşik-deşik elədik,
Tüstülərə, dumanlara bələndik-
Bilmədim, niyə tutqun-tutqun boylandın.

Öz işində-gücündədi bu dünya,
Kosmodrom biçimdədi bu dünya,
Skafandr içindədi bu dünya-
Bildim, niyə solğun-solğun boylandın.

Bir ağacam, yerimdəcə quruyum,
Heç bilmirəm, səni necə qoruyum.
Tellərini biçə-biçə qoruyum? –
Bildim niyə dalğın-dalğın boylandın…

Ulduzda – mən,
kosmosda – mən,
Gündə – mən,
Öz-özümü mişarlaram gündə mən.
Gərək sənə gözlük verəm indi mən –
Bildim, niyə ilğım-ilğım boylandın.

1986,
Qarayazı



* * *

…Elə hey vurnuxdu, vurnuxdu ürək,
Vurnuxa-vurnuxa karıxdı ürək…
Bağışlasın məni şerlərim də-
Onların üstündə
balalarım tək
İstədiyim kimi əsə bilmədim.
Mən özümdən küsdüm, özümdən küsdüm,
İlhamdan,
şerdən bircə dəfə də
küsə bilmədim.

Gəzdirdim başımda düzü-dünyanı;
Gecəli-gündüzlü aman verməyən,
İçimdə göynəyən misralarımı,
Qələmə gəlməyən arzularımı…

Uçdum təyyarədə, getdim qatarda-
Gördüm, baxa-baxa yaman susuram.
Gah illüminatordan, gah pəncərədən
Hey boynunu büküb, boylandı misram,
Boylana-boylana gözü qaraldı.
Baxdım ağ buluda, qara buluda-
Bir azdan hamısı dönüb «qar» oldu.
Qarışqa boydaca şəhərlə, kəndlə
Gördüm, dünya doludu…

Hey boynunu büküb boylandı misram,
Yuxadan məndən tez oyandı misram.
Gözümün önündə hər gün, hər gecə
Kağızlar sarala-sarala qaldı.
Məqam gözlədilər,
an gözlədilər,
il gözlədilər-
İçimdən qırıla-qırıla qaldım…

İlham – qatar
illər boyu gecikdi…
Mənim boynubükük sərnişinlərim-
Yarımçıq şerlər yaman incikdi.

Yarımçıq körpələr kimi
Bu dünyaya gəlmək bəlkə onlara
Qismət olmadı.
Bəlkə də mənimlə köçüb getdilər…
O körpə – misraya – yarımçıq şerə
Bəlkə də heç zaman ad qoyulmadı.

1985


«ÖLMƏDİM… SİZİ DƏ GÖRDÜM…»

Atamın xatirəsinə

Bir zaman yaylağa düşən kimi o,
Siqaret yandırıb, fikrə gedərdi;
Baxıb yurd yerinə,
yamaca-yala.
Dolamaya sarı dırmanan yola-
Başını bulayıb, köks ötürərdi:
«Ölmədim…
sizi də gördüm, a dağlar…»

Qayaya söykənib,
əli üzündə,
Xəyalı uzaqda,
elə beləcə,
Gizlicə-gizlicə,
Tüstülənə-tüstülənə qalardı atam,
Özələnə-özələnə,
Fikri-zikri
çözələnə-çözələnə
qalardı atam.
Yanaq səyriyərdi, göz səyriyərdi,
Mis rəngli dodaqlar hey titrəyərdi,
His vurmuş barmaqlar nəsə deyərdi:
«Ölmədim…
siz idə gördüm, a dağlar…»
Ay ötdü,
il ötdü, bir payız günü
Boran-qar alanda dağın üstünü,
Fikri çözələnən atam,
Xəyalı özələnən atam
Köçüb getdi dünyadan…

Yaman qəribsədi bu dağlar onsuz…
Mis rəngli dodağın dediyi sözü,
Səyriyən yanağın dediyi sözü,
His vurmuş barmağın dediyi sözü
Hələ də…
hələ də yadında salar;
«Ölmədim…
sizi də gördüm, a dağlar…»

…Duman gəldi dəyəmizin ağzına,
Elə bildim, soruşacaq atamı;
Bir səs gəldi qulağıma, ay ana,-
Günü bu gün düşən kimi yadıma-
Sümükləri gizildəyir adamın:
«Öldüm…
yenə sizi gördüm, a dağlar,
Yuxudamı,
yaxındamı,
uzaqdamı –
bilmirəm-
O dediyim sözü gördüm, a dağlar!..»

1986


* * *

Neyləyim,
ürəyim heç açılmadı,
Gecəli-gündüzlü
fikirli-sözlü…
Məni ora-bura qovur dünya da,
Neyləyim, əzizim, özün de görüm,
Ürək açan nə var, nə var dünyada?
Fikirli olanda, dəyməyin mənə,
İşiniz olmasın… qoyun yaşayım.
Bir də… qaraqabaq deməyin mənə.

Mənim qaşqabaqlı axşamlarım var,
Başımın üstündə sehrli, titrək,
Ulduz-ulduz yanan ağ şamlarım var.

Mənim qaraqabaq gecələrim var,
Başımın üstündə gümüş bir qübbə-
Mənim tabaq-tabaq gecələrim var.

Qaraqabaq duyğum – incilərim var –
Ürəyim üzülür sözə dönüncə.
Bircə yol üzümə gülməz o axşam,
Bircə yol üzümə gülməz o gecə.

Bu mənim dünyamdı, mənim, əzizim,
Heç kəsi yaxına qoymaram ora.
Oyuncaq Nərgizim, şıltaq Nərgizim,
Səni də, səni də qıymaram ora…

Bir də görürsən ki, duruldum yenə,
Elə bil, gün çıxdı bulud dalından.
Bu yerə, bu göyə vuruldum yenə
Sıyrıldım sözlərin qalmaqalından.

Yağışlar,
sıxlaşar buludum yenə.
Məni xəyallardan ayıldar onda.
Qaralar üfüqüm, sönər çırağım –
Qaraqabaq gecəm qayıdar onda.

