Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:37

Nəhənglərin cırtdan doğuşu – bizim Mustafa…


İradə Musayeva
İradə Musayeva
-

Mustafa gecə-gündüz oxuyur “nəhəng”ləri oxuyur, həzm edir, amma böyümür, artmır, balinanın qarnındakı balaca balıq kimi qeyri-ixtiyari idarə olunur.

Qan Turalı Mustafadan danışır, Mustafalıqdan və onu yaradan, istedadlı və vicdanlı bir gəncə Mustafa taleyi (darıxdırıcı, üzücü, nakam, uğursuz) yaşadan ictimai-siyasi-sosial mühitdən yox…

Mustafanın mütaliəsi, mübarizəsi, inqilabı oxucusuna heç nə vermir. Mustafanın özü də… Elə “Mustafa” əsəri də…



Tənqidçi İradə Musayeva bu məqaləsi ilə yazıçı Qan Turalının "Mustafa" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


İradə Musayeva


NƏHƏNGLƏRİN CIRTDAN DOĞUŞU - BİZİM MUSTAFA...

"Yazıçı olmaq üçün əvvəlcə adamın daxili dünyası geniş olmalıdır. Yazılanlar ilk növbədə bu dünyadan keçib, bu dünyada yaşanılmalıdır". (Qan Turalı)

Yazıçılıq haqqında bu resepti “Mustafa” romanının müəllifindən aldıq. (“Mustafa” romanı, s. 87) öz “yazı mətbəxi”ndə bu reseptdən istifadə etməsə də, ədəbi tövsiyələrində yazıçılığın nəzəriyyəsi üçün vacib şərt kimi təqdim etdiyi yazıçı olmağın sirri-resepti qəbulediləndir…

Mustafa – tanış oğlandır, tələbə, “doyumsuz mütaliə” aşiqi, sevgililərinin hesabını itirən, siyasi mübarizəyə qoşulan, darıxan, unudan, unudulan, ümidsiz, yorğun dünyanın ən
əşhur imzalarını – filosofları, yazarları oxuyub, dünyaya onların aforizmləri, fəlsəfi qənaətləri ilə baxan balaca Mustafa…

Mustafa özü deyil, əsər boyu bu oğlanın öz simasını, obrazını, şəklini cızmaq istədik, fəqət Kamyudan, Dostoyevskidən, Nitşedən, Diogendən, Asif Atadan, Ə. Nesindən, Erix Frommdan, Selincerdən, sufilərdən, Trotskidən, Ostrovskidən, İsa peyğəmbərdən, Məhəmməd peyğəmbərdən , Əbu Bəkrdən, Hegeldən, Marksdan, Engelsdən, Lafarqdan, Atilla İlhandan və daha onlarla nəhəngdən qopub tökülmüş “yığma” bir Mustafa çıxdı ortaya… Nəhənglərdən doğulan “Mustafa”. Mustafa gecə-gündüz oxuyur “nəhəng”ləri oxuyur, həzm edir, amma böyümür, artmır, balinanın qarnındakı balaca balıq kimi qeyri-ixtiyari idarə olunur.

Müstəqillik dövrü dediyimiz zamanın narazı və özünə mübarizlik, cəsarət təlqin edən qəhrəmanı əsərdəki digər obrazlar – Sevinc, Xəyal, Nilufər, Osman abi, Qafqaz, Rəşadət, Dəniz, Mahir və başqalarından heç nə ilə fərqlənmir. Müəllif öz ideyasını Mustafaya köçürə bilməyib. Çünki onun özünün orijinal, mükəmməl ideyası və bu ideyanı özünəməxsus üslubla təqdimetmə imkanları məhduddur.

Mustafa üç mərhələdən keçir, üç vəziyyətdə özünü sınayır. 1. Dünyanı ağlı, intellekti, mütaliəsi hesabına dərk etmək, nəzəri-estetik, sosial-siyasi və nəhayət fəlsəfi bilgilərlə aydınlaşdırmaq və yaşam manifesti hazırlamaq. Ancaq bu cəhd onu həyata, reallığa yaxınlaşdırmaqdansa ondan uzaqlaşdırır, gələcək səhvlərə imza atdırır. 2. Özünü tam təlimatlanmış və təşkilatlanmış hesab edən gənc Mustafa elə zənn edir ki, qəhrəmanlıq üçün tarixi məqam yetişib. Ona görə də mübarizə həyatına qədəm qoyur. 3. Üçillik həbs həyatı onu qalmaqallı dairədən çıxmağa və sakit, tərki-dünya həyat yaşamaq sevdasına ürcah edir. Mustafa müəllim olur. Müəllimlik Mustafa üçün arzuladığı nöqtə deyil, sığındığı, gizləndiyi bir nöqtədir.

