Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:49

İrandan Türkiyəyə qaz satışı davam edəcəkmi?


Cənubi Fars qaz yatağı
Cənubi Fars qaz yatağı
-

Türkiyə deyir ki, ABŞ sanksiyalarının onun İrandan aldığı qaza dəxli yoxdur. «Reuters» agentliyi xəbər verir ki, bu bəyanatı Türkiyənin energetika naziri verib.

O bildirib ki, Ankara İrandan aldığı təbii qaza ABŞ-ın embarqo qoyacağını düşünmür.
Bu isə o deməkdir ki, Tehran özünün ən böyük müştərisinə qaz satıb, qazan doldurmaqda davam edəcək. Halbuki, ABŞ Senatı ötən cümə günü İrana sanksiyaları enerji və onun nəqli sahələrinə də aid edib.

«SANKSİYALAR HƏM DƏ TÜRKİYƏYƏ QARŞI İŞLƏYƏCƏK»

«Reuters» yazır ki, yaxın on ildə Türkiyə Avropanın üçüncü ən böyük elektrik istehlakçısı yerini Britaniyadan alacaq, ancaq Ankara İrandan nəql olunan qazdan son dərəcə asılıdır.

«İran Türkiyənin ikinci ən böyük təbii qaz təchizatçısıdır və biz bilirik ki, bu halda sanksiyalar təkcə İrana deyil, həm də Türkiyəyə qarşı işləyəcək», bunu energetika naziri Taner Yıldız deyib.

Arxiv foto
Arxiv foto
Türkiyə hazırda elektrik enerjisinin əksər hissəsini təbii qazdan alır və enerji təchizatını şaxələndirməyə can atır.

«Reuters» xəbər verir ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların üçüncü raunduna daxil olan qadağalar qüvvəyə minərsə, Türkiyənin İran qazı üçün qızılla ödənişi də müşkülləşə bilər.

25 il müddətinə bağlanmış müqaviləyə əsasən, İranın təbii qaz ixracının 90 faizi, başqa sözlə, 10 milyard kubmetr qaz, Türkiyənin payına düşür.

Bu, İranı Türkiyənin Rusiyadan sonra ikinci ən böyük qaz təchizatçısına çevirib.

ABŞ-ın Türkiyədəki səfiri Francis Ricciardone deyir ki, Ankara və Vaşinqton bu məsələ üzərində çox diqqətlə işləyirlər.

QIZIL QİYMƏTİNƏ QAZ

Türkiyənin İrandan qaz almasının bir problemi də odur ki, Tehrana qarşı sanksiyalar onunla ABŞ dolları və ya avro ilə alış-verişi qadağan edir.

Ali Babacan
Ali Babacan
Türkiyə lirəsi beynəlxalq valyuta bazarında o qədər də işlək pul deyil və satdığı qaz əvəzində Tehran Türkiyənin qızılını alır.

Ötən ay Türkiyə baş nazirinin müavini Ali Babacan bildirmişdi ki, İran Türkiyə lirəsini təmiz qızıl şəklində qəbul edir.

Məsələ də bundadır ki, ABŞ prezidenti Barack Obama-nın ötən yay imzaladığı sərəncam İrana qiymətli metalların verilməsini qadağan edir.

ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland bildirib ki, İrana qarşı sanksiyalar məsələsi hazırda Vaşinqton və Ankaranın ciddi müzakirə mövzusudur.

Türkiyənin qiymətli metal ixracına dair rəqəmlər keçənilki 2,7 milyard dollardan son on ay ərzində 14, 3 milyard dollara yüksəlib.

Türkiyə qızılı İrana birbaşa və ya Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə ixrac edir.

Türkiyə həmçinin İsveçrəyə, Britaniyaya və Hindistana da qızıl ixracını artırıb.

Bəzi təhlilçilərin təxmininə görə, bu o deməkdir ki, Tehran Türkiyə qızılını idxal etmək üçün yeni kanallar tapıb.
XS
SM
MD
LG