2
Mən o qaraqabaq gecəni bir gün,
Mən o tabaq-tabaq gecəni bir gün
Üstü ulduz dolu bir ağac kimi,
Tac kimi,
Sac kimi
Torpağın –
ocağın üstə çevirsəm,
Özümün,
sözümün üstə çevirsəm-
Dünyanın altını üstə çevirsəm,
Görən, nə deyər axşam,
Görən, nə deyər gecə,
Görən, nə deyir ağ şam,
Nə deyər,
nə deyər raketli dünyam?

1988


KÖKLƏ GÖRÜM SAZINI…

Aşıq qardaş, bu dağlarla üz-üzə
Köklə görüm, köklə görüm sazını.
Dolaylarla, oylaqlarla göz-gözə
Köklə görüm, köklə görüm sazını.

Aşıq qardaş, bu şəhərli qonağı
«Misri» üstə çiliklənib, sınmağa,
Kərəm üstə səssiz-səssiz yanmağa
Köklə görüm, köklə görüm sazını.

Lal qayalar doluxsunub kirisin,
Sal qayalar qətrə-qətrə ərsin,
Kar qayalar üstümüzə yerisin-
Köklə görüm, köklə görüm sazını.

Şah pərdəni dindir, dindir
bir az da,
Eydirməni eydir, eydir bir az da,
Ahımızdan buxarlansın Araz da-
Köklə görüm, köklə görüm sazını.

Saz işləsin göy otların canına,
Şəhərlinin buz bağlayan qanına.
Ruhum uçsun buludların yanına-
Köklə görüm, köklə görüm sazını.

Hay verməyə,
qıy vurmağa səsim yox,
Bu dağlarda acığım yox, hirsim yox,
Səndən ayrı dərd anlayan kəsim yox-
Köklə görüm, köklə görüm sazını.

Çınqı-çınqı çınqılanan gözə bax,
Ürəyimə xallar salan sözə bax,
Doluxsunan, omaxşayan gözə bax-
Köklə görüm, köklə görüm sazını.

Uçacağam, tez ol, mənə qanad ver,
Bir əlçatmaz, bir ünyetməz murad ver,
Göz yaşımı saxlamağa inad ver-
Köklə görüm, köklə görüm sazını…

Qaraarxac yaylağı


BAĞIŞLAMAZ

Binələri atıb gəldim-
O dağ məni bağışlamaz.
Asfalt yolu tutub gəldim-
Torpaq məni bağışlamaz.

Dağlar arxam, adım oldu,
Anam oldu, atam oldu,
Arxamca su atan oldu-
Bulaq məni bağışlamaz.

Boy balaca… yaşım azdı…
Kahalara qulaq asdım,
Qayalar bir ad yazdım-
Bıçaq məni bağışlamaz.

Biçənəyi – güllü xonça,
Kəpənəyi – xalı xonça.
Baxdım gözüm qamaşınca
Oylaq məni bağışlamaz.
Dağ başında ocaq gördüm,
Ulduzdardan uca gördüm.
Qəbirləri qoca gördüm,
Ocaq məni bağışlamaz

Çəhlimləri qalır hələ,
Yurd yeri qaralır hələ.
Arxacı qar alır hələ-
O dağ məni bağışlamaz.


BACIM GÜLSƏFANF BAKIDAN MƏKTUB

Hardan mənə urcah oldu şəhərlər…
Torpaq dedim – boğdu məni bu qəhər.
Bir ömürdü, çəkməliyəm birtəhər,
Eşitmisən – ha deyinən, söylənim…

Dedim, Bakı anam olsun – olmadı,
Ruhum olsun, qanım olsun – olmadı,
Öz gölümdən sonam olsun – olmadı,
Çalxalandı, durulmadı, neyləyim.

Torpağıia göz dikən var hələ də,
Dağ üstündən dağ çəkən var hələ də,
Daşnakların – alçaqların əlində
Gecə-gündüz hey ələnir ələyim.

Üzüm gülməz, gözüm gülməz – soruşma,
Ocağımda közüm gülməz – soruşma,
Dodağımda sözüm gülməz – soruşma,
Niyə gözü kor olubdu fələyin…

Xəngəl deyən dostlar yenə «acıb» gəl,
Qatar nədir, maşın nədir – uçub gəl,
Anam kimi qollarını açıb gəl,
Omaxşıyım, mən də tufan eləyim.

Qibləgahım Qarayazı, döz görüm-
Əl uzalı, dil də oyzan – döz görüm.
Belə yazdı baxtı yazan – döz görüm,
Bu yazıya, bu qədərə nə deyim.

Qaş-qabağım açılmadı – açılmaz,
Tale mənnən bir də belə öc olmaz-
Yurd yerimiz viran qaldı, qurulmaz,
Ürəyimi şırımlad gileyim.

Nəticələr bala-bala yekəlsin,
Nəvələri hayla, kefin kökəlsin…
…Ayna nənə eşidəcək – de gəlsin-
Baş daşını döyəcləyib göynəyim…

Dərdə düşsəm, əlacımsan indi sən,
Həm anamsan, həm bacımsan indi sən.
Ərk eləyib, qardaşından incisən-
Qanadlanıb tez yanına teylənim…

Bakı, 1988


GÖZLƏRİM YOX ÇƏKİR…

Gözlərim yol çəkir illərdən bəri…
Çal-çarpaz cığırdır ovcumun içi.
Təyyarə kölgəsi aşır dikdiri,
Sonra bir uğultu adlayıb keçir.

Kimi gözləyirəm, görəsən kimi…
İllərin qırovu qalıb saçımda.
Ünvanı səhv düşmüş məhəbbətimi
Kimdən soraqlayım yolayrıcında.

Hələ il ayrıcı…
Hələ dost itkisi… həsrət yarası.
Beləcə, gözlərim yol çəkə-çəkə
Sovruldu havaya ömrün yarısı.

Tozlu illər qalıb Qarayazıda,
Qalıb nəfəsimi təngidən yollar.
Mən atlı olmuşam, onlar – piyada,
Məni yada salmır mən gedən yollar.

Bir divar qalxırdı… qalıb yarımçıq,
Yarımçıq bir aru məni göynədir.
Boynu zınqırovlu kürən bir dayça
Fit çalsam, yanıma gələrmi indi.

