Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:35

Vahid Əhmədov: «İpoteka üçün ilkin ödəniş 1000-1500 manat olmalıdır»


Vahid Əhmədov
Vahid Əhmədov
-
İpoteka krediti almaq üçün şərtlər gələn ildən hamı üçün ələçatımlı ola bilərmi? Dövlət büdcəsindən ayrılan vəsait necə, indilik yetərlidirmi? Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov AzadlıqRadiosuna bu haqda danışıb.

- 2013-cü ilin dövlət büdcəsində ipoteka kreditləri üçün 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu, 2012-ci illə müqayisədə 2 dəfə çoxdur. Amma bəzi ekspertlər həmin məbləği də az sayırlar. Onlar nə dərəcədə haqlıdırlar?

- 40 milyon manat çox aşağı məbləğdir. İldə ən azı 80-100 milyon manat vəsait ayrılmalıdır ki, sonradan faizlər qaytarılanda bu məbləğ heç olmasa 200-300 milyona çatsın. İkincisi də, ipoteka dünyada ən geniş tətbiq olunan kreditdir. Çox təəssüf ki, biz qanunu gec qəbul etmişik -- 2006-cı ildə. Ayrılan məbləğ də az olub -- 20 milyon manat, 16 milyon manat. 2012-ci ilin dövlət büdcəsi müzakirə olunanda da bu məsələyə toxunmuşduq. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da bizi müdafiə etdi ki, məbləğ artırılmalıdır. Amma sonradan artırılmadı. Gələn il üçün ayrılan 40 milyon azdır. Hökumətə 20 gün vaxt verilib, noyabrın 30-da büdcəyə yenidən baxılmalıdır. Görək, bəlkə məbləğ artırıldı. Digər vacib məsələ ipoteka kreditləri ilə bağlı şərtlərin ağır olmasıdır. İstər ilkin ödəniş, istər illik faiz, istərsə ümumi məbləğlə bağlı problemlər var. Aldığımız məlumata görə, Azərbaycan hökuməti bu məsələlərə baxır. Bu məsələ öz həllini tapmalıdır.

- İqtisadçıların dediyinə görə, Azərbaycanda bu il ipoteka krediti götürənlərin sayı iki dəfə azalıb. Özü də bu, ilin əvvəlinə olan məlumatdır.

- Araşdırmaq lazımdır ki, niyə azalıb. Azalıb ona görə ki, məbləğ azdır. Mən bilirəm ki, 2012-ci ilin ilk 3-4 ayında həmin ipoteka verilib qurtardı, məbləğ çox kiçik idi, cəmi 16 milyon manat idi. Ona görə də məbləğ yüksək olmalıdır ki, hamı istifadə edə bilsin. Müraciət edən həddən artıq çoxdur.

- Sizcə, illik faiz nə qədər olmalıdır?

- Məncə, illik 1-2 faiz olmalıdır.

- İlkin ödənişlə bağlı nə düşünürsüz?

- İlkin ödəniş aşağı olmalıdır, yəni 1000-1500 manat. Bir də məbləği artırmaq, təxminən 50-100 min manat arasında etmək lazımdır ki, vətəndaşlar heç olmasa ikiotaqlı mənzil ala bilsinlər.

- Necə bilirsiniz, hökumət bu il həmin təklifləri nəzərə alacaq?

Foto: Arxiv
Foto: Arxiv
- Deputatlar bu məsələni hər dəfə qaldırırlar. Bu, bank sisteminin də fəaliyyət göstərməsi üçün vacibdir. Sizə bir misal gətirim: Vaxt vardı Sahibkarlığa Kömək Milli Fonduna cəmi 80 milyon manat ayrılmışdı. Vəsaiti artırdılar, hazırda bu Fondun vəsaiti 500-600 milyon manata çatıb. İpoteka kreditini də belə etmək lazımdır. Böyük məbləğdə vəsait vermək lazımdır, faiz qayıtdıqca məbləğ də artacaq.

- Siz deyirsiz ki, ipoteka üçün ayrılan vəsait artırılmalıdır. Ancaq hökumət bildirir ki, imkanlar məhduddur.

- Bilirsiz, söhbət 80-100 milyon manatdan gedir. 45 milyard manat ehtiyatı olan dövlət üçün 100 milyon manat heç nədir, kiçik rəqəmdir.

- O zaman, Sizcə, hökumət bu təklifi niyə qəbul etmir?

- Bu il bir qədər artırdılar. Yəni, getdikcə diqqət artacaq. Şərtləri dəyişmək, yüngülləşdirmək lazımdır ki, hamı ipoteka götürə bilsin.

- Şərtlərdən söz düşmüşkən, ipoteka götürən təxminən 400-500 manat maaş almalıdır, axı...

- O məsələ də gündəlikdə var. Azərbaycanda orta əməkhaqqı 400 manatı ötüb. Ona görə ev almaq istəyənlər – ziyalıların, gənc alimlərin, hərbçilərin maaşı buna müəyyən qədər imkan verir.

- Bəs az maaş alanlar necə olsun? Tutalım, 200 manat alanlar ipoteka götürə bilirmi?

- Bu məsələ də gündəlikdədir. Biz məsələni qoymuşuq ki, ilkin ödəniş simvolik olsun, təxminən 1000-1500 manat. Daha 10 min manat olmasın.
XS
SM
MD
LG