Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:50

Bu ilin "100 ən nüfuzlu mütəfəkkiri” siyahısına salınan yazarlar


Salman Rushdie
Salman Rushdie
-

Britaniya yazıçısı Salman Rushdie “2012-ci ilin 100 ən nüfuzlu mütəfəkkiri” siyahısında 33-cüdür. Yapon yazıçısı Haruki Murakami isə 49-cu.

Siyahını Amerikann “Foreign policy” jurnalı hazırlayıb. Həmin siyahıda siyasətçi və iqtisadçılarla yanaşı sənət adamları da var.

S.Rushdie-ni “fikir azadlığını müdafiə etdiyi” üçün bu məqama layiq biliblər.

İranın ali dini lideri vaxtilə S.Rushdie-nin ölümünə fitva vermişdi – “Şeytan ayələri” romanında “İslamı və onun peyğəmbərini təhqir etdiyi üçün”.

Bundan sonra yazıçı illərlə gizlənməli olub. İndi də tez-tez radikal islamçıları tənqid edir.

Mədəniyyət, ədəbiyyat adamlarından S.Rushdie-ni yalnız çinli dissident, heykəltəraş, müasir Çin sənəti nümunələrini nümayiş etdirən qalereyanın meneceri Ai Weiwei qabaqlayıb. O son illərdə hökuməti tənqid etdiyi üçün gözümçıxdıya salınıb. Vergidən yayınma ittihamı ilə həbs edilib. 2011-ci ildə azadlığa çıxıb.

Amerikalı publisist Charles Murray siyahıda 43-cüdür.

O, kitablarında bildirir ki, Amerika cəmiyyəti getdikcə daxildən daha çox parçalanır. Bu da varlı və kasıblar arasında uçurumun dərinləşməsi ilə bağlıdır. Kasıb ailələrin təhsil səviyyəsi enməkdə, kasıblar yaşayan məhəllələrdə cinayətlər artmaqda, nikah sayı azalmaqdadır. Varlılar arasında isə nikah göstəricisi və hər iki bioloji valideyni ilə yaşayanların sayı yüksəkdir. Varlıların həyat tərzi də getdikcə kasıblardan daha çox fərqlənir, onların məşğul olduqları idman növləri, seçdikləri əyləncələr kasıblar üçün daha çox əlçatmaz olur.

Haruki Murakami
Haruki Murakami
Yapon yazıçısı Haruki Murakami 49-cu pilləyə “Qloballaşmış dünya haqda hüdudsuz fantaziyalarına görə” layiq görülüb.

Onun əsərlərindəki hadisələr zahirən Yaponiyada baş verir, az qala hamı Kafka oxuyur, caza qulaq asır, ingiliscə sərbəst danışır. Amma bu, əslində qloballaşmış dünyanın obrazıdır. Təsadüfi deyil ki, Murakaminin əsərləri milyonlarla tiraja malikdir, özü də həm yapona maraqlıdır, həm də xaricdəki oxuculara. O həm də ictimai-siyasi məsələlərə münasibət bildirməkdən çəkinmir, Fukuşima atom-elektrik stansiyasındakı qəzaya görə Yaponiya hökumətini tənqid edib, ada üstündə mübahisə edən Çin və Yaponiya rəhbərlərini qınayıb, “millətçilik şərabı” içirdib insanları bir-birinə düşmən etməməyə çağırıb.

Amerikalı analitik, publisist Robert Kagan 50-ci pillədə qərarlaşıb: “Həm Obama, həm də Romney-nin razılaşdığı kitab yazdığına görə”.

Son prezident seçkilərində demokratların namizədi Obama ilə respublikaçıların namizədi Romney az qala bütün məsələlərdə fərqli mövqe nümayiş etdirirdi. Amma bir məsələdə onların mövqeyi üst-üstə düşürdü və onlar eyni kitabın təsiri altında çıxışlar edirdilər.

Brookings İnstitutunun eksperti Robert Kagan bu il çapdan çıxmış “The World America Made” (Amerikanın düzən verdiyi Dünya) kitabında bildirir ki, ABŞ-ın dünyadakı mövqelərini getdikcə itirməsi haqda fikirlər mifdir. O, siyasətçiləri Amerikanın dünyadakı rolu ilə bağlı daha iddialı olmağa çağırır. Müəllif hesab edir ki, Amerikanın indiki qlobal hegemonluğu onun hərbi və iqtisadi qüdrətinə əsaslanır. Və Amerikanın bu gücünü qorumaq həm də dünyada sülh və təhlükəsizliyin qorunması deməkdir. Onun iddiasına görə, tarix boyu müharibələrin əsas səbəblərindən biri də o olub ki, təxminən bərabər gücə malik dövlətlər bir-birilərini üstələməyə çalışıblar, üstələyə biləcəklərinə inanıblar, amma məğlubedilməz dövlətlə müharibəyə heç kəs cəhd etməz…

“2012-ci ilin 100 ən nüfuzlu mütəfəkkiri” siyahısının 68-ci pilləsində nigeriyalı yazıçı Chinua Achebe qərarlaşıb.