Gəlsə də mən yoxam… yoxdur yoxuşlar…
Vaxtın azlığı da durub qəsdimə.
Atları kişnədən gurşad yağışlar
İyirmi ildir ki, yağmur üstümə…

Gözlərim yol çəkir illərdən bəri…
Qatarlar kişnəyir çölün düzündə.
Bir göz qırpımında ötən illəri
Çıxıb qarşılamaq istərəm mən də,
Çıxıb yola salmaq istərəm mən də…

1978


PLANETİM MƏNİM…

Yuxuda gördüm ki, planetimizə
Od ələyirlər.
Yuxuda gördüm ki, planetimizi
Raket sürətində, raket dilində
Hədələyirlər.
Yuxuda gördüm ki, planetimizi
İyirminci əsrin raket ilində
Təknə dənizləri ləngər vuraraq,
Təşnə ürəklərə, təşnə yollara
Zol-zol,
damar-damar axana kimi
silkələyirlər.

Yuxuda gördüm ki,
Ulduzlu gecəyə şer deməyə
Raket qanadında uçuruq bir-bir.
Ulduzlu gecəni silkələməyə,
Ulduz çırpmağa əlimiz gəlmir.
Şimşək budaqların üstünə çıxsaq,
O qara buludu bir dəfə sıxsaq,
Eh, yağış nədir ki, dolu yağacaq.
Bilmədim, sərili paltarımızı
Kim gəlib yığacaq – anam çöldədir…

Yuxuda gördüm ki, planetimizin
Okeanlarını, dənizlərini
Asmışam üstündən gözmuncuğu tək.
Arxayın-arxayın fırlanır hələ
Günəşin sevimli oyuncağı tək…

1976


BƏXTİYARLIQ

Çiçəyi çırtlayan bəxtiyarlığım,
Niyə səni görmədilər,
Görüb, salam vermədilər,
Niyə halını sormadılar –
Sən gözəgörünməz deyildin, axı…

Görmədilər, görmədilər…
Qayım-qayım qaynayırdın,
Cıdırlarda nəmər almış kəhər kimi
oyur-oyur oynayırdın yerində.
Sözün necə ötkəm, qanadlı idi
Bir göz qırpımında qırıb sədləri,
Qollarını yana açıb,
Uçmaq, uçmaq istəyirdin
hara gəldi…

Çiçəyi çırtlayan bəxtiyardığım,
Sən gözəgörünməz deyildin, axı…
Sevincdən gözlərin alacalandı;
Sayrışa-sayrışa,
bəxtəvər-bəxtəvər
Bir cüt ulduz kimi alışıb, yandı.

Bəlkə bu sevinci heç gözləmirdin?
Elə bil, gözlərin sənin deyildi:
Elə yol çəkirdi, hey yol çəkirdi.
Hələ çox çəkəcəkdi-
Gözaydınlığına kim gələcəkdi?

Çiçəyi çırtlayan bəxtiyarlığım!
Niyə səni görmədilər,
Görüb, salam vermədilər,
Niyə halını sormadıra –
Sən gözəgörünməz deyildin, axı…

Gözlərin yolda qaldı-
Gözlədiyin gəlmədi.
Həsrətin gözünün kökü saraldı –
Gözlədiyin gəlmədi.

Nə telefon səsləndi,
Nə qapının zəngi dindi…
Çiçəyi çırtlayan bəxtiyarlığım,
Həsrət-həsrət gözləməkdən
Ürəyi partlayan bəxtiyarlığım,
Qolların boşalıb, düşdü yanına.
Bu solğun sevinci,
ölgün sevinci
Rəngi avazmış vağam gül kimi
Sallaya-sallaya,
yelləyə-yelləyə
Hara aparırsan, belə?..

1981


* * *

Oğlum Araza

Sənin bu dünyadan nə xəbərin var…
Yaxşı ki, uşaqsan, uşaqsan elə,
Yaxşı ki, uşaqsan, uşaqsan hələ…

Sən hardan biləsən, hardan biləsən
Mənim ürəyimdə söz həsrəti var,
Mənim ürəyimdə söz yarası var,
söz ağrısı var…

Sözlər qövr eləyir içimdə hər gün-
Bir ömürlük yükü mən necə çəkim?
Soruşa bilmirəm (üzüm də gəlmir):
«Bus öz xəstəliyi nə deyir, həkim?»

Sən hardan biləsən, hardan biləsən
Hər gecəm il kimi uzanır hərdən.
Sən hardan biləsən,
hardan biləsən
Bir şair qardaşın sözü olmasın,
Adam «yaşamaqdan yorulur hərdən».
Usanır hərdən…

Sən hardan biləsən, hardan biləsən –
Çayından içdiyin samovar kimi
Ürəyin də ərpi var
Sən hardan biləsən, hardan biləsən-
Min il bundan əvvəl olmuşlara da
«Genetik» deyilən yaddaş körpü var.
Yuxuda mamont da görə bilərsən,
dinozavr da,
Bu ulu dünyanın yaddaşını da
Ulu babaların göz yaşını da…

Sən hardan biləsən, hardan biləsən
Hansı saatdasa,
hansı gündəsə,
Kənddə, şəhərdəmi, evdə, çöldəmi
Məni gözlənilməz sınaq gözləyir,
Məni – çağırılmamış «qonaq» gözləyir –
Ölüm gözləyir.

Sən hardan biləsən, hardan biləsən
Hər gün ona sarı addım atıram…
Çıxır yollarıma neçə aşırım;
Dərədən keçirəm, düzdən keçirəm.

Dağa dırmaşıram, təpə aşıram,
Ona addım-addım yaxınlaşıram.
Çörək yeyəndə də, çay içəndə də,
söz deyəndə də
Pillə-pillə ona yaxınlaşıram,
Addım-addım səndən uşaqlaşıram…

Yaxşı ki, dünyadan xəbərim ylxdur…
Yaxşı ki, uşaqsan, uşaqsan elə,
Yaxşı ki, uşaqsan uşaqsan hələ…

1985


ƏLLƏRİN

Əllərin yamanca dilavər olub,
mehriban-mehriban danışa bilir,
danışa-danışa alışa bilir.
Mənim əllərim də beləydi bir vaxt.

Toran qovuşanda, axşam düşəndə,
quşlar yuvasına çəkilən təki,
ovcumja gizlənib daldalananda,
xumar-xumar yatıb, nəfəs alanda,
sənin əllərinlə laylay deyirəm.

