Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:50

Vəkil Gürcüstandan gətirdiyi maşını Gömrük Komitəsinin sədrinə bağışlayır


Vəkil Bəhruz Bayramov və onun avtomobili
Vəkil Bəhruz Bayramov və onun avtomobili

-
Vəkil Bəhruz Bayramov dövlət rüsumundan əlavə pul istənildiyi üçün Gürcüstandan gətirdiyi avtomobildən imtina etdiyini deyir. Bildirir ki, 15 min dollara aldığı avtomobilə görə 7326 manat dövlət rüsumu ödəməli olduğu halda, Lökbatanda yerləşən Avtonəqliyyat Gömrük İdarəsində ondan 10 min manat istənilib.

*73 min nəfər Youtube Kanalımıza abunə oldu və hər gün yeni video izləyir. Sən də kanalımıza abunə ol

Rüsumdan əlavə rüşvət vermək fikrində olmadığını deyən B.Bayramov Gömrük Komitəsinin sədri Aydın Əliyevə teleqram vuraraq özü üçün aldığı «Mercedes»i ona bağışlamaq istədiyini bildirib:


«Aldığım maşının dəyəri qədər məcburam pul verəm. Niyə istəyirlər? Mən avtomobili Gürcüstandan 15 min dollara almışam. 2009-cu ilin maşınıdır, bir az əzilib. Motorun gücü 3500 kub m.-dir. Gömrük tariflərini kalkulyator ilə hesabladım, 7326 manat edir. Amma məndən 10 min manat istəyirlər. Deyirəm sənəd verin, mən məhkəməyə müraciət edim, vermirlər. Mənim də imkanım yoxdur o pulu verməyə. Dövlət Gömrük Komitəsinin sədrinə teleqram vurdum ki, mənə şəxsiyyət vəsiqəniz barədə məlumatları göndərin, istənilən pulu ödəyə bilmədiyim üçün avtomobili sizin adınıza keçirməklə bağışlayım. Mətbuat konfransı keçirib bunu rəsmi bəyan edəcəm».


B.Bayramov Gömrük Komitəsindən cavab almadığı üçün üzləşdiyi problemlə sentyabrın 13-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də müraciət etdiyini, amma hələ də cavab almadığını bildirir.

Baş Prokurorluqdan isə deyirlər ki, B.Bayramov adlı şəxsdən nə prokurorluğa, nə də Korrupsiyaya qarşı Mübarizə İdarəsinə hər hansı müraciət daxil olub.

TƏKRAR MÜRACİƏT DƏ NƏTİCƏSİZ QALIB

Vəkil Avtonəqliyyat Gömrük İdarəsindən qayıdır
Vəkil Avtonəqliyyat Gömrük İdarəsindən qayıdır


Sentyabrın 14-də biz B.Bayramovla birgə yenidən Lökbatanda yerləşən Avtonəqliyyat Gömrük İdarəsində olduq. Nəzarətçi yalnız avtomobil sahibini İdarəyə buraxdı. Biz isə İdarənin dayanacağında gözləməli olduq. Təxminən yarım saatdan sonra qayıdan vəkilin dediyinə görə, bu dəfə də ondan əvvəlki məbləğ istənilib:


«Ərizə yazdım ki, niyə 10 min manat ödəməliyəm, xahiş edirəm mənə rəsmi arayış verəsiniz. Nə arayışı verdilər, nə də məndən ərizəni götürdülər. Dedilər biz verə bilmərik, ancaq Gömrük Komitəsinin xəbəri olandan sonra onlar verə bilər. Bu qədər qanunsuzluq, bu qədər ədalətsizlik görməmişəm. Heç olmasa, vətəndaşın müraciətinə bir cavab verilməlidir».


Hələ ki vəziyyət B.Bayramovun zərərinə işləməkdədir. O, avtomobili Gömrük İdarəsindən götürmədikcə hər gün dayanacaq xərci kimi idarəyə 20 manat ödəmək məcburiyyətindədir.

