Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:47

Ivanishvili «elitar korrupsiya» ilə mübarizə elan etdi


Gürcüstan prezidenti Mikheil Saakashvili (solda) seçkidə qalib gəlmiş müxalifət koalisiyasının rəhbəri, Baş nazir təyin olunacağı gözlənən Bdzina İvanishvili ilə görüşür, Tbilisi, 9 oktyabr 2012
Gürcüstan prezidenti Mikheil Saakashvili (solda) seçkidə qalib gəlmiş müxalifət koalisiyasının rəhbəri, Baş nazir təyin olunacağı gözlənən Bdzina İvanishvili ilə görüşür, Tbilisi, 9 oktyabr 2012
-
Gürcüstanda parlament seçkilərində qalib gəlmiş müxalifətin «Gürcü arzusu» koalisiyasının lideri milyarder Bidzina Ivanishvili ölkədə «Elitar korrupsiya» ilə mübarizə aparacağını bildirir:

«Mən yeni nazirlərə xəbərdarlıq edirəm, təzə hökumətdə korrupsiya yolverilməzdir. Biz «korrupsiya» adlanan bu biabırçılıqdan xilas olmağı düşünürük. Həm də əvvəlki hökumətin etdiyi qaydada, söz xatirinə yox, həqiqi mənada.

Biznes sahəsi ilə nazirlərin heç bir əlaqəsi olmamalıdır. Bu, mənim ən birinci tələbimdir. Əvvəllər elitar korrupsiya var idisə, indi bununla barışmaz mübarizəmiz olacaq. Nazir vəzifəsinə irəli sürdüyüm namizədlərin hamısı şəffaf insanlardır».

«Novosti-Qruziya» saytı yazır ki, oktyabrın 8-də öz nazirlərini mediaya təqdim edərkən Ivanishvili bundan sonra nazir müavinlərini nazirlərin özlərinin təyin edəcəklərini deyib:

«Rüşvət alan nazir müavinin əməlinə görə də nazir cavabdeh olacaq və müavin qarışıq nazir özü də komandada qovulacaq».

Bundan əvvəl Gürcüstanda nazirlər müavinlərini yalnız Baş nazirlə məsləhətləşmə ilə təyin edə bilərdilər.

Ivanishvili-nin nazir vəzifəsinə namizəd irəli sürüdüyü adamları parlament təsdiq etməlidir. Yeni parlamentin iclasının isə oktyabrın 20-21-də keçirilməsi nəzərdə tutulur. Ona qədər indiki nazirlər müxalifət koalisiyasının nəzarəti altında vəzifələrinin icrasını davam etdirəcəklər.

Keçmiş komanda üzvlərinin taleyinə gəldikdə, Ivanishvili deyib ki,

«bu vətənə layiqincə xidmət etmiş adamlarla əməkdaşlıq davam etdiriləcək. Hansısa hallarda cinayət əməllərindən söhbət gedərsə, onların taleyi barədə məhkəmə qərar verəcək».

Gürcüstanın son bir neçə ildə korrupsiya ilə mübarizədə ciddi uğurlar qazanması beynəlxalq təşkilatların hesabatlarında da qeyd edilir. «Transparency International»ın 2011-ci ilə aid olan sonuncu hesabatına görə, Gürcüstan korrupsiyanın səviyyəsinə görə 183 ölkə arasında 64-cü sırada qərarlaşıb (Azərbaycan 143-cü).

Oktyabrın 1-də keçirilmiş parlament seçkilərində Bidzina Ivanishvili-nin «Gürcü arzusu» koalisiyası 150 mandatdan 83-ünü, prezident Saakashvili-nin «Vahid Milli Hərəkat» Partiyası isə 67-sini qazanıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının yekun məlumatına əsasən, seçkilərdə iştirak edən qalan partiyaların heç biri 5 faizlik səddi aşa bilməyib.
XS
SM
MD
LG