Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:57

Bakıdan Rembrandt-ı ət kombinatından kolbasa çırpışdıran kimi apardılar...


Ziyadxan Əliyev
Ziyadxan Əliyev
-
«Azərbaycanın dünya muzeylərində, şəxsi kolleksiyalarda saxlanan maddi-mədəniyyət nümunələrinin sayını hesablasaq, əllərimizin barmağı kifayət eləməz».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına sənətşünas Ziyadxan Əliyev söylədi.

MƏDƏNİ SƏRVƏTLƏRİMİZ ORTA ƏSRLƏRDƏ AVROPAYA DAŞINIB

Onun dediyinə görə, zaman-zaman Azərbaycanda olan səyyahlar, diplomatlar və s. peşə adamları gedərkən bir ərməğan aparmağa çalışıblar:

«Bu ya zərgərlik əşyası olub, ya xalça olub, ya da digər sənət nümunəsi. Bu qayda ilə daha çox orta əsrlərdə mədəni sərvətlərimiz Avropaya daşınıb. Bu ənənə ölkənin sovetləşməsinə kimi davam edib. Amma bu əsərlərin muzeylərlə bağlılığı olmadığından, onların geri istənilməsi mümkün deyil».

ÖLKƏDƏ BU SAHƏDƏ YETƏRLİ İŞ APARILMAYIB

Ziyadxan Əliyev sonralar daşınan sərvətlər arasında muzey eksponatı olan əsərlər də olduğunu bildirdi:

«Onlar vaxtilə muzeylərin ekspozisiyasını bəzəyib. Üzərində muzeyin möhürü, inventar nömrəsi var. Yerini bildiyimiz halda Azərbaycan hökumətinin beynəlxalq qanunlarla onları tələb etməyə haqqı çatır. Amma fikrimcə, bu istiqamətdə ölkədə kifayət dərəcədə iş aparılmayıb».

DİQQƏT! İTKİLƏRİN SIRASI BAŞLAYIR: 3 MANATLIQ RƏSM

Sənətşünas uzun müddət muzey sistemində çalışdığından, araşdırmalar apardığından muzey oğurluğu ilə bağlı xronologiyanı gözəl xatırladığını deyir:

«Sovet dönəmində itkilər reklam olunmurdu. Amma dar bir dairədə belə itkilərin olduğu bəlli idi. 1973-cü ildə R.Mustafayev adına İncəsənət Muzeyində Marc Chagall-ın «Ailə» əsəri oğurlandı. Ən maraqlısı bu idi ki, oğurluq hadisəsi təmizlik aparılan gün olmuşdu... Axtarışlar heç bir nəticə vermədi. Amma muzeyin direktoru mənə gülməli bir hadisə danışdı: Dedi bir dəfə Daxili İşlər naziri məndən soruşdu ki, Kazım müəllim, aylardır axtardığımız əsərin qiyməti nə qədərdir? Mən də inventar qiymətini dedim: 3 manat. Bunu eşidən nazir özündən çıxdı ki, bizi dolamısınız? Neçə aydır 3 manatdan ötəri axtarmadığımız yer qalmayıb. Tez hara isə zəng vurub dedi ki, işi bağlayın. Əslində dünya şöhrətli rəssam Marc Chagall-ın əsəri 3 manat ola bilməzdi».

SOVETLƏR MUZEYLƏRİ NECƏ YARATDILAR?

Sənətşünas deyir ki, əslində bu qiymət Azərbaycana verilərkən qoyulmuşdu:

«SSRİ yaranarkən müttəfiq respublikalarda əsər yox idi. Ona görə də, Moskva və Leninqraddakı saxlanclardan hər muzeyə 5-10 ədəd verdilər. O dövrdə--20-ci illərdə Marc Chagall sosializmə yad sənətkar kimi dəyərləndirilirdi və onun əsərinə də o üzdən 3 manat qiymət qoyulmuşdu. Əslində isə onun qiyməti yüz minlərlə ölçülürdü. Yeri gəlmişkən, günlərin bir günü mərhum rəssam Elçin Məmmədov muzeyə gəlib söylədi ki, həmin əsəri Cənubi Afrikada bir «qara bazar»da görüblər, neçə yüz minə satılırmış...».

ƏSGƏR RƏSM ƏSƏRİNİ EKSPOZİSİYADAN NECƏ OĞURLADI?..

Ziyadxan Əliyev o dövrdə belə oğurluqların olduğuna, ancaq heç birinin də tapılmadığına diqqət çəkdi:

«Ancaq bir dəfə bir rus rəssamının əsərini Bakıda əsgərlik müddətini başa vuran bir orta asiyalı gənc oğurlamışdı. Əsəri köynəyinin altına qoyub muzeydən çıxarmışdı. Onu tapdılar. Elə aeroportdaca tutdular. İçib yatıbmış--əsər də torbasında».
ƏN AĞRILI OĞURLUQ...

Qonağımız ən ağrılı oğurluq hadisəsinin 19 il qabaq olduğunu dedi:

«Bu da R.Mustafayev adına İncəsənət Muzeyində baş verən məşhur oğurluqdur. O əsərlərin hamısının üzərində muzeyin möhürü, inventar nömrəsi vardı. Onlar Azərbaycan xalqının mənəvi sərvəti idi. Həmin dövrdə muzeydən 274 (!) əsər oğurlandı. Dünya şöhrətli rəssamların—Rembrandt, Van Dyck, Dürer, Poussin və s.-nin qrafik əsərləri idi. Onların arasında Azərbaycan, İran, Hindistan rəssamlarının 30-a yaxın miniatür əsəri vardı».