GÖMRÜK KOMİTƏSİ GÜRCÜSTANDAN GƏLƏN MAŞINLARIN QİYMƏTİNDƏN ŞÜBHƏLƏNİR

Dövlət Gömrük Komitəsində isə Bəhruz Bayramovun dedikləri ilə razılaşmırlar. Komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov 2009-cu il istehsalı olan «Mercedes»in 15 min dollara olmasını inandırıcı saymır.

2009-cu il istehsalı olan «Mercedes»
2009-cu il istehsalı olan «Mercedes»

Deyir Gürcüstandan avtomobil gətirənlər orda sövdələşməyə gedib rəsmi sənədlərdə qiyməti ucuz yazdırılar:


«Gürcüstanda ora istənilən qiyməti yazdıra bilərlər. Əsas o deyil, o maşına ekspert qiymət qoymalıdır. Gürcüstandan 10 min manatlıq maşını alırlar, orda yazdırırlar 3 min. Gətirirlər Azərbaycana, deyirlər biz 3 minə almışıq. 2009-cu ilin «Mercedes»i Gürcüstanda 15 min dollara ola bilər? Zədəsi olsa belə, bu maşının qiyməti 15 minə ola bilməz. O, yazdırıb gətirib. Sonra da yapışır Gömrüyün yaxasından ki, məndən çox pul istəyir. İdarədə ona bu məsələni 100 faiz deyiblər. Sadəcə o, bunu qəbul etmək istəmir. Gürcüstanda mən də dəfələrlə olmuşam. Bazardan çıxanda xahiş edib qiyməti aşağı yazdırırlar. Bir az hörmət edirlər, 10 mini yazırlar 5 min. O qədər belə hadisələr olur. 2007-ci ilin X5–ni gətirib deyilər 10 minə almışıq. Ola bilməz axı, bu, absurddur. Gürcüstanda bizim də nümayəndələrimiz var, onlar baxıb görürlər orda nə neçəyədir».


N.Axundov bildirir ki, Gürcüstanda yazılan qiymətlərə şübhə ilə yanaşdıqlarından rüsum Gömrük Komitəsi ekspertlərinin qiymətləndirməsinə əsasən alınır.

«BU MƏSƏLƏDƏ GÖMRÜK KOMİTƏSİ HAQSIZDIR»

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə yaranmış vəziyyətdə Gömrük Komitəsini haqsız sayır. Hesab edir ki, Komitə qiymətlərə şübhə ilə yanaşırsa, onda Azərbaycan hökuməti bu məsələni Gürcüstanla həll etməlidir. Ya da Komitə məhkəməyə müraciət edə bilər:


«Məsələn, məhkəməyə verə bilər ki, mən inanmıram. Məndə ciddi şübhələr var ki, bu maşın və malın qiyməti filandır. Gömrük Komitəsinin nə ixtiyarı var ki, qiymət qoysun. Tək Gürcüstan deyil, Amerikadan gətirilən maşınlara da deyirlər ki, qiymətini az yazdırıblar».


İQTİSADÇI DA GÖMRÜKDƏN ŞÜBHƏLƏNİR

N.Cəfərli deyir ki, tək Gürcüstan deyil, Gömrük Komitəsi digər ölkələrdən gətirilən avtomobillərlə bağlı da eyni mövqedədir. İqtisadçının fikrincə, belə çıxır Azərbaycan gömrüyü dünyada ən təmiz gömrükdür, qalan bütün ölkələrdə gömrük rüşvətlə işləyir.

İqtisadçı Azərbaycan gömrüyündəki mövcud qiymətləndirməni bu sistemdə ikili mühasibatlıqla əsaslandırır:


«Ötən il ödənilən vergilərə nəzər salanda aydın olur ki, buraxılış ilindən və qiymətindən asılı olmayaraq, avtomobillərin ortalama qiyməti 7 min manatdır. Ölkəyə gətirilən bahalı maşınların günü-gündən çoxaldığını bir vaxtda orta qiymətin 7 min manatdan hesablanması inandırıcı deyil. Bu, Gömrük Komitəsində ikili mühasibatlığın olması haqqında şübhələr yaradır».
XS
SM
MD
LG