Görəsən, yuxuda nə görür ovcun…
Görür ki, qatarlar aparır məni,
aparıb çatdırır ötən illərə.
Mən gedib, düşürəm uzaq ellərə.
Kimsə sinə dolu köks ötürərək
məni ürəyinə sıxır, sıxır hey.

Sonra bir təyyarə uçur…
Kimsə sinə dolu köks ötürərək
Əlini gözünün üstünə qoyub,
onun arxasınca baxır, baxır hey…

Təyyarə fırlanıb, geriyə dönür…
Yenə də ovcumda diksinir əlin,
mənə bir əfsanə danışır yenə,
danışa-danışa alışır yenə…

Əllərin yamanca dilavər olub,
mehriban-mehriban danışa bilir,
danışa-danışa alışa bilir,
Mənim əllərim də beləydi bir vaxt…

1970


ƏMR VERSİN – HÜCUM ƏMRİ KOMANDAN VƏTƏN…

…Yolların şəhid, çöllərin şəhid,
Dərələrin şəhid, düzlərin şəhid.
Torpağın-daşın şəhid,
Ağacın, quşun şəhid…

Hara qaçırsan, Oğul:
Hara qaçırsan, Vətən?
Sən qurtaran yerdə Ölüm başlayır.
Hara qaçırsan, Vətən oğlu?
Şəhid çöllər, şəhid yollar
Ayağına dolaşmır,
Şəhid qəbirləri kəsmir qarşını.
Ağla! Axıt göz yaşını-
Atlan görüm, o qəbrin üstündən,
Görüm, necə atlanırsan,
Alış görüm, yan görüm,
Görüm, necə odlanırsan.

Köynək deyil, geyib, geyib, atasan,
Saqqız deyil, satasan –
Buna Vətən deyərlər!
Bayrağının altından keçib gedirsən-
Vətən köynəyindən keçirir səni,
Ağrısından, acısından,
Vətən köynəyindən keçirir səni
Dönüb özün də Vətənq olursan –
Diri gözlü, qılınc sözlü, od ürəkli bir Vətən.
Yeriyən Vətən,
Yüyürən Vətən,
Sevən, sevilən Vətən,
Öyülən, döyülən Vətən…
Dilsiz-ağızsız babanın
Ruhu qalır, qəbri qalır, Vətən oğlu,
El-obanın səbri qalır, Vətən oğlu!

Vahimə içində, «Qrad» altında
fırnıxa-fırnıxa kişnəşən atlar,
Gözləri böyüyən, yer eşən atlar,
Quyruğunu qısıb, zəncir gəmirən,
Zingildəşən itlər, ulaşan itlər
yiyəsiz qalıb, çarəsiz qalıb,
avara qalıb,
Yalvara-yalvara qalıb:
«Məni qoyub getmə, oğlan».

Ayağın altında yol qaçsın gərək,
Göylər uçsun gərək, dağ aşsın gərək.
Vətən səni bayraq kimi, arxa kimi qaldırmışdı,
Vətən səni qalxan kimi, qaldırmışdı!..
Qalx, dalğalan bayraq kimi!..
Enməz bayrağım da sən,
Torpağım da sən!
Əmr versin – hücum əmri,
komandan Vətən…


HƏR ŞƏHİDİN YAŞIDI – QARABAĞ…

Hər şəhidin yaşıdı – Qarabağ,
Şəhid ömrü yaşadı Qarabağ,
Şəhid olmuş Şuşadı Qarabağ…

…Pərən-pərən düşən quşlar,
Taleyindən küsən quşlar,
İnciməyin bu torpaqdan-
Siz də qaçqın, mən də qaçqın.

Siz də əsir, mən də əsir,
Gör nə vaxtdı Qarabağda
Qara-qara yellər əsir…

* * *

Bir vaxt Vətən yolları
Harda, harda qurtaradı-
Astarada qurtarardı.
Vətən onda
qoruq olmuşdu, qoruq.
İndi Vətən yolları
Qurtarır erməni yuvalarında.
İndi dustaqdı Vətən.
Yolları, çölləri, düzləri dustaq,
Bulaqları dustaq, çayları dustaq,
Yamacları dustaq, yalları dustaq.
Dustaq Vətən, dustaq Vətən,
Dustaq çəmənlərin gülmü bitirər.
Dustaq ağacların barmı gətirər?
Dustaq Vətən, dustaq Vətən,
Bir də uçub gəlməz hacıleyləyin,
Yuvalar qarala-qarala qalar,
Ağaclar boylanar xiffət içində,
Heyvanlar sarala-sarala qalar,
Ayağı kəsilər burdan ellərin.
Cığırlar qıvrıda-qıvrıla qalıb.
Arxasız məmləkət, kimsəsiz Vətən
İçindən qıvrıla-qıvrıla qalıb…


BU DA SƏNİN YAZIN DEYİL, QARABAĞ…

Bu da sənin yazın deyil, Qarabağ,
Neç Novruz da sənin deyil, Qarabağ…
İndən belə Xocalıya
Bahar gəlməz, yaz gəlməz.
İlim-ilim itib gedər,
Küsüb gedər uzaqlara.
İndən belə Xocalıda
Çəmən gülməz,
çiçək gülməz, çöl gülməz.
O kolu, o çiçəyi,
Şəhid olmuş biçənəyi
Ölüm yuxusundan kim oyatsın, kim.
Bu yaz sənin yazın deyil, Qarabağ…

Qurumuş qan qoxusundan,
Qarımış qan qoxusundan
Diksənəndə, səksənəndə kəpənəklər –
yaz neyləsin?
Qan qoxulu ləçəkləri
Necə ovutsun bahar…
Bu yaz lalə gölündə yox,
Qan gölündə üzür düzlər.
Qanlı mehdən, qanlı şehdən
Gözlə, Qarabağ, özünü gözlə.

