Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:47

21.12.2012 - Qiyamət günü, ya təqvimin sonu?


Çində bir fermer "qiyamət günü" sığınacağı düzəldib.
Çində bir fermer "qiyamət günü" sığınacağı düzəldib.
2012-ci il Dekabrın 21-i Maya təqviminin sonudur. Sentyabrın 19-dan başlayaraq müxtəlif ölkələrdə bəzi adamlar təqvimin sonuna qalan 90 günü saymağa başlayıblar.

Çünki onlar inanırlar ki, maya təqviminin son günü dünyanın da sonu olacaq. Hazırda internetdə dekabrın 21-in dünyanın sonu olacağına inananların çoxlu saytları var. Bir çoxunda da insanlığın son günlərinə qalan vaxtı – Qiyamət günün saatı yer alır. Həmin saatla dünyanın sonuna 36 gün qalır.

Həmin saytlardakı əsas fikir budur ki, dekabrın 21-də yerdə inanılmaz kataklizmlər başlayacaq. Yerin maqnit qütblərinin yerinin dəyişməsindən, tufanlardan tutmuş asteroid düşməyinə, və ya hansısa ulduzun partlamasına qədər.

Bu cür saytların daimi izləyicilərinin sayı 300 min 1 milyon arasında dəyişir.

Bu cür saytlarda əsasən insanı dünyanın sonu olmasına inandırırlar, ancaq bu zaman sağ qalmağın mümkün olduğu ilə bağlı əl yeri buraxırlar. Dünyanın sonu olmasına inananlar üçün həyatda qalmaq üçün vacib olan müxtəlif vəsaitlər satırlar: vulkanların püskürdüyü qazlardan qorunmaq üçün əleyhqazlardan tutmuş, müxtəlif qidalara, qısadalğalı radiolara, işıq, külək generatorlarından dünyanın sonu üçün xüsusi təchizatı olan maşınlara, bunkerlərə qədər.

Ancaq Cənubi Amerikadakı mayalıların özləri, maya irsini öyrənən alimlərin dediyinə görə, təqvimin sonunu dünyanın sonu kimi qəbul etmirlər. Maya inancına görə, bu sadəcə bir astronomik dövrün, eranın sonu olacaq. Və təxminən hər 5 min ildən bir insanlıq tarixində bir dövr bitir, yenisi başlayır.

Dekabrın 21-də planetlərin paradı adlanan astronomik hadisə də baş verəcək. Yəni göydə planetlər və günəş bir xətt boyunca düzülür. Bunun da dünyanın sonunu gətirə biləcəyinə inanalar çoxdur. Ancaq bir fakt var ki, 2003-cü ildə də planetlərin paradı baş vermişdi. Və heç nə də olmamışdı.

Dekabrın 21-i ilə bağlı nəzəriyyələrə skeptik yanaşanlar deyirlər ki, söhbət əslində hansısa bir faktın kommersiya məqsədilə şişirdilməsindən gedir. 2012-ci ilin Maya təqviminin sonu olması uzun illər bəlli olsa da, bunun dünyanın sonu ola biləcəyi ilə ehtimallar 2009-cu ildə çəkilən bir filmdən – 2012 adlı filmdən sonra başladı. Film 2012-ci il dekabrın 21-də dünyanın sonunun atmasından bəhs edir. Günəşdəki fırtınaların təsiri ilə Yer planetinin mantiya qatında maye halda olan metal hərəkətə gələcək və bu da yerin maqnit qütblərinin yerinin dəyişməsinə, zəlzələlərə, sunamilərə, daşqınlara səbəb olacaq və insanlar arasında seçilənlər, bəzi heyvan növləri və bitkilər Nuh gəmisinə bənzər gəmilərdə xilas ediləcək.

Bu filmdən sonra NASA – ABŞ-ın Aerokosmik Agentliyi bir birinin ardınca bəyanatlar verməli oldu ki, bəs filmdə iddia edildiyi kimi, günəşdəki fırtınaların bu qədər güclü təsiri ola bilməz. Nə 2012-ci, nə də yaxın gələcəkdə planetə heç bir meteorun və göy cisminin düşməsi gözlənilmir və kataklizmlər haqda filmdəki iddialar elmi əsası olmayan fantastikadır.

Bənzər hay küy daha öncə 2000-ci ilə keçid vaxtı da var idi. 1999-cu ilin əvvəlindən başlayaraq bir çoxları iddia eləməyə başladı ki, bəs dünyada düzəldilən kompüterlərdə əsrdən əsrə keçid nəzərdə tutulmayıb deyə, 2000-ci ildə sıfırlanma baş verəcək, bu da kompüter sistemlərinin sıradan çıxmasına səbəb olacaq. Bunun qarşısını almaqda kömək edəcəyi deyilən proqramların satışından isə milyonlarla dollar qazanılmışdı.
XS
SM
MD
LG