Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:10

Parlament Gülər Əhmədovanı niyə müzakirə etmədi?


Milli Məclis
Milli Məclis
-
Oktyabrın 1-də Milli Məclisin payız sessiyasının ilk iclası keçirildi. İclasda YAP üzvü Gülər Əhmədovanın qalmaqallı videosunun müzakirə ediləcəyi gözlənilsə də, bu, baş vermədi. Artıq mandatından imtina etmiş Gülər Əhmədova haqqında media yalnız parlamentin foyesində, o da iclasdan əvvəl və fasilədə deputatlardan nəsə eşidə bildi.

YAP-ÇI DEPUTATLARIN MÖVQEYİ

İclasdan əvvəl hakim partiya təmsilçilərindən deputat Aydın Mirzəzadə YAP-ın yolunun bu cür hərəkət edənlərlə bir olmadığını bildirdi. Dedi ki, bu cür faktlar olduqca partiya onlara qarşı qətiyyətlə addım atır. Özü də onun fikrincə, Gülər Əhmədova ilə bağlı qalmaqal Azərbaycan parlamentinin işgüzar imicinə heç bir zərbə vurmur. Aydın Mirzəzadə bu hadisəyə görə parlamentin buraxılması barədə İctimai Palatanın tələbini konstitusiyanı bilməməkdən irəli gələn bəyanat adlandırır.

Aydın Mirzəzadənin bu açıqlaması iclasda məsələnin müzakirəsinə ümidləri artırsa da, digər YAP-çı deputat - Məlahət Həsənovanın artıq bu barədə danışmaq istəməməsi müəyyən şübhələr də yaratmış oldu:

«Mən ilk gündən Gülər Əhmədova ilə bağlı sözümü demişəm».

İclasın gedişində isə ümidlər yox, şübhələr özünü doğrultdu. Spiker Oqtay Əsədovun təşəbbüsü ilə deputatlar cari məsələlərin əsas vaxtını Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfv olunmasına dair beynəlxalq reaksiyaları qınamağa sərf etdilər.

SİYAVUŞ NOVRUZOVUN İZAHI

Fasilədə isə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Gülər Əhmədova ilə bağlı məsələnin məclisdə niyə müzakirə edilməməsini belə izah etdi:

«Daxili nizamnaməyə əsasən, deputat öz mandatından imtina etdiyi təqdirdə bu məsələyə MSK baxır. Deputat haqqında hər hansı bir cinayət işi qaldırıldıqda, onun toxunulmazlığını götürmək səlahiyyətini Milli Məclis həyata keçirir. Gülər Əhmədova Milli Məclisə müraciət edərək öz deputat mandatından imtina etdiyini bildirib. Həmin müraciət də MSK –ya göndərilib. MSK öz iclasında bu məsələyə baxıb qərarını verəcək».

Siyavuş Novruzov deyib ki, Gülər Əhmədova YAP-ın sıravi üzvüdür. Partiyada qalıb-qalmamasına dair qərarı da ilk təşkilat verəcək.

«YUXARIDAN SİFARİŞ OLMAYIB»

İctimai Palatanın üzvü, keçmiş deputat Pənah Hüseyn isə deyir ki, əslində Aydın Mirzəzadə YAP-ın savadsız üzvlərindən deyil. Sadəcə o, nəsə deməsə olmaz. Deyəndə də, belə məntiqsiz alınır. Məsələnin parlamentdə müzakirə olunmamasının səbəbinə gəlincə, Pənah Hüseyn hesab edir ki, yuxarıdan bu barədə sifariş olmayıb. Olsaydı, hətta günlərlə müzakirə
Pənah Hüseyn
Pənah Hüseyn
gedərdi:

«İstisna deyil ki, sabah yeni sifariş gəlsə, bu məsələni müzakirə edəcəklər. Görünür, bu məsələdə hələlik yekun siyasi qərar yoxdur. Mən prinsip etibarilə ciddi siyasi qərarın yuxarıda olacağını və bu məsələnin Gülər Əhmədova ilə kifayətlənməyəcəyini də istisna etmirəm».

Baş prokuror Zakir Qaralov isə APA-ya açıqlamasında bildirib ki, Gülər Əhmədova barəsində başlanan cinayət işi birbaşa Prezident İlham Əliyevin nəzarəti altındadır:

«Bu cinayət işini siyasiləşdirmək olmaz».

Z.Qaralov deyib ki, Gülər Əhmədova ilə bağlı videomaterial yayan Elşad Abdullayev Azərbaycana gəlməlidir. İlk növbədə Gülər Əhmədova ilə üzləşdirilməli və cinayət işi ilə əlaqədar ona müxtəlif suallar ünvanlanmalıdır.

«GÜLƏR ƏHMƏDOVANIN DA DEYƏCƏKLƏRİ VAR»

Politoloq Ərəstun Oruclu hesab edir ki, Gülər Əhmədova məsələsinin parlamentin iclasına çıxarılması hakim partiyanın ifşasının daha bir müddət ictimai müzakirədə qalmasına rəvac verərdi. Ona görə də, YAP buna
Ərəstun Oruclu
Ərəstun Oruclu
getməyib:

«YAP belə bir yol seçdi. Əslində çox yüksək ehtimalla Gülər Əhmədovanın özünə də təklif ediblər ki, deputat mandatından imtina etsin və məsələni MSK-da bağlı qapılar arxasında həll etsinlər. Beləliklə də qərar versinlər ki, öz istəyi ilə mandatı ləğv olunsun. Yəni, hakimiyyət bu məsələnin müzakirəsində maraqlı deyil. Çünki istisna deyil ki, Gülər Əhmədova hakimiyyətin yuxarı eşelonunda təmsil olunanlarla əlaqəli adamdır. Onun bildikləri də az deyil».

Ərəstun Oruclunun fikrincə, Baş prokurorun dediklərindən belə görünür ki, açılmış cinayət işi Gülər Əhmədovadan yayındırılıb Elşad Abdullayevin üzərinə yönəldiləcək. Hakimiyyət Gülər Əhmədovanı bu yolla qorumaq istəyir. Çünki onun da deyəcəkləri var.

Bu günlərdə internetdə deputat Gülər Əhmədova ilə hazırda Fransada yaşayan Elşad Abdullayev arasında gedən söhbətin gizli videogörüntüsü yayılıb. Videoda tərəflərin deputat seçilmək üçün rüşvətin məbləğini müzakirə etdiyi ehtimal olunur.
XS
SM
MD
LG