Dustaq təpələrin yol çəkir gözü,
Bəlkə də eymənib, yol azıb bahar?
Elə bil, qan tutub çəməni, düzü-
Yaman qanlı-qanlı baxır çinarlar-
Bu da sənin yazın deyil, Qarabağ…

Tırtıllar altında təngnəfəs olan,
İnləyən, sızlayan biçənəyə bax,
Qanadı-inadı qana bulaşan
kəpənəyə bax-
Bu da sənin yazın deyil, Qarabağ…

Gör neçə sərilib qanlı torpağa –
Kim dikəltsin, kim qaldırsın ayağa
O kolu, o çiçəyi,
Ölüm qorxusundan kim oyatsın, kim
şəhid olmuş biçənəyi?
Bu da sənin yazın deyil, Qarabağ…



ŞAİRLƏRİ YETİM QOYUR QADINLARI

Şairlərimizin dünyadan vaxtsız köçən qadınlarının xatirəsinə

Bu dünyadan vaxtsız köçüb,
Hairləri yetim qoyur qadınları…
Pillələri ağır-ağır çıxarlar,
Yavaşıyar addımları.
İlləri-ayları da
Ağır-ağır qalxırlar.

Bu dünyadan vaxtsız köçüb
Şairləri yetim qoyur qadınları-
Baba olandan bəri
Axşam-səhər nəvəsi
Çiynindən düşməyən şairləri.

Bir atadan yetim, anadan yetim,
Bir də… qadından yetim.
Üçqat yetim.
Onda elə biləcək-
Dərə yetim, düz yetim,
ev-eşik yetim,
Dünya yetim, həyat yetim,
söz yetim.

Bir gün də
Dünyadan köçəndə elə biləcək
Bir ölümü
Ölümünü bu dünyada
Yetim qoyub gedəcək,
Yetim qoyub gedəcək…


HARAN AĞRIYIR, VƏTƏN?..


(Poemadan fraqmentlər)

Şəhidlərimizin ruhuna bağışlayıram



Özü boyda başdaşıdı Qarabağ,
çöküb, çöküb sinəmizə.
Dirigözlü şəhid olduq-
Tez olun, Vətən boyda
Şəhid qəbri qazın bizə…

Özü boyda göz yaşıdı Qarabağ,
Dərdimizin başladışı Qarabağ…
Əkiz-əkiz qəbirlərdi Qarabağ-
Vətən boyu səpələnib.
Yurdum-torpatım kimi
qəbir-qəbir qəlpələnib…
Hər qəbir-şəhid Vətənin
bapbalaca bir qəlpəsi,
Hər qəbir-boynubükük Vətənin
bapbalaca bir təpəsi…

Hər şəhidin yaşıdı Qarabağ,
Şəhid ömrü yaşadı Qarabağ,
Şəhid olmuş Şuşadı Qarabağ…

* * *

Bir vaxt Vətən yolları
Harda, zarda qurtarırdı-
Astarada qurtarırdı.
Vətən onda
qoruq olmuşdu, qoruq.
İndi Vətən yolları
Qurtarır erməni yuvalarında.
İndi dustaqdı Vətən.
Yolları, çölləri, düzləri dustaq,
Bulaqları dustaq, çayları dustaq,
Yamacları dustaq, yolları dustaq,
Dustaq Vətən, dustan Vətən,
Dustaq çəmənlərin gülmü bitirər,
Dustaq ağacların barmı gətirər…

Dustaq Vətən, dustan Vətən
Hələ uçub gəlməz hacıleyləyin,
Yuvalar qarala-qarala qalar,
Ağaclar boylanar xiffət içində,
Heyvanlar sarala-sarala qalar,
Ayağı kəsilər burdan ellərin,
Cığırlar qıvrıla-qıvrıla şalar…
Arxasız məmləkət, kimsəsiz Vətən
İçindən qıvrıla-qıvrıla qalar…

Dustaq Vətən, dustaq Vətən,
Dustaq dərələrin xiffət içində…
Dustaq təpələrin yol çəkir gözü,
Bəlkə də eymənib, yol azıb bahar?
Elə bil, qan tutub çəməni-düzü-
Yaman qanlı-qanlı baxır çinarlar.
Buy az sənin yazın deyil, Qarabağ,
Heç Novruz da sənin dheyil, Qarabağ…
…Pərən-pərən düşən quşlar,
Taleyindən küsən quşlar,
İnciməyin bu torpaqdan-
Siz də qaçqın, mən də qaçqın.

Siz də əsir, mən də əsir,
Gör nə vaxtdı Qarabağda
Qara-qara yellər əsir…

İlan kimi dizin-dizin sürünən,
Beli sındırılan yollara bir bax…
«Qrad» nərəsindən beli bükülən,
qulağı tutulan kollara bir bax –
Buy az sənin yazın deyil, Qarabağ.
Tırtıllar altında təngnəfəs olan,
İnləyən, sızlayan biçənəyə bax,
Qanadı-inadı qana bulaşan
kəpənəyə bax-
Bu da sənin yazın deyil, Qarabağ…

Qurumuş qan qoxusundan
Qarımış qan qoxusundan
Diksinəndə, səksənəndə kəpənəklər –
yaz neyləsin?

Qan qoxulu ləçəkləri
Necə ovutsun bahar?
Bu torpağın bu başından – o başına
Şırımlanan göz yaşını
Necə qurutsun bahar?
Xocalıda
Buy az lalə gölündə yox,
Qan gölündə üzür düzlər.
Qanlı mehdən, qanlı şehdən
Gözlə, Qarabağım, özünü gözlə…

* * *

…Yaşamağı öyrənmişdim,
Yaşamağın dilin bilirdim.
Yurd yolunda ölməyin
dilini öyrənməliyəm, qardaş,
əlifbasını birbaş:
Torpaq yoxsa, Vətən yoxsa –
mən kiməm?
Yurdu qoyub qaçan yerdə
Ayağım altında tonqal qalansın,
Başımın üstündə ildırım çaxsın…

* * *

Tank göründü: «Qaçın, qaçın!»
Top gurladı: «Qaçın! Qaçın!»
Göy üzündə qara bulud süründü-
«Qaçın! Qaçın!»
Bulud da erməniymiş, «Qrad» da,
sükut da…
Avtomatlar şaqqıldadı: taraq-taraq,
Dərələrdə səda verdi: şaraq-şaraq…
Taraq-taraq – «qaçın» - dedi.
Kimsə bizim yerimizi nişan verdi,
Kimsə bizim səsimizi nişan verdi,
Kimsə bizim izimizi nişan verdi –
«Kimsə» sənin oğlun idi, yazıq Vətən,
Sənin satan oğul-düşmən…

* * *

Yolları şəhid,
Çölləri şəhid.
Dərələrin şəhid, düzlərin şəhid,
Ağacın, quşun şəhid…

