Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:35

Milli Məclis 11 «Mercedes E-Class» alıb, amma qiyməti bəlli deyil


Mercedes-Benz-in saytından görtüntü
Mercedes-Benz-in saytından görtüntü
-


Azərbaycan parlamenti komitə sədrlərinin xidməti maşınlarını yeniləyib. Milli Məclisdə 11 komitənin sədrinə artıq «Mercedes E-Class» verilib. Həmin deputatlar aşağıdakılardır:

1. Əli Hüseynli (Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri),
2. Ziyafət Əsgərov (Təhlükəsizlik və müdafiə komitəsinin sədri),
3. Ziyad Səmədzadə (İqtisadi siyasət komitəsinin sədri),
4. Valeh Ələsgərov (Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri),
5. Eldar İbrahimov (Aqrar siyasət komitəsinin sədri),
6. Hadı Rəcəbli (Sosial siyasət komitəsinin sədri),
7. Arif Rəhimzadə (Regional məsələlər komitəsinin sədri),
8. Şəmsəddin Hacıyev (Elm və təhsil komitəsinin sədri),
9. Nizami Cəfərov (Mədəniyyət komitəsinin sədri),
10. Səməd Seyidov (Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri),
11. Rəbiyyət Aslanova (İnsan hüquqları komitəsinin sədri).


Komitə sədrlərindən Hadı Rəcəbli bizimlə söhbətdə artıq yeni maşınları aldıqlarını təsdiqlədi: “Artıq dövlətimiz elə səviyyədədir ki, komitə sədrlərinə belə maşınlar verilə bilər. Əvvəlki “Nissan Maxima” idi. Onun qanunla istismar müddəti – 7 il bitmişdi. Ona görə yeni maşınlar verilib.

Amma Milli Məclisin aldığı yeni maşınlarla bağlı bir yığın suallara hələlik cavab tapmaq çətindir:

YENİ MAŞINLAR NEÇƏYƏ ALINIB?

Amma Hadı Rəcəbli yeni maşınların qiymətləri və konkret təchizatı haqqında detallı məlumatı olmadığı dedi.

Yeni maşınların qiymətləri və ya heç olmasa hansı təchizatda olmasını Milli Məclisin aparatından da öyrənmək mümkün olmadı.

Ona görə də Komitə sədrlərinə verilən yeni maşınların konkret qiymətini bilmək bir qədər çətinləşir.

Almaniyada Mercedes özü bu maşınları minimum təchizatla təxminən 40 000 manata satır. Amma Azərbaycanda da çoxlarına tanış olan mobile.de saytında eyni sinif maşınların daha yüksək təchizatla qiymətləri 140 000 manata qədər dəyişir.

Hələlik yalnız minimum qiyməti təsəvvür etsək, 11 «Mercedes E-Class»-ə Azərbaycanın Milli Məclisi ən azı 440 000 manat ödəyib. Bu, əlbəttə, şərtidir, Komitə sədrlərinə minimum təchizatlı maşınlar verildiyi o qədər də ağlabatan deyil.

Qanunla Milli Məclisin sədri, onun müavinləri də xidməti maşınla təmin ediliblər. Amma onların konkret hansı xidməti maşınlara sahib olduqları haqqında xəbər tutmaq mümkün olmadı.

"NİSSAN MAXİMA"LARIN TALEYİ NECƏ OLACAQ?

Komitə sədrlərinin bundan əvvəlki “Nissan Maxima”larının taleyi də hələlik aydın deyil. Milli Məclisdə söhbət etdiyimiz nə komitə sədrləri, nə də aparatdakı vəzifəlilər bu maşınların taleyinin necə olacağı haqqında məlumat verə bilməyəcəklərini dedilər. Parlamentin təsərrüfat idarəsi ilə isə ümumiyyətlə əlaqə saxlamaq mümkün olmadır.

Amma 7 ilin “Nissan Maxima”ları hazırda Bakıda bazara çıxarılsa, azı 8 000 manata satıla bilər. Deputat maşınları (yəni, yaxşı baxılmış) maşınların qiyməti bundan xeyli bahadır.

kOMİTƏ SƏDRLƏRİ BU MAŞINA AZI 20 AY MAAŞLARINI TOPLAMALI İDİLƏR

Komitə sədrlərinin xidməti maşınlarının yenilənməsi haqqında bu xəbər deputatların başqa təminatlarına da diqqət yetirməyi aktuallaşdırır.

