Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:35

Rövnəq Abdullayev Londonda BP rəhbəri ilə görüşüb


BP-nin prezidenti Bob Dudley
BP-nin prezidenti Bob Dudley
-

BP şirkətinin və Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərləri ötən axşam – oktyabrın 17-də Londonda görüşərək Xəzər dənizindəki Azəri-Çıraq-Günəşli (ACG) neft yataqlarının gələcəyini müzakirə ediblər.

Bu barədə xəbər verən «Reuters» agentliyi bildirir ki, bu görüş Azərbaycan prezidenti BP-ni yataqlardakı həcmlərə dair «düzgün olmayan» vədlər verməkdə ittiham etməsindən az sonraya təsadüf edir.

«Reuters» agentliyinin məlumatına görə, Londonda ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev və BP-nin icraçı direktoru Bob Dudley arasında görüş keçirilib.

Məlumatda deyilir ki, ACG 2008-ci ildə gündə 1 milyon barreldən artıq neft üçün dizayn edilmişdi və qeyri OPEC nefti kimi Qərb diplomatiyası tərəfindən dəstəklənirdi.

Bununla belə, ACG-nin gözləntiləri doğrultmaması və hasilatın 2010-cu ildə gündə 823 min barrel rekord həddinə dirənməsi, prezident İlham Əliyevin BP-ni və konsorsiumu ittiham etməsinə və «ciddi tədbirlər» görüləcəyini vəd etməsinə səbəb olub, «Reuters» yazır.

London danışıqlarından sonra BP tərəfindən açıqlanmış bəyanatda deyilir ki, görüşdə tərəflər arasında Azərbaycan dövlətinin və onun partnyorlarının mənfəəti naminə Xəzərdəki ACG yataqlarında hasilatın birgə və sıx şəkildə idarə olunmasının davam etdirilməsi barədə razılıq əldə olunub.

«Reuters» BP-nin icraçı direktoru Bob Dudley-ə istinadən bildirir ki, «açıq və konstruktiv atmosferdə keçən görüşdə BP Azərbaycana və ACG yataqlarının daha səmərəli idarə olunmasına sədaqətini bir daha təsdiqləyib».

Agentlik xəbər verir ki, Bob Dudley Rövnəq Abdullayevlə görüşündən sonra daha bir danışıqlara hazırlaşırdı.

Elə ötən axşam o, Rusiyanın «Rosneft» şirkətinin rəhbərliyi ilə görüşərək BP-nin bu ölkədəki gələcək fəaliyyətinin problemlərini müzakirə etməliydi.
XS
SM
MD
LG