Əsərin başlanğıcında Mustafanı fərqli və uğurlu qəhrəman zənn etdim. Günümüzün, millətimizin sadə və içərisi ziddiyyətlər və sıxıntılarla, keçilməzliklərlə dolu bir qəhrəmanı. Ancaq əsər boyu Mustafa böyümədi, təsirlərə qapanıb qalan əlacsız bir oğlan oldu. Əlacsız o mənada yox ki, çevriliş, inqilab edə bilmədi, o mənada ki, XXI əsr Azərbaycan gəncliyinin, ümumiyyətlə, Azərbaycan insanının mənəvi faciəsi zaman və ruhi-psixoloji aspektdə onun obrazında əks olunmadı.

Qan Turalı Mustafadan danışır, Mustafalıqdan və onu yaradan, istedadlı və vicdanlı bir gəncə Mustafa taleyi (darıxdırıcı, üzücü, nakam, uğursuz) yaşadan ictimai-siyasi-sosial mühitdən yox…

Qan Turalı
Qan Turalı
Əsərin xeyli hissəsi yuxarıda adları çəkilən dahilərin fikirləri ilə bağlıdır. Məsələn, Asif Ata haqqında, onun əsərlərinin təhlili ilə bağlı mülahizələr bədiilik ab-havasından çıxır. Rəyçi, publisist, bəzən tənqidçi, köşə yazarı və s. mövqelər mətni zənginləşdirmir, əksinə bədii ovqatı söndürür.

Yerli-yersiz tarix, xronologiya da bədiyyata müdaxilə edir. Məsələn: “Universitetin əsası 1919-cu ildə qoyulmuşdu. O dövrdə azərbaycandilli kadr çatışmazlığına görə universitetdə təhsil rus dilində idi. Təhsil rus dilində olsa da, universitetdə rüşvət yox idi. Bu tendensiya 70-ci illərə qədər davam etmişdi. 70-ci illərdən başlayan rüşvət azarı imtahanlara bir o qədər sirayət etməsə də, qəbul vaxtı görünməmiş həddə çatırdı. Indi isə qəbuldakı rüşvət əvvəlki qədər tüğyan etmirdi, lakin rüşvət almayan müəllimlər barmaqla göstərilirdi.” s 70

Dil bəsitliyi, ifadə zorluğu da Mustafanın yaşantılarını bizə çatdırmaqda müəllifə çox mane olur. Hiss olunur ki, qəhrəmanı kimi müəllifin də daxili dünyası açılmamış, potensial imkanları tam təqdim olunmamış qalıb.

Qaldı əsərin janrına – Mustafanın hekayəsinin roman kimi təqdiminə … biz artıq romana qarşı bu cür sadə və məsuliyyətsiz yanaşmaya alışmışıq. Roman nəzəriyyəsini (dünya ədəbi təcrübəsindən söhbət gedir.) alt-üst etmiş Azərbaycan yazarlarının iddiası demək olar ki, ədəbi tənqiddə reaksiyasız qalır. Istənilən bir hekayə və hansısa janrı roman yarlığı altında həzm edirik. Azərbaycan ədəbiyyatının roman maşını çoxdan xarab olub. Uzaq yola çıxa bilmir, oxucu marağının kilometrliklərini fəth edə bilmir, çıxış nöqtəsi ilə dönüş nöqtəsi metrlərlə ölçülür. Istər sujet, istər obrazlar, hadisələrin siqləti, idea - estetik təsir, təsvir və təhkiyə genişliyi roman sanbalı həddinə yaxınlaşmır.

“Mustafa” əsərində obraz, tip, xarakter ola bilməyən surətlər, adlar və adamlar var – sadəcə adlar. Sevinc Nilufərdən, Xəyal Osman abidən, Qafqaz Rəşadətdən nə ilə fərqlənir?

Müəllif Marks, Engels, Stalin nəzəriyyələrini, 1908- ci il türk inqilabını, proletariat – burjuaziya münasibətlərini, formasiyalar “fəlsəfə”sini və nəhayət, Elçibəy şəxsiyyətini sağa-sola hallandırır:

“Trotskinin Stalini tənqid etməsi də bizə xeyli ruh verirdi. Arqumentlər isə lap çox idi. Fikirlərimiz üst-üstə düşsə də bir iclasımızı stalinizmə həsr etməyi qərara aldıq. Stalinizmə münasibət barədə məruzə hazırlamağı Mahirə tapşırmışdıq. Onun oxuduğu məruzədən sonra yekdilliklə “stalinizm”in “təhrif edilmiş markisizm” olduğuna qərar verdik.” s 117.

“Azərbaycanda mövcud sistemin adı maliyyə oliqarxiyası və despotizmdir. Ölkənin sənaye kompleksi, xidmət sektoru bir neçə ailənin əlində cəmləşibdir. Böyük Marksın dediyi kimi iqtisadiyyat siyasətin əsasıdır və buna görə də mövcud maliyyə oliqarxiyası öz məntiqinə uyğun olan despotik bir sistem yaratmışdır.” s 119

Mustafanın mütaliəsi, mübarizəsi, inqilabı oxucusuna heç nə vermir. Mustafanın özü də… Elə “Mustafa” əsəri də…
XS
SM
MD
LG