“Azərbaycan Respublikası Milli Məclisi (MM) deputatının statusu haqqında” qanuna görə deputatların maaşları (50 faiz təmsilçilik xərcləri ilə birlikdə) aşağıdakı kimidir:

MM-in sədri – 2925 manat
MM sədrinin birinci müavini – 2632 manat
MM sədrinin müavini – 2486 manat
MM-in komitə və komissiya sədri – 2340 manat
MM-in komitə və komissiya sədrinin müavini – 2193 manat
MM-in deputatı – 2147 manat.

Bundan başqa, parlamentdəki seçilmişlər hamı kimi ildə 12 ay deyil, 14 ay əməkhaqqı alırlar. Belə ki, deputatın statusu haqqında qanuna görə deputatlar “nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət” də alır.

Deputatların təminatına daxil olanlar təkcə bunlar da deyil.

MM-in sədri, müavinləri, komitə sədrləri və onların müavinləri xidməti maşınlar təmin olunurlar.

Sıravi deputatlara maşın verilmir. Amma onların seçiciləri ilə görüşlərə getmələri üçün lazım olanda Milli Məclisin qarajından maşın verilir.

Bundan savayı, Bakıda evi olmayan deputatlar ən azı paytaxtda ev kirayəsinin haqqını Milli Məclisdən alırlar. Amma bəzi deputatlar həm də evlə bağlı öz həmkarların bostanına daş atmağı da unutmurlar. Onlar bildirirlər ki, prezidentə müraciət edib bir deputatlıq müddətində iki ev almış mandat sahibləri də var.

NAZİRLƏR-İN SEVİMLİSİ İSƏ «BMW-745» İMİŞ

Azərbaycanda yüksək vəzifəli şəxslərin nəqliyyat komfortuna dövlət büdcəsindən nə qədər xərc çəkilməsi bundan əvvəl də jurnalistlərin diqqət mərkəzində olub. Amma belə məlumatları əldə etmək, heç olmasa maşınların fotolarını çəkmək həmişə də jurnalistlərə müyəssər olmur.

BMW-745
BMW-745
AzadlıqRadiosunun 2009-cu ildə apardığı jurnalist araşdırmasına görə ölkədə nazirlər, komitə sədrləri əsasən «Mercedes S-klass», maşın həvəskarlarının «semyorka» dediyi «BMW-745» markalı maşınlara üstünlük verirlər. Məsələn, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun xidmətində hər iki markadan olan avtomobil durur.

Maşın bazarına bələd olanlar bilirlər ki, «Mercedes S-klass»ın qiyməti 130-140 min, «BMW-745»ninki isə 100 min dollar civarındadır.

Elə Nəqliyyat naziri Ziya Məmmədov da, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov da bu iki markalardan istifadə edir. Daxili İşlər naziri Ramil Usubov isə bu markalarla yanaşı hərdən JEEP-ə də minir.

Baş nazir Artur Rasizadə, nazirlər Misir Mərdanov, Fazil Məmmədov, Oqtay Şirəliyev «BMW-745»ə, Zakir Qaralov, Səfər Əbiyev isə «Mercedes S-klass»a minir.

MAŞINLARDA YEYİNTİ?

Yüksək vəzifəlilərin xidməti maşınlarını almağa dövlət büdcəsinin nə qədər xərc çəkməsi də əldə olunması çox çətin olan məlumatlar sırasındadır.

Hətta, keçmiş millət vəkilləri, ekspertlər xidməti maşınların alınmasında ciddi korrupsiya şübhələrini səsləndirirlər. Çünki dövlət idarələri bir qayda olaraq maşınları haradan, neçəyə almaları barədə tenderlər haqqında məlumat vermirlər. Buna görə hətta, dövlət idarələrinə alınan maşınların əslində köhnə olması, bazardan ucuz qiymətə alınıb, dövlət büdcəsindən təzə maşın alınırmış kimi pul silinməsinə dair iddialar da səngimir.

Bu mövzuda fikirlərin, bildiyin məlumatlar, şərhlərin varsa, aşağıdakı foruma yaz, polemikaya sən də qoşul.
XS
SM
MD
LG