Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:27

Azərbaycan filminin «Oskar» almaq şansı var?


Əli İsa Cabbarov
Əli İsa Cabbarov
-
Azərbaycanlı rejissor İlqar Nəcəfin «Buta» filmi «Oskar» mükafatına təqdim olunub. «Ən yaxşı xarici film» nominasiyasında.

Bunu AzadlıqRadiosuna Oskar Milli Komitəsinin üzvü Əli İsa Cabbarov deyib.

«Buta» filmi artıq «Oskar»ın ilkin siyahısına daxil edilib və bu siyahıda 40 film var. Növbəti mərhələ 12, son mərhələyə isə 5 film keçəcək.

«Buta» Türkiyə, Rusiya, ABŞ, Avstraliya və İtaliyada beynəlxalq kinofestivallarda iştirak edib. Film Asiya-Sakit Okean Kino Akademiyasında 2011-ci ilin «Ən yaxşı uşaq filmi» nominasiyasında qalib olub. Eləcə də Keyptaun şəhərində keçirilən «Cape Winelands Film Festival»ın Qran-pri mükafatını və ABŞ-ın «World Fest-Houston International Film Festival»ında «Platinum Remi» mükafatını əldə edib.

- Əlisa bəy, niyə «Buta» filminin üzərində dayandınız?

- Hər ölkədən «Oskar»a filmləri Milli Oskar Komitələri seçir. Bu komitələr ictimai təşkilatlardır, heç kimə tabe deyil. Bizim Milli Komitəyə Rüstəm İbrahimbəyov, Şəfiqə Məmmədova, Cəmil Quliyev, Şamil Nəcəfzadə və başqaları daxildir. Prosedur budur ki, Komitə milli istehsalçılara müraciət edir, filmlər 2011-2012-ci ildə istehsal olunmalıdır. Texniki tələblərə cavab verməlidir, Dolbi səs sistemi olmalıdır. Bu il iki film təqdim edilmişdi. İndiyədək Azərbaycandan «Oskar»a 4 film təqdim olunub. Bir qayda olaraq əvvəlki filmlər bir-iki səs çoxluğu ilə keçirdi. Bu dəfə isə böyük səs çoxluğu – 80-90 faiz səslə keçdi. Buna da səbəb, məncə, «Buta»nın festivallarda qazandığı qələbələrdir. Texniki keyfiyyəti çox yüksəkdir. Film çox mötəbər müsabiqədə - Asiya-Sakit Okean Kino Akademiyasında ötən il «Ən yaxşı uşaq filmi» mükafatını qazanmışdı. Bu mötəbər müsabiqədir və ona «Asiya Oskar»ı deyənlər də var.

- Seçimi obyektiv saymaq olar bəlkə də. Milli Oskar Komitəsində Azərbaycanda müxtəlif düşərgə və qurumlarda təmsil olunan kino xadimləri var.

- Bəli. Oskar Komitəsi tamam müstəqil təşkilatdır. Hər iki kino ittifaqın üzvü orda müstəqil səs veriblər.

- «Buta» filmi 39 rəqibi arasında nəylə diqqət çəkə bilər?

- Film iki mərhələdən keçməlidir. Birincisi, «lonq list» deyirlər, uzun siyahı, ora 12 film düşür. Sonra beş nominant seçiləcək. Soyuqqanlılıqla demək olar ki, «Buta»nın beşliyə düşməsi çox fantastik olardı. Amma 12-liyə düşməsi çox realdır. «Buta» filmi Oskar Akademiyasının üzvlərini milli koloriti ilə (folklor xaricilər üçün ekzotikadır), gözəl musiqi həlli ilə cəlb edə bilər. Musiqini Cavanşir Quliyev yazıb, simfonik musiqidir, milli ornamentlər var orda. Operatoru Georgi Beridze gürcüdür. Onun operatoru olduğu «Fransız aşpazın sevgisi və ya 101 busə» filmi Oskarın beşliyinə düşüb. Yəni, «Buta» da təsvir həlli ilə cəlb edə bilər. Bir də Kino Akademiya hadisəyə çox fikir verir, yəni baxımlı olmalıdır. Ramiz Fətəliyevlə İlqar Nəcəfin birgə yazdığı ssenari əhvalat baxımdan çox zəngindir. Düzdür, bəzi tamaşaçılar «Buta»nın səsləndirilməsindən narazılıq edirlər. Bunu filmin zəif nöqtəsi kimi qələmə verirlər. Mən də aktyor səslənməsindən narazıyam.

- Yəni dialoqlarda, intonasiyalarda təbiilik yoxdur.

- Bəli, orda bir falş - saxtakarlıq duyulur. Amma tərcümədə o, itir. «Buta» xarici festivallarda həm də ona görə uğur qazanır ki, tamaşaçı dili bilmir, ona subtitrlə baxır. Yəni, bu mənfi cəhət də xaricdə filmin xeyrinə həll olunur.

- Filmin üstünlüklərindən danışdız. Bəs nədə uduza bilər?

- Birinci hissədə dinamika azdır, bunda uduza bilər. Şərq ekzotikasını, koloritini «kozır» kimi dedik, amma Əfqanıstanda, İraqdakı müharibələrdən sonra bu yöndə çoxlu filmlər çəkilib, bu ekzotika eksplotasiya edilib. Ola bilər, bu ekzotika tamaşaçını bezdirsin. Bir də film ingilis dilinə dublyaj edilməyib, subtitrlə nümayiş etdiriləcək. Bu, psixoloji kontaktı çətinləşdirə bilər.

- Sonda filmin süjeti haqda bir-iki kəlmə deyərdiz. Azərbaycanda kinoprokatın vəziyyəti hamıya bəllidir və çox güman geniş tamaşaçı kütləsi onunla tanış deyil.

- Bu film pritçadır. Baş qəhrəmanları uşaqlar olsa da, sırf uşaq filmi deyil. Filmin qəhrəmanı olan uşaq hər gün bir daşı dağın başına qaldırır, nəhəng ərazidə daşlardan buta ornamenti yaradır. Bunu quş uçuşu səviyyəsində baxanda görə bilərsən. Bu, yaradıcı adamın obrazıdır. Bir də, bir qayda olaraq hər il «Oskar»ın ilkin siyahısı 60 filmdən ibarət olurdu. Bu dəfəsə 40-dır. Bu da «Buta»nın 12-liyə düşmə şansını artırır.
XS
SM
MD
LG