Hara qaçırsan, Oğul?
Hara qaçırsan, Vətən?-
Sən qurtaran yerdə Ölüm başlayır.
Hara qaçırsan, Vətən oğlu?
Şəhid çöllər, şəhid yollar
Ayağına dolaşmır
Şəhid qəbirləri kəsmir qarşını.
Ağla: Axıt göz yaşını-
Atlan görüm, o qəbrin üstündən,
Görüm, necə atlanırsan,
Alış görüm, yan görüm,
Görüm, necə odlanırsan.
Köynək deyil, geyib, geyib, atasan,
Saqqız deyil, satasan-
Buna Vətən deyərlər!
Bayrağının altından keçib gedirsən –
Vətən köynəyindən keçirir səni,
Ağrısından, acısından,
Vətən köynəyindən keçirir səni,
Dönüb özün də Vətən olursan –
Diri gözlü,
qılınc sözlü, od ürəkli bir Vətən.
Yeriyən Vətən,
Yürüyən Vətən,
Sevən, sevilən Vətən,
Söyülən, döyülən Vətən…

Dilsiz-ağızsız babanın
Ruhu qalır, qəbri qalır, Vətən oğlu,
El-obanın göz yaşı,
Sınağa çəkilən, daşıb tökülən
səbri qalır, Vətən oğlu…
Vahimə içində, «Qrad» altında
Fırnıxa-fırnıxa kişnəşən atlar,
Gözləri böyüyən, yer eşən atlar,
Quyruğunu qısıb, zəncir gəmirən,
Zingildəşən itlər, ulaşan itlər
yiyəsiz qalıb, çarəsiz qalıb,
avara qalıb.
Yalvara-yalvara qalıb:
«Məni qoyub getmə, oğlan».
Ayağın altından yol qaçsın gərək,
Göylər uçsun gərək, dağ aşsın gərək.
Vətən səni bayraq kimi, arxa kimi qaldırmışdı,
Vətən səni qalxan kimi qaldırmışdı.
Qalx, dalğalan bayraq kimi!..
Dur ayağa arxa kimi, qalxan kimi:
Enməz bayrağım da Sən,
Torpağım da Sən!
Əmr versin-hücum əmri
komandan Vətən…

* * *

…Bakıya uçursan, Vətən,
Bakıya köçürsən, Vətən,
Bakıya qaçırsan, Vətən…
Mən belə köç istəmirəm, istəmirəm:
Şəhərdən Vətən olmaz…
Yazıq Bakı nisgil, qəhər içində-
Qəhərdən Vətən olmaz.

Bakının qaraltısı, qupquruca adı qalıb,
Özü yoxdu Bakının,
Dirigözlü şəhidlərə yox deməyə
Üzü yoxdu Bakının.
Ayaqaltı Bakı, qaraltı Bakı,
Necə dözürsən, necə –
Məmləkət sinənə boşaldı, Bakı…

Yaralı Vətən, yaralı Vətən…
Xocalı haraylı,
Kürəkçay haraylı Vətən,
Kəlbəcər, Laçın haraylı,
Qubadlı, Şuşa haraylı…
yaralı Vətən…
Yaranı bağlayan yox,
Harayını eşidcən yox,
Nəbzini yoxlayan yox…

Gün-gün, saat-saat itirirəm səni,
İtik-itik yerlərinə
Yetik olmaq istəyirəm.
İtik-itik yerlərini yuxu kimi
xəyalıma gətirərəm -
İtirərəm, itirərəm, itirərəm.
Yuxu Vətən xəyal Vətən:
Mən ki səni yuxu kimi sevməmişdim,
Mən ki səni xəyal kimi sevməmişdim.
Mən bu dərdi necə çəkim, ay Allah…
Yuxunun yolunda, xəyalın yolunda
Kim gedər ölümə, kim?

* * *

Bakıya köçürsən, Qarabağ…
Yeradların köçüb gəlir bir ucdan:
«Şuşa» kinoteatrı,
«İsa bulağı» restoranı,
«Cıdır düzü» pavilyonu,
«Qarabağ» şirkəti,
«Abdal-Gülablı» çayxanası,
«Qarabağ» toyxanası…
O restoran, o kafe, o pavilyon
Necə açır ağzını?
Necə yeyir, necə içir,
Necə yaşayır boğazını?
O çayxana, o toyxana
Necə udur, necə, necə
Qarabağın ağrısını?

Ora bax! Ora bax! Ora bax!-
Hər tərəf, hər yan-
Qarabağ! Qarabağ! Qarabağ!
Bakıda – Qarabağ,
Şəkidə – Qarabağ,
Gəncədə – Qarabağ…
Ürəyimdən nifrətkeçir, haray qopur:
Xaraba, xaraba, xaraba…
Mən Vətən itirib, söz tapacamsa,
qupqurucu söz,
Mən torpaq itirib, iz tapacamsa,
Reklamlar içində alışıb yanan
yağlı, pullu söz-
Nəyimə gərəkdi o Vətən mənim?
Dərdim, ağrının reklamına bax: -
Qarabağ… Qarabağ… Qarabağ…
Xaraba… xaraba… xaraba…

* * *

O yerlərin yoxluğuna alışıram, deyəsən…
O yerlərin yoxluğuna barışıram, deyəsən.
Yox, alışmaq demək olmaz,
Yox, barışmaq demək olmaz.
Hər gün, hər saat
Alışdırırlar bizi,
Barışdırırlar bizi-
Moskva alışdırır,
Tehran, Afina alışdırır,
barışdırar itkilərlə…
Zaman layla çala-çala
məni ovutmaq istəyir,
məni soyutmaq istəyir
İtkin Vətən torpağından-
Qoymayın, qoymayın yatmağa məni,
Qoymayın bu dərdi unutmağa məni…
Maskarad maskalı Rusiya planı,
Rusiya yalanı…
Avropa, Asiya yalanı…
Kimə inanım, kimə?
Özümə! Özümə! Özümə!
Özümə arxalanım,
Dağıma, çölümə, düzümə arxalanım,
Dərdimə arxalanım, dərdimə-
Məni yatmağa qoymaz,
Məni oyutmağa qoymaz-
Qövr eləyir içimdə, çölümdə,
Onda yaxın düşməz mənə Ölüm də.

