Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:40

Daş karxanaları da metal zavodlarının aqibətini yaşayır


Güzdək karxanası
Güzdək karxanası
-
Metal zavodlarından sonra növbə daş karxanalarına çatıb. Sentyabrın 18-də Binədəki daş karxanalarının bir neçəsi bağlanıb. Özlərini Abşeron rayon torpaq şöbəsinin əməkdaşları kimi təqdim edən şəxslər 6 daş karxanasının fəaliyyətini dayandırıblar. Adının çəkilməsini istəməyən karxana sahibinin dediyinə görə, onlara ərazinin başqa bir şəxs tərəfindən alındığını deyiblər:

«Nə bilim kimlərdir, bütün karxanaları, torpaqları alırlar».

BİNƏDƏKİ KARXANALARI İCRA HAKİMİYYƏTİ BAĞLAYIB

Abşeron rayon İcra Hakimiyyətindən faktı təsdiqləyiblər. Torpaq şöbəsinin müdiri Mübariz Vəliyev AzadlıqRadiosuna həmin müəssisələrin qeyri-qanuni fəaliyyət göstərdiyini deyib.

Ərazidə olan mülkigeyimlilərə gəldikdə, şöbə müdiri həmin şəxslərin icra hakimiyyətinin əməkdaşları olduğunu bildirir. Mübariz Vəliyev ərazinin başqa bir şəxs tərəfindən alınması barədə deyilənləri isə təkzib edib.

QARADAĞDA DA KARXANALARA BASQILAR VAR

Qaradağ rayonu ərazisindəki daş karxanalarında da bu kimi halların baş verdiyi bildirilir. Bu rayondakı karxanalardan birində çalışan Səfər Əliyev deyir ki, karxanaların sahibkarların əlindən alınması və ya fəaliyyətinin dayandırılması halları əvvəllər ara-sıra olsa da, son vaxtlar belə hallar intensivləşib:

«Rayon icra hakimiyyətindən deyirlər ki, siz haqq verməlisiniz. Verilən haqq onları qane etməyəndə deyirlər ki, sənədlər düzgün deyil, hansısa qanun pozuntusu var və s. Onların özünün hazır dəstələri var. Sənin yerini əlindən alıb ərazidən çıxarandan sonra öz adamlarını yerləşdirirlər karxanalara. Növbəti adamlar onların işçisi olur. Onlara da ayda 500-1000 manat maaş verilir».

«İNDİ KARXANALAR NEFT KİMİ GƏLİRLİ SAHƏDİR»

Həmsöhbətim deyir ki, əvvəllər hamının «çirkli» sahə hesab etdiyi daş karxanaları indi əvəzolunmaz gəlir mənbələri sayıldığından onları yavaş-yavaş əvvəlki sahiblərindən
Güzdək karxanası
Güzdək karxanası
alırlar:

«Özü qara işdir, amma bu sahə neftdən sonra, tikinti bumu başlayandan bəri ən çox pul gətirən sahədir. Proses haradasa bir ildir başlayıb. Əvvəllər bir-iki daş karxanası sahiblərindən alınmışdısa, indi ardıcıllıqla yuxarıdan aşağı araşdırılar. Deyirlər ki, yox, sizin fəaliyyət bizi qane etmir və ya sənədlər qaydasında deyil».

DAŞ KARXANALARININ SAHİBLƏRİ NƏDƏN ÇƏKİNİR?

Səfər Əliyev daş karxanalarının sənədlərində xeyli problemlərin olduğunu bildirir. Deyir karxanaların fəaliyyətini dayandıranlar, onları sahibkarların əlindən alanlar öz addımlarına qanuni don geyindirmək üçün bu problemləri qabardırlar. Bu səbəbdən sahibkarlar özlərini günahkar sayıb harasa şikayət etməkdən çəkinirlər, problemin özlərinə qarşı yönələcəyindən ehtiyatlanırlar.

Qaradağ rayon İcra Hakimiyyəti isə daş karxanalarına qarşı hər hansı tədbir görmədiklərini deyirlər. İcra hakimiyyətində hesab edirlər ki, müəssisələrin fəaliyyətinə problem yaradan mülkigeyimlilər varsa, bunun onlara hər hansı aidiyyəti yoxdur:

«Abşeron rayonunda belə bir hal olub. Sentyabrın 14-də məhkəmə yolu ilə Gülbaxt daş karxanasında 7-8 müəssisənin fəaliyyəti dayanıb, bəlkə siz onu deyirsiniz? Ümumiyyətlə, daş karxanalarının fəaliyyətinin dayandırılması bizim rayona aid deyil, bu, Abşeronda baş verib. Biz əslində karxanaların işləməsində maraqlıyıq».

RUSİYAYA DAŞINAN DAŞLAR
Nazim Məmmədov
Nazim Məmmədov

Hələ bu ilin yanvarında «Azadlıq» qəzeti Gülbaxt daş karxanasında baş verən hadisələrdən yazıb. Qəzet iddia edir ki, həmin karxanada keyfiyyətli sütun daşlar çıxarılır ki, bu da hakimiyyətə yaxın oliqarx tərəfindən Rusiyaya aparılır.

BUNDAN ƏVVƏL METAL ZAVODLARINA MÜDAXİLƏ BAŞLAYIB

Bu ilin yayında Bakıda və ətraf qəsəbələrdəki 30-a yaxın metal zavodunun fəaliyyəti dayandırılıb. Bir-bir həmin müəssisələrə gedən mülkigeyimlilər göstərişin «Baku Steel Company» tərəfindən gəldiyini bildiriblər. Onların bəzisinin əvəzi ödənilmədən əmlakı da əllərindən alınıb. Amma «Baku Steel Company» iddiaları təkzib edib.

Həmin zavodlardan birinin təsisçisi, sabiq deputat Nazim Məmmədov daş karxanalarına qarşı da eyni addımların atılmasını mümkün sayır:

«Sahibkarlığın inkişafına dövlətin baxışı birmənalıdır. İnhisarçılığın çiçəklənməsində dövlət başçısı heç vaxt maraqlı deyil. Ancaq ayrı-ayrı şəxslər, oliqarx qruplar və ya ayrı-ayrı şəxslər daha çox mənfəət əldə etmək üçün başqalarının hüquqlarını pozmağa cəhd edə bilərlər».

Nazim Məmmədov əsassız müdaxilələrlə üzləşən və ya fəaliyyətləri dayandırılan müəssisə rəhbərlərinə öz problemlərini hüquqi yolla çözməyi tövsiyə edir.
XS
SM
MD
LG