Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:50

1-ci qrup əlil: «Dərk eləmirlər ki, biz də yaşamaq istəyirik»


Arxiv foto
Arxiv foto
Bərdədən «Qaynar xətt»ə üz tutan 1-ci qrup əlil Əli Orucov deyir yaşamaq ona bir dərd olub ki, həkimlər bu dərdinin dərmanını ona qıymırlar. 22 ildir əlilliyi, 15 ildən artıqdır rayon səhiyyə şöbəsi ilə çarpışır. Əlil arabasını hər gün rayon səhiyyə şöbəsinə sürür ki, bəlkə o da dövlətin pulsuz dərmanlar siyahısında olan 141 dərmandan birini əldə edə. Amma çifayda.

HƏR GÜN RAYON SƏHİYYƏ ŞÖBƏSİNƏ SÜRÜLƏN ARABA

«Hər gün gedirəm Bərdə rayon Səhiyyə Şöbəsinə, arabanı saxlayıram binanın qarşısında, tək ayağımı sürüyə-sürüyə, onun-bunun köməyi ilə qalxıram üçüncü mərtəbəyə, hər gün ümid edirəm ki, bəlkə bu dəfə ürəklərinə rəhm düşər, mənə o pulsuz dərmanlardan verərlər. 1-2 saat əsəblərimi korlayıb yenə tək ayağımı sürüyə-sürüyə birtəhər düşürəm aşağı. Məndən başqa bir oğlum da üçüncü qrup əlildir, əslində ona ikinci qrup əlillik düşür, ancaq buna görə rüşvət istədilər, 2-ci qrup əlilliyi vermədilər ona. O da pulsuz dərmanla təmin olunmalıdır. Ata-bala qalmışıq rayon səhiyyə şöbəsinin ümidinə, onlar da bizə nəinki xəstə, heç insan kimi münasibət göstərmirlər. Bir həqiqəti dərk etmək istəmirlər ki, biz də yaşamaq istəyirik».

Əli Orucov deyir ki, Prezident Administrasiyasına, Səhiyyə Nazirliyinə dəfələrlə məktublar yazıb, teleqramlar vurub:

«SƏHİYYƏ ŞÖBƏSİ NAZİRLİYİN YAZDIĞINI DA OXUMUR»

«Prezident Administrasiyası məktublarımı göndərir Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyi də yazır ki, Əli Orucov və oğlu pulsuz dərman preparatları ilə təmin olunsun. Yazdığının birini mənə göndərir, birini də səhiyyə şöbəmizə. Səhiyyə şöbəsi Səhiyyə Nazirliyinin yazdığını da oxumur. Gedirəm, deyirlər maliyyə vəsaiti yoxdur, pulsuz dərman ayrılmır».

Arxiv foto
Arxiv foto
Əli Orucova pulsuz verilməli olan dərmanların siyahısı:

Kartan (ampula) - ürək işemiyası üçün
Trental (ampula) - qan dövranı üçün
Aktovegin - arterial skleroz üçün
Vnebral – qanı durulaşdırmaq üçün
Nika-şpa - ürəyin fəaliyyətini tənzimləyir
Kardikat – ürəyin fəaliyyətini tənzimləyir
Kardioaspirin –ürəyin fəaliyyətini tənzimləyir

3 yaşında qorxu nevrozu keçirmiş və ömürlük əlil olmuş 21 yaşlı oğlu Məhəmməd Orucova pulsuz verilməli olan dərmanlar:

Sikladol
Priptazin
Ankisirin
Mediton


Məhəmməd Orucov 67 gün Maştağadakı 1 saylı ruhi-əsəb xəstəxanasında müalicə olunub. Əli Orucov deyir ki, oğlu köməksiz özünü idarə edə bilmir. Qeyd olunan dərmanları gündəlik qəbul edir, 3 gün bu dərmanları qəbul etməsə, vəziyyəti ağırlaşır və acı nəticələrə səbəb olur. İddia edir ki, bununla belə ona 1-ci qrup əlillik verilmir.

«SİYAHIDA NƏ VAR ONU VERİRİK»

Bərdə rayon səhiyyə şöbəsinin müdir müavini Novruz Babayev deyir ki, Əli Orucovun oğlu 3-cü qrup əlil olduğuna görə ona pulsuz dərman verilmir. Özü isə 1-ci qrup əlil kimi pulsuz dərmanların siyahısında olan dərmanlarla təmin olunur:

«Biz onu bu yaxınlarda xəstəxanada da yatırtmışıq, siyahıdakı dərmanları da pulsuz veririk. Ancaq o, pulsuz dərman siyahısında olmayan dərmanları da bizdən pulsuz əldə etmək istəyir. 1-ci qrup əlil olmur kim olur-olsun, siyahıda nə var onu veririk. Siyahıdan kənar dərman vermirik. Bir də ki, bu dərman konfet deyil ki, bütün günü qəbul edəsən. Adama nə qədər dərman verərlər? Biz nə bilək ki, bu adam o dərmanları kənarda aparıb satmır?».

Üstəlik N. Babayev deyir ki, həkim təyinatı olmadan onlar dərman verə bilməzlər.

Fariz Namazlı
Fariz Namazlı
Vəkil Fariz Namazlı məsləhət görür ki, Əli Orucov Məhkəməyə müraciət etsin. Məhkəmə əlilə pulsuz verilməli olan dərman preparatlarının verilməsi vəzifəsini Səhiyyə Nazirliyi və qurumun ərazi üzrə şöbəsinin üzərinə vəzifə kimi qoymalıdır.

Vəkil: «Nazirliyin maliyyə problemləri əlili pulsuz dərman preparatları almaqdan məhrum edə bilməz».

Vəkil deyir ki, Əli Orucov məhkəməyə müraciət edərsə, mütləq müsbət nəticəsini görəcək.
XS
SM
MD
LG