* * *

Ayağım altından torpağım qaçıb,
Göyüm oğurlanıb başım üstündən-
Şaqqalanıb şəhid Vətən,
Hər şaqqası bir yanda,
Qalmışam Vətən xarabalığında.
Ayağımı qoysam itik torpağa,
Diz çöküb, üzümü sürtsəm
ağaca, budağa, yarpağa,
Üzümü sürtsəm divara, daşa,
Dayanıb baş-başa, durub baş-başa,
Üzümü sürtsəm, gözümü sürtsəm
əsir düşən qəbirlərə-
İdim-ilim itib, gedər ağrılarım,
Torpaq xəstəliyi çıxar canımdan,
Vətən xəstəliyi çıxar canımdan.

* * *

Kim daraşdı torpağına,
haran ağrıyır, Vətən?
Şəhid olub, külə döndü,
Kim qarışdı torpağına,
haran ağrıyır, Vətən?
Kim aradan çıxıb getdi,
Bayrağını yıxıb getdi-
haran ağrıyır, Vətən?
Azadlığın qan içində,
Qovrul, kükrə, yan içində
Sızım-sızım sızıldayır
Gündünüz də, gecən də-
haran ağryır, Vətən?


TANRIM BAĞIŞLA MƏNİ…

(Poema)


Haraya getsəniz, Allahla üz-üzəsiniz, Hər yeri tutmuş Allah, hər şeyi bilir Allah…

«Qurani-Kərim», Baqara surəsindən



Nəfəsinə içinən bu torpağın üstündə,
Baxışına küsənən bu Günəşin altında,
Varlığına güvənən bu Göylərin altında,
Adın çəkiləndə, ayağa qalxan
bəndələrin adından
Sənə üz tuturam, Tanrım,
Rəbbim, Sənə üz tuturam…

Mənə qanad ver, Allah,
Mənə inad ver, Allah –
Keçim Sənin sınağından.
Keçim işığından, duruluğundan,
Keçim baxışından, ululuğundan,
Vurulum, vurulum duruluğuna.
Durulum, durulum gözüm doyunca,
Mənə pay verdiyin ömrüm boyunca…

* * *

Səbri özündən böyük,
Tanrım, bağışla məni!
Sınağa çək, indən belə
Bircə bağışla məni.

Qadağalar diyarında
Zaman-zaman aramızda
Bir Çin səddi ucaltdılar.
Bu yasaqlar, bu qovğalar diyarında
İçimizdə Rəbbimizə
Sevgimizi qocaltdılar.

Tanrım, bağışla məni…
Yolum – sənin yolundu…
Neyləyim ki,
Uca-uca kürsünlərdə,
Şərqilərdə, şerlərdə
Adını çəkmək də yasaq olundu.
Gecələri gizli-gizli
Özümüzə çəkildik,
Rəbbimizə, sözümüzə çəkildik,
Adın dilimizdən düşmədi bir an.
Zaman – yalançı zaman,
Zaman – talançı zaman
Səni könlümüzdən silə bilmədi…

Zaman-zaman özümüzdən gen düşdük,
Milyon-milyon kilometr uzaqlaşdıq…
Bir də gördük – gözümüzə gün düşdü,
Bir də gördük – içimizə gün düşdü,
hardan düşdü – bilmədik…
O gün – Sənin işığındı,
Ruhumuzla görüşdü.
Bir olan Allah,
Var olan Allah,
Bizə yar olan Allah!
Tilsimə düşəndə, dara düşəndə,
Tutdun qolumuzdan – qollar sevindi,
Açdın yolumuzu – yollar sevindi.
Axşamlarım, səhərlərim sevindi,
Göyüm, yerim sevindim.

O axşam da Sənindi,
O səhər də Sənindi,
Yer də, göy də Sənindi,
Bu ömür də Sənindi.
Alnımın yazısı da,
Ürəyimin qırışı da, arzusu da,
Kəsdiyim çörək də, içdiyim su da
Sənindi, Sənin!
Oğlum, qızım da,
Şerim-sözüm də
Sənindi, Sənin!

* * *

Hara getdim,
Hardan keçdim –
Xəyalımda Səni gördüm…
Gördüm Səni bu dünyanın
Hər yanında, hər ucunda.
Gördüm, gördüm –
Göylər Sənin ovcunda,
Yerlər Sənin ovcunda,
Dərya Sənin, orman Sənin ovcunda,
Cahan Sənin ovcunda,
Zaman Sənin ovcunda,
Mən də Sənin ovcunda…

Sən – dünyanın üstündə, taxt-tacında…
Dünya – yaşlı ada kimi
Sənin ovcunda.
Hərlənirik, fırlanırıq ovcunda,
Yeriyirik,
yürüyürük ovcunda,
Doğuluruq, çürüyürük ovcunda,
Baş daşımız,
göz yaşımız – ovgunda…
Baxışınla dünya nura boyanır…
Baxışların altında
dünya yatır, oyanır.
İşığın bu dünyaya
Necə gərəkmiş, necə!
Röyalarda dərgahına uçuram
Hər gecə, hər gecə!
Gedib çata bilmirəm,
Çatıb, tuta bilmirəm.
Dərgahına gedən yol
Yaman uzundu,
Yol gedirəm hələ də…
Sənin işığından güc alam gərək,
Bir ömür, min ömür borc alam gərək.
Silkinib, çıxsaydım günahlarımdan,
Şeytan yuvasını yıxa bilsəydim,
Sənin işığının zərrəsi altda
Özümə uzaqdan baxa bilsəydim,
Sənin baxışının duruluğunu
Gözümə bilyorlluq yığa bilsəydim-
Diz çökub, öpərdim nur yağışını…

* * *

Bağışla, Tanrım, bağışla…
«Bağışla» deməyə üzümüzmü var?!
Sınağa çək indən belə
Məni bircə baxışla.

…Gecələri sıxıldım…
İlbiz kimi öz içimə yığıldım.
Dərd əlindən usandım.
Qan çanağı Rusiyanın qanlı əli
Zaman-zaman üstümüzə uzandı,
Bizi qan içində boğmaq istədi,
Tanrımıza sevgimizi
İçimizdən, çölümüzdən
Yığmaq istədi.

