Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:29

Mübariz Qurbanlı: «Cərimələrin artırılması tamamilə düzgündür»


Mübariz Qurbanlı
Mübariz Qurbanlı
«Qanunsuz aksiyaların keçirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan cərimələrin artırılması tamamilə düzgündür. Bu yöndə parlamentin müzakirəsinə çıxarılan müvafiq qanun layihəsi tam məntiqlidir».

Bunu yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M. Qurbanlı deyib ki, müxalifət partiyalarının bu qanun layihəsi ilə bağlı iddialarının heç bir əsası yoxdur. Onun sözlərinə görə, istənilən ölkənin qanunlarında belə toplantılarla bağlı ciddilik var. Mübariz Qurbanlı deyib ki, qanunvericiliyə təklif edilən dəyişikliklərin məqsədi qeyri-qanuni aksiyalara çağırışların və insanları buna sövq edənlərin qarşısını almaqdır.

«Azərbaycanda kütləvi aksiyalar «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunla tənzimlənir. Bu qanunun tələblərini pozanlara qarşı əvvəllər də cərimələr tətbiq olunub. Cərimələrin miqdarı isə zaman keçdikcə artırılacaq. Başqa ölkələrin təcrübəsində də bu praktika var. Çünki qanunsuz aksiyalar keçirənlər icimai-siyasi, təhlükəsizlik, ictimai asayiş baxımdan cəmiyyətə zidd olan hərəkətlərə yol verirlər. Məhz buna görə də, müvafiq qanunlara əlavələr edilir, tələblər artırılır ki, qeyri-qanuni hərəkətlərə rəvac verilməsin. Əgər müxalifət kütləvi aksiyalar keçirmək istəyirsə, qanun çərçivəsində hərəkət etməlidir. Əks halda qanunun tələbləri ilə üzləşəcək. Bu mənada hesab edirəm ki, qanunsuz aksiyalarla bağlı cərimələrin artırılmasını nəzərdə tutan dəyişikliklər tam doğru və məntiqlidir» - deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Oktyabrın 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsini plenar iclasa tövsiyə edib. Layihəyə görə, razılaşdırılmamış mitinqə çıxacaq vətəndaşlar 500 manatdan 1000 manatadək cərimə cəzasının bir addımlığındadırlar. Mitinqin təşkilatçıları isə 1500 manatdan 3000 manatadək cərimənin astanasındadılar. Amma bu cərimə adi təşkilatçılar üçündür. Əgər təşkilatçı vəzifəli şəxsdirsə, ( siyasi partiyanın rəhbəri və ya funksioneri), o, 3000 manatdan 6000 manatadək cərimə ediləcək.

Təşkilatçı hüquqi şəxsdirsə (siyasi partiya, QHT, şirkət və s.), onun 15 min manatdan 30 min manatadək cərimə edilməsi mümkündür. Hələlik qanunla mitinq təşkilatçıları cəmi 500 manatadək cərimələnir.
XS
SM
MD
LG