O, ingiliscə yazdığı və 1958-ci ildə çap edilən “Things Fall Apart” (Hər şey dağılır) romanı ilə məşhurlaşıb. Roman afrikalıların müstəmləkəçilik və zorən xristianlaşdırma əleyhinə mübarizəsindən bəhs edir. O həm də Avropa yazarlarının Afrika haqda yaratdıqları mifləri dağıtmağa və Afrika reallıqlarının yerli müəlliflər tərəfindən təsvir edilməsinə çağırır.

Bu il onun xatirələri işıq üzü görüb. Onun fikrincə, Afrikanın bir çox problemlərinin, milli münaqişələrinin, təbii sərvətlər üstündə davalarının kökündə vaxtilə müstəmləkəçilərin öz maraqlarına uyğun şəkildə çəkdikləri sərhəd xətləri dayanır.

Farhadi "Oskar"ı ilə
Farhadi "Oskar"ı ilə
İranlı rejissor Asghar Farhadi 75-cidir. Onun “Boşanma” filmi bu il “Ən yaxşı xarici film” nominasiyasında Oskar mükafatına layiq görülüb.

İran rejimi ilə Qərb arasında münaqişənin kəskinləşdiyi bir dövrdə bu mükafatı alan rejissor deyib ki, “onun ölkəsinin möhtəşəm mədəniyyəti siyasət tozu altda qalıb”.

Hindistan doğumlu yazıçı, publisist Pankaj Mishra bu il çapdan çıxmış “From the Ruins of Empire: The Intellectuals Who Remade Asia” (İmperiyanın xarabalıqları altından. Asiyanı ayağa qaldıran intellektuallar) adlanan kitabında Qərbi Asiyanın problemlərinə səthi yanaşmaqda ittiham edir. Onun fikrincə, “mini yubka – Taliban saqqallarına qarşı” yanaşması əvəzinə Asiyanın mütəfəkkirlərinin yazdıqlarına ciddi yanaşmaq daha yaxşı olardı. O adamlar ki, Asiyanın dirçəldilməsi üçün yerli reallıqlara söykənən ideologiyalar təklif edirdilər. Məsələn, Cəmaləddin Əfqani müsəlman dünyasını dirçəltmək üçün panislamizm yolunu düzgün sayırdı. Müəllifin fikrincə, bu olsaydı, məsələn, Əfqanıstanda onilliklər boyu bu qədər qan tökülməz, sabit cəmiyyət qurmaq üçün bu qədər pullar havaya sovrulmazdı...

Publisist Peter Beinart “Sionizmə qoyduğu böhran diaqnozuna görə” siyahıda 99-cudur.

Onun “Sionizmin böhranı” kitabında İsrailin Fələstinə qarşı işğal siyasəti və bunun Amerikadakı yəhudi icması tərəfindən dəstəklənməsi, problemin “iki dövlət” yox, “bir dövlət” formasında həllinə çağırışı, Amerika siyasətini də öz maraqlarına uyğun yönəltməyə çalışması tənqid edilir. Onun fikrincə, Amerikanın yaxın müttəfiqi İsrail millətçi yox, liberal qüvvələrin idarə etdiyi ölkəyə çevrilməlidir. Kitabın çapı Amerikada yəhudilər arasında İsrailin siyasətini kor-koranə dəstəkləmək istəməyən gənclərin yeni nəslinin yaranması ilə üst-üstə düşür, amma həmin nəslin İsraillə bağlı nəyisə dəyişə bilib-bilməyəcəyi aydın deyil.

“2012-ci ilin 100 ən nüfuzlu mütəfəkkiri” siyahısında ilk üçlük:

1 AUNG SAN SUU KYI, THEIN SEIN
Birma müxalifətinin lideri və Birma prezidenti.
“Dəyişikliyin istənilən yerdə, o cümlədən dünyanın ən repressiv rejimlərində baş verməsinin mümkünlüyünü göstərdikləri üçün”.

2 MONCEF MARZOUKI
Tunis prezidenti
“Ərəb baharı ideyalarını yaşatdığı üçün”

3 BILL CLINTON, HILLARY CLINTON
ABŞ-ın keçmiş prezidenti və hazırkı dövlət katibi
“Hələ də gələcək haqqında düşündükləri üçün”
XS
SM
MD
LG