Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:41

Zakir Fəxrinin şeirləri on-line kitabxanamızda


-

Zakir Fəxri


O GÜNLӘR QAYITMASIN

Qara xәbәrin qorxusu
o gün ki, dünyanı bürüdü—
yanıb kül oldu
ağacların, yarpaqların yuxusu.

O gün ki,
insanların yaxasından
keçdi güllәlәr;
kömür-kömür oldu boylu zәmilәr,—
gündüzlәri günәşli, gecәlәri aylı zәmilәr,
bürünüb isti çörәk qoxusuna
Vәtәn torpağı
girdi әsgәr Qәdrin yuxusuna.

Şirin yuxudan
diksinib güllә sәsinә,
iti süngüyә döndü Qәdir,
sancıldı düşmәnin sinәsinә.
Yaxılanda gözlәrә
bu xәbәrin acısı,
һardan bilәydi Qәdrin böyük bacısı;
güllü ağ donu,
ağ güllü yaylığı
qaralacaq һәsrәtdәn
qardaşının qara kağızı kimi...


DÜNYAYLA ÜZ-ÜZӘ

Üzünә, közünә saçı dağılmış,
taxtı viran olmuş, tacı dağılmış
Qonur göz, qara qaş, bir qara oğlan
Dolaşar dünyanı, gәzәr biçarә
axtarar, dәrdlərə tapammaz çarә.

Cüyürün qaçarı, quşun uçarı...
Qara qaş, qonur köz, o qara oğlan
әlindәn, dilindәn salıb itirәr
Bir eşqin sirrinə düşən açarı.

Getdiyi yollar da dalınca qaçar,
Gәldiyi yollara könlünü açar.
Torpağında gәzәr, göyündә uçar
Qara qaş, qonur göz, o qara oğlan.

Qonur gözlәrindә qara yaş gəzәr,
Qara ciyәrindә qara daş gәzәr
Bu varlı dünyada cibi boş gәzәr
Qara qaş, qonur köz, o qara oğlan.

Gözәl sevdalardan sönük adamlar,
Dost üzündәn üzü dönük adamlar
Qarğıyar o ki var, һey danar onu
Gәzdiyi torpağa,
uçduğu göyә
Getdiyi yollara qısqanar onu.

Belәcә, belәcә yaşar dünyada
Gözündәn, sözündәn, özündәn daşar.
Külündәn püskürüb, gözündәn daşar
Dünyayla üz-üzә bir oğlan yaşar...


QALMAZ BELӘ, QALMAZ DÜNYA

Aşıq Әdalәtin «Yanıq Kәrәmi»sini dinlәrkən

Bığ yeri tәrlәyәn igid,
Girәvә һәrlәyәn igid.
İçindә çәrlәyәn igid
Qalmaz belә, qalmaz dünya.

Sığınar bir xәlvәt döşә,
Qorxar baxtı bәndә düşә.
Boynunu bükmə, bənövşə,
Qalmaz belә, qalmaz dünya.

Könül verməzlər şər vaxtı
Arxanca bir qərib baxtı..
Qara qızın qara baxtı
Qalmaz belə, qalmaz dünya.

Övladların çıxdı naşı,
Qəm yükünü özün daşı
Axma anamın göz yaşı,
Qalmaz belə, qalmaz dünya.


Dünya, qayıt dünyamıza

Arxanca mən su atmışam,
Gözləməkdə haqlıymışam
Mən ki gedib qayıtmışam,
Dünya, qayıt düyamıza.

Bu bar ayrılıq barıdır,
Gözəllər erkən qarıdı
Yarıyan sənnən yarıdı,
Dünya qayıt dünyamıza.

Tale bizi yarıtmadı,
Yaramızı sarıtmadı,
Nəm gözləri qurutmadı,
Dünya, qayıt dünyamıza.

Daş da dönüb oğul olub,
Ərənlərin nağıl olub.
Körpələrə noğul doğub,
Dünya, qayıt dünyamıza.

Çəkdik hər çəkilən qəmi,
Bu ömür-gün boş yerəmi?
Götür Əslini, Kərəmi
Dünya qayıt düyamıza.

Torpağında ah göyərər,
Hər atılan ox göyərər.
Dönməsən günah göyərər
Dünya, qayıt dünyamıza.


Bir cüt uşaq əlləri

Anam, bu ağını oxuma, anam...
Məzardan boy atıb, bir dərd uzanıb.
Yapışıb çökəcək yaxama, anam.
Baş alıb gələcək yuxuma, anam.

Anam, bu ağını oxuma, anam,
Hələ qurumayıb gözümün yaşı.
Gözümün yaşına çöküb islanıb,
Hələ qurumayıb körpə başdaşı.
O ürəyim qardaş, o canım qardaş,
Çözələnmiş ümid-gümanım qardaş,
Gözümün yaşını gəlib aparar,
Mənim varım-yoxum bu son umuddan
Bircə təsəllidən gəlib qoparar.

Anam, bu ağını oxuma... anam!
Bu dərdə-bəlaya yazar qardaşım.
Şirin yuxusundan haram oyanıb,
Yol alar üstümə, qaçar üstümə,
Körpə əllərini açar üstümə.

Anam, bu ağını oxuma, anam,
Səsinə məzardan oyana bilər.
O körpə ürəyi, uşaq ürəyi
Qüssə harayına, qəm naləsinə.
Qorxudan döyüküb dayana bilər.

Top-top oynamağa gələr məzarda,
Qaranlıq qəbirdə topunu tapmaz,
Birdən əl uzadıb axtarar orda,
Hey gəzib vurnuxar, qapını tapmaz.

Anam, bu ağını oxuma, anam.
O soyuq qəbirdən, oyuq qəbirdən
Bir cüt uşaq əlləri göyərib qalxar...


Qarabağsız

(Mahir muğam ustadlarından biri çadır şəhərciyində:
- Xoş gəldin elinə, obana, nə yaxşı... dedi mənə və
“Şuşanın dağları”nı oxudu...)


Dostlar, bağışlayın, əliboş gəldim,
Gəldim qapınıza mən, Qarabağsız.
Vallah, gözlərimdən çəkilib getmir
Duman Qarabağsız, çən Qarabağsız.

Ələ qələm aldım, əlim göynədi,
Hər adı gələndə dilim göynədi.
Çiçəyim göynədi, gülüm göynədi,
Bölündüm ortadan tən, Qarabağsız.

Sel də yox Saranı gəlib aparsın,
Bu dərdi, bəlanı bölüb aparsın.
Qoymayın sürüşüb, silib aparsın
Qara saçlarımı dən, Qarabağsız.

Könül sevdan vətən adlı bir bağa,
Göz aç, bir gör bağban kim oldu, qağa.
Dəmyə taleyinə min yağış yağa,
Bitirməz bir sünbül, dən, Qarabağsız.

“Qalmaz belə, qalmaz dünya” yazanda,
Ümid közərirdi könül sazında.
Zakir Fəxri hər üzünə yozanda,
Anasız yetimsən sən, Qarabağsız.
XS
SM
MD
LG