Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:08

«Hədələyirdilər ki, əynimə qırmızı yubka geyindirib, türməyə göndərəcəklər»


Vüqar Qonaqov
Vüqar Qonaqov
-
«ƏLLƏRİMİ, AYAQLARIMI QANDALLA ÇARPAYIYA BAĞLADI»

«Vəkilsiz izahat verməyə məcbur edilmişəm. Daha sonra mənə dövlət hesabına vəkil təyin edilib. Vəkilim heç izahatımla tanış olmadan mən və «Xəyal TV»nin texniki direktoru Vahid İbrahimov arasında üzləşdirmə - istintaq hərəkətini keçiriblər. Martın 28-də vəkilim Elçin Sadıqovla tanış oldum. Görüşdən sonra Eldar Əhmədov (Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin rəisi), Mirqafar Seyidov (DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi), müavini Səməd və İbrahim Lənbəranski (istintaq qrupunun rəhbəri) növbə ilə məndən Elçin Sadıqovdan imtina etməyi tələb etdilər. Mən etiraz etdim. Həmin gecə məni mülkigeyimli şəxs gözlərimi bağlı şəkildə başqa kameraya apardı, orada əllərimi və ayaqlarımı qandalla çarpayıya bağladı. Mənim suallarıma cavab vermədi. Səhərə qədər elə vəziyyətdə saxlandım».

Bu il martın 1-də Qubada baş verən hadisələrə səbəb kimi göstərilən videonun montajında və «YouTube»a yerləşdirilməsində təqsirləndirilən «Xəyal TV»nin icraçı direktoru Vüqar Qonaqov saxlandığı Bakı İstintaq Təcridxanasından mətbuata məktub göndərib. Yazıb ki, ibtidai istintaq vaxtı müstəntiqlər ondan fiziki və mənəvi işgəncələr altında etirafedici ifadələr alıblar. İndi isə o, həmin ifadələrindən imtina edir:

«TƏZYİQLƏR ALTINDA İFADƏ VERMƏYƏ MƏCBUR EDİLDİM»

«Martın 14-də səhər məni və mənimlə birlikdə tutulanları Bakıya - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər. İdarənin zirzəmisində yerləşən müvəqqəti saxlama təcridxanasına saldılar. Qızdırmam hələ də var idi, halsız idim. Kamerada oturmayıb çarpayının üzərində uzandığıma görə oranın rəisi və nəzarətçiləri məni dəfələrlə təhqir etdilər. Mənim xəstə olduğum, uzun qızdırmadan halsızlaşdığım, uzanmağa, bir az dincəlməyə və müalicə olunmağa ehtiyacım olduğunu deməyim onları qəzəbləndirir, məni təhqir edir, hədələyirdilər».

Vüqar Qonaqov martın 18-də Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidovun iş otağında psixoloji təzyiqlərə məruz qaldığını məktubda belə təsvir edib:

«Məni hədələyirdilər ki, hər şey ortadadır, öz xoşumla etiraf edim, yoxsa butulka soxub, əynimə qırmızı yubka geyindirib, türməyə göndərəcəklər. Heç vaxt ordan çıxmayacağam. Nəşə atıb, min-bir bəhanə ilə məni həbsdə saxlayacaqlar. O, həmçinin bu dəfə çağırılmağımın axırıncı şans olduğunu dedi. Mən bu hədə qorxular, təzyiqlər altında ifadə verməyə məcbur edilirdim. Aprelin 5-nə - Bakı İstintaq Təcridxanasına gətirilənə qədər «bandotdel»də qeyri-insani şəraitdə saxlanılırdım. Hər gün təzyiq və təhqirə məruz qaldım. 23 gün ərzində uzun müddət xəstə oldum və 21 kiloqram arıqladım».

Vüqar Qonaqovun həyat yoldaşı Aynurə Qonaqova AzadlıqRadiosuna deyib ki, əri tutulandan sonra onunla bir dəfə görüşə bilib. Görüş vaxtı əri ona bu işgəncələrdən danışmasa da, indi bu barədə mətbuata yazdığı məktubdan məlumatlanıb.
Orxan Mansurzadə
Orxan Mansurzadə

«ORDA İŞGƏNCƏ VERİLMƏSİ MÜMKÜN DEYİL»

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə deyir ki, istintaq bitdiyindən və məhkəmə öncəsi Vüqar Qonaqov mətbuata belə məktublar yazmaqla ictimai diqqəti öz üzərinə yönləndirmək istəyir:

«Onun dediyi hallar həmin idarənin müvəqqəti saxlama təcridxanasında mümkün deyil. Çünki o təcridxananın üzərində Daxili İşlər Nazirliyinin, Ombudsman Aparatının, Prokurorluğun, İşgəncələr Əleyhinə Komitənin, həm də bir sıra ictimai və dövlət qurumlarının nəzarəti var. Orda ona işgəncə verilməsi mümkün deyil».

PROKURORLUQ MƏKTUBDA YAZILANLARI ARAŞDIRIR

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyir ki, Vüqar Qonaqovun mətbuata ünvanladığı məktubdakı xüsusatlar araşdırılır:

«Vüqar Qonaqovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama təcridxanasında saxlanarkən onunla qeyri-insani şəkildə rəftar olunması ilə bağlı müraciəti üzrə hazırda Baş Prokurorluq tərəfindən ayrıca icraatda araşdırma aparılır. Müraciətdə göstərilən xüsusatların hərtərəfli və tam obyektiv araşdırılması aparılmaqla qanuna müvafiq qərarın qəbul edilməsi təmin olunacaq».
XS
SM
MD
LG