Adını çəkənin dili kəsildi,
Adını tutanı – güllələdilər,
Tanrıya uzanan əlim kəsildi.
Beləcə, Rəbbimdən əlim üzüldü…
«Lallahəillallah»ı dilimdən qopardılar,
könlümdən qopardılar…
Şər yeridi üstümüzə alay-alay,
qoşun-qoşun,
Şər yürüdü içimizə
Kurşun-kurşun…
O qoşunun içindən,
O kurşunun içindən
Tanrım, adın ucaldı,
Qalxdı, qalxdı sonsuzluğa,
Şeytan qaldı yana-yana, baxa-baxa…

* * *

İnsan oğlu, Adəm oğlu,
«Bağışla» deməyə üzümüzmü var,
sözümüzmü var…
Günaha batmışıq, günaha, qardaş,
Qərinələr boyu,
sənələr boyu…
Boğuluruq günah dəryalarında…
Kim çıxarsın bizi ordan-
Bizə boy verməyən günahımızdan,
Əlimizdən kim tutsun?
Günah dəryasını bəs, kim qurutsun?

* * *

Rəbbim, səbrim böyük, ürəyin böyük-
Pənahım da Sən,
Gümanım da Sən,
Müqəddəs əlini uzat bizlərə,
Tut əlimizdən,
Çıxar günah dəryasından.
Günahlar içində qovrulan mənəm,
Tövbələr içində qıvrılan mənəm…
Mənə bu dünyanı çox görmə, Allah.
Bağışla, bağışla, bağışla,
Sınağa çək indən belə
Mənim bircə baxışla!..

* * *

Mənə bu dünyanı çox görmə, Allah…
Sənin gözlərinlə gördüm, İlahi,
Gördüm bu dünyanın hər üzünü mən,
Gülləyə tutulan gecəsini mən.
Çarmıxa çəkilən gündüzünü mən…

Mənə bu dünyanı çox görmə, Allah…
Gördüm bu dünyanın hər üzünü mən.
Gur-gur guruldayan, «dağ» kimi «uca»
Bir ad kölgəsində yaşayanları,
Var-dövlət,
şan-şöhrət,
harayı qismət.
Büsat kölgəsində yaşayanları…

Mənə bu dünyanı çox görmə, Allah,
Gördüm bu dünyanın hər üzünü mən…
Büllur bulaq kimi, saflıq içində
Gözləri dumduru, əlləri nurlu,
İşıqlı-işıqlı adamlar gördüm,
İşıq yaraşıqlı adamlar gördüm-
Beşcə addımlıqdan vurur işığı,
Sənin işığından güc almışdılar…

Sənin gözlərinlə gördüm, İlahi,
Gördüm bu dünyanın oyunlarını-
Qoyunu yerində çobanlarını.
Çobanı yerində qoyunlarını…

* * *

…Biz zaman Göy Yerə yaxındı, yaxın…
Adamlar can deyib, can eşidərdi.
Birdən… iblis gəldi, gəldi bir yığın,
Göylərə dirəndi insanın dərdi.
Sənin qəzəbinə tutulduq, Tanrım-
Göy-göyə çəkildi, Yer qaldı – yerdə,
Göylə Yer qovuşmaz, qovuşmaz bir də…
Elə o zamandan, elə o gündən
Ümidimiz ətəyindən asıla qalıb,
Elə o zamandan, elə o gündən
Əlimiz göylərə uzalı qalıb…
«Bağışla» deməyə üzümüzmü var,
sözümüzmü var?..

* * *

Yaxşı ki, Sən varsan başımın üstə,
Bu dünyadan böyük adın var, Allah!
Adını, özünü anıram hər gün,
Mənim and yerimsən, andım var, Allah…

Bu necə «yoxluqdur»… göynəyir sinəm…
Yaxsı ki, mən Məni görmürəm yenə-
Bircə adın belə bəs eləyər mənə.
Hərdən elə bilirəm,
Yüz ildi, min ildi həsrətindəyəm –
Yüz ilin, min ildi həsrət yolundan
Keçib gedə-gedə yaman yoruldum.

Yaxşı ki, Sən varsan başımın üstə,
Yaxşı ki, adın var-
Uçaqların qanadında
səksəkəli-səksəkəli uçan adın,
yerin-göyün fəryadında
ümid kimi mənə sarı qaçan adın.
Yeraltı, yerüstü gümanım mənim,
Gözəgörünməyən həyanım mənim…

Yaxşı ki, Sən varsan başımın üstə…
Yaxşı ki, Sən varsan başımın üstə…
Sən mənim ən böyük ucalığımsan,
Xəyalından tuta-tuta,
Bu dünyaya qəzəbimi uda-uda
Hərdən ucalığa qalxıram mən də,
Sənin ucalığına.
Birtəhər silkinib çıxa bilirəm
Çıxıram,
qalxıram o ucalığa.
Gözüm qaralır
Sənin ucalığından dünyaya baxa-baxa.
Baxıram, özümə yazığım gəlir,
Baxıram, özümə gülməyim gəlir,
Yaşamağım gəlir, ölməyim gəlir
Sənin ucalığında…

Cığırından çıxan qıraşqa sayaq
Karıxan,
vurnuxan adamlara bax-
Nə olub onlara, hara qaçırlar
Sənin ucalığından…
Qeybətlər-söhbətlər, dedi-qodular
Düşüb, ayağının altında qalar.
Sonra dünya özü də
Gözlərimdə ucalar-
Sənin kimi,
adın kimi,
andım kimi.
Bu alçaq tavanlı evlərimizdə
Yaxşı ki, Sən varsan başımın üstə.
Yaxşı ki, Sən varsan, adın var yenə-
Bircə adın belə bəs eylər mənə…
Yeraltı, yerüstü gümanım mənim.
Gözəgörünməyən həyanım mənim…

* * *

Şeytanların, iblislərin acığına
Bayraq kimi qaldırmışam adını,
Qaldırmışam ucaldıqdan-ucalığa.
Bu bayrağın altında
«Tanrım, yar ol» - deyə-deyə
yeriyirəm,
yüyürürəm gələcəyə…

Mənə qanad ver, Allah,
Mənə inad ver, Allah-
Keçim Sənin sınağından.
Səbri özündən böyük,
Tanrım, bağışla məni,
Sınağa çək, indən belə
Bircə bağışla məni,
Tanrım, bağışla məni…
Tanrım, bağışla məni…

Ocaq, 1995
Bakı
XS
SM
MD
LG