Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:40

ABŞ konqresmeni azərbaycanlılarla bağlı qətnamə layihəsi hazırlayıb


Dana Rohrabacher
Dana Rohrabacher
ABŞ-ın Nümayəndələr Palatasına sentyabrın 12-də azərbaycanlılarla bağlı qətnamə layihəsi təqdim olunub. Konqresmen Dana Rohrabacherin hazırladığı layihə Xarici İşlər Komitəsinə göndərilib.

Layihədə Konqresin belə bir mövqeyi ifadə olunur ki, hazırda Azərbaycanla İran arasında bölünmüş Azərbaycan xalqının öz müqəddəratını təyin etmək və suveren ölkə kimi mövcud olmaq haqqı var. Qətnamənin mətnini təqdim edirik:

«Azərbaycan xalqı qədim dövrlərdən bəri məğrur və fərqli milli, mədəni və dini xüsusiyyətini saxlayıb;

İranda əsasən etnik azərbaycanlıların yaşadığı vilayətləri Tehran hökuməti Şərqi və Qərbi Azərbaycan adlandırır, beləliklə də azərbaycanlıların vətəninin ikiyə bölünməsini təsdiqləmiş olur;

Azərbaycan torpağı 1828-ci ildə Rusiya və İranın imzaladığı Türkmənçay müqaviləsi ilə, azərbaycanlıların razılığı olmadan ikiyə bölünüb;

1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan Respublikasının müstəqillik qazanması ilə azərbaycanlılar qismən azadlıq əldə ediblər;



Birləşmiş Ştatların siyasəti İrandakı azərbaycanlıların nümunəsində olduğu kimi təcavüzlə və insan haqları pozuntuları ilə mübarizə aparmaq olduğu üçün –

Nümayəndələr Palatası (Senat ilə birlikdə) qərara alır ki, Konqresin ümumi rəyi belədir:
Hazırda Azərbaycanla İran arasında bölünmüş Azərbaycan xalqının öz müqəddəratını təyin etmək hüququ var. Onlara digər millətlər arasında öz statusunu seçmək, xarici təzyiq olmadan sülh və əmin-amanlıq içində yaşamaq imkanı verilməlidir».

BİZİM ÇOXDANKI ARZUMUZDUR Kİ...

Fazil Mustafa
Fazil Mustafa
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fazil Mustafa deyir ki, burda «ayrı niyyətlər» olsa da, Azərbaycanın milli idealları ilə bağlı olduğundan müsbət qarşılayır:

«Çünki bizim çoxdankı arzumuzdur ki, Azərbaycanın birləşməsi məsələsi dünya arenasında müzakirə olunsun, diqqətə gətirilsin və ən azı ciddi bir problem kimi qəbul olunsun. Əgər bu gün ABŞ-ın Nümayəndələr Palatasında bu istiqamətdə ən azı söhbətlər belə aparılırsa, buna ancaq müsbət yanaşmaq lazımdır. Hesab edirəm ki, Azərbaycan da öz tərəfindən təşəbbüslərini artırmalıdır ki, əvvəl-axır bütün bölünmüş xalqlar kimi Azərbaycan xalqı da bütöv dövlət və bütöv millət anlayışına sahib olmalıdır».

Deputatın fikrincə, Azərbaycan tərəfi bunu gündəmdə tuta bilsə, bu, gerçəkləşməsi mümkün olmayan məsələ deyil.

AZƏRBAYCAN XALQINDAN SUİ-İSTİFADƏ ETMƏK İSTƏYİRLƏR

Politoloq Zərdüşt Əlizadə isə fərqli düşünür, onun fikrincə, böyük dövlətlər Azərbaycan xalqından sui-istifadə etmək istəyir:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
«Rusiya İranla düşmənçilik edir, İrana ziyan vurmaq istəyir, özü kənarda durub Seyid Əhməd əli ilə ilan tutmaq istəyir. Azərbaycan xalqından istifadə etmək istəyir. Ona görə də çox ziyanlı
«Vahid Azərbaycan» ideyasını ortaya atıb. Bu, işləsə-işləsə, böyük qırğınlara səbəb olacaq, amma Azərbaycan xalqına zərrə qədər də xeyir gətirməyəcək. Amerikan imperiyası Şərq ölkələri ilə əlaqədar «ayır-buyur» siyasəti həyata keçirirlər».

Bu qətnamə layihəsi yalnız siyasi iradənin nümayişidir və qanuni qüvvəsi yoxdur, hələ təsdiq olunmalıdır.

Konqresmen Dana Rohrabacher bu yaxınlarda Bakıda da olub.
XS
SM
MD
LG