BU, TƏŞKİL OLUNMUŞ OĞURLUQ İDİ

Ziyadxan bəy bunun təşkil olunmuş oğurluq olduğunu bildirdi:

«ABŞ-da əsərləri satarkən hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdular. Sənət əsərlərinin qeyri-qanuni satışını təşkil etmək üstündə bir məhkəmə də quruldu. Mən də o məhkəməyə çağırılmışdım—vəkil Aslan İsmayılovla birlikdə. Şübhəlilər azərbaycanlılardı. Fikrimcə, bu, başqa millətlərin sifarişi, azərbaycanlıların əli ilə həyata keçirilmişdi. Nyu-York məhkəməsinə 274 əsərdən 234-ü çıxarılmışdı. Məhkəmə 12 əsəri Bremen muzeyindən Bakıya gətirilən qənimət hesab etdi və muzeyə qaytardı. 193 əsər Bakıya gətirildi. Qalan 69 əsərin taleyindən xəbər verən olmadı...».

NƏLƏR OLUR, AY NƏLƏR?

Qonağımızın dediyinə görə, bu işdə azərbaycanlı dünya çempionunun suçlu olduğu bildirilirdi:

«Aydın İbrahimov İnterpol xətti ilə axtarışa verilmişdi. 2007-ci ildə o, Bakıya qayıtdı və məhkəmə qarşısında durdu. İki maddə ilə mühakimə olunurdu—biri «Neftçi»nin rəhbəri işlədiyi vaxt Neft Şirkətindən köçürülən məbləği mənimsədiyinə görə və ikincisi—muzey oğurluğu ilə bağlı ilə. Məhkəmənin gedişində o, muzey oğurluğu faktını tamam dandı. Mənimsəmə maddəsi ilə 7 il həbs cəzası aldı. Onu da şərti cəza ilə əvəz etdilər və o adam azadlığa çıxdı. Muzeydə təşkil olunan oğurluğun səbəbkarları isə ortaya çıxmadı».

ONLAR KİMDİRLƏR?

Ziyadxan bəy bir maralı nüansa diqqət çəkdi:

«O dövrdə Azərbaycan mədəniyyətinə rəhbərlik edən şəxs indi Azərbaycanın xarici ölkədəki səfiridir. O dövrkü nazir müavini Milli Aviasiya Akademiyasının prorektoru, nazirliyin şöbə müdiri isə Milli Kitabxananın müdiridir»...

QARABAĞDA 100 MİNƏ QƏDƏR ƏSƏR İTİRİLDİ...

Qonağımızın fikrincə, belə adamlara mədəniyyət sahəsini etibar etmək cinayətdir: «Ən acınacaqlısı budur ki, həmin dövrdə Qarabağdakı 22 muzey və 4 qalereyadan 100 minə qədər əsər itirilmişdi. Əslində, müharibə şəraitində olan dövlətin milli sərvətin qorunması barədə konsepsiyası olmalıdır. Təəssüf ki, konsepsiya yox idi və o sənət əsərləri işğal altındakı ərazilərdə itirildi».
MUZEYDƏN OĞURLANAN ƏSƏRLƏRİN MUZEY DƏYƏRİ YOXDUR?!

Sənətşünas bütün bunlardan sonra muzey oğurluğunda yalnız 111 əsərə İnterpol xətti ilə axtarış verildiyini deyir:

«Sual olunur ki, bəyəm qalan əsərlərin muzey dəyəri yox idi? Hətta o dövrdə mədəniyyət naziri ölkənin iki tanınmış sənətşünas aliminə--akademik Rasim Əfəndiyevə və sənətşünaslıq doktoru Mürsəl Nəcəfova ekspert rəyi yazdırmışdı ki, oğurlanan əsərlərin heç bir muzey dəyəri yoxdur... Adamdan soruşmazlar ki, muzey dəyəri olmayan əsərin muzeydə nə işi vardı?».

DİQQƏT: OĞURLUQLAR DAVAM EDİR

Ziyadxan Əliyev bunlardan başqa 1990--2000-ci illərdə ölkənin paytaxtında və bölgələrdə olan çoxsaylı mənəvi dəyər oğurluqlarını sadaladı:

«1990-cı ildə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Türkiyədə təşkil etdiyi sərgidən tarzən Əhməd Bakıxanova məxsus unikal saz-əsa oğurlandı. Bəhanə bu idi ki, yolda—Batumidə gömrükdə işləyən bir erməni tərəfindən oğurlanıb. Oğlu Məmmədin döymədiyi qapı qalmadı. Axırda tarzən Əlağa Quliyevin saz --əsasını muzeyə qoymaqla məsələni həll etdilər. Sən demə, o dövrdə Əhməd müəllim dostu Əlağa Quliyevə də məsləhət görübmüş ki, o əsadan düzəltdirsin...

1991-ci ildə Filarmoniyanın foyesindən konsert gedə-gedə qədim Çin vazı yoxa çıxdı. Bu da, məqsədli şəkildə təşkil olunmuş oğurluq idi...

1996-cı ildə İncəsənət Muzeyinin yanındakı bağdan məşhur rus heykəltəraşı Catherine Belashova-nın çəkisi 1 tona yaxın olan (!) «Ana körpəsi ilə» heykəli oğurlandı. Prezident Aparatının 50 metrliyindən!

1992-94-cü illərdə indiki Şirvandan, Mingəçevirdən, Zaqatala muzeylərindən də oğurluqlar oldu.

Rəşid Behbudovun Mahnı Teatrındakı Xatirə Muzeyindən çoxsaylı eksponatlar yoxa çıxdı.

Dövlət Tarix Muzeyindən 90-cı illərdə 70-ə qədər xalça oğurlandı.

Bunların heç biri açılıb cəzalandırılmadı...».

QARA YUBİLEY - 20 İL VƏ YA 325-Cİ OTAĞIN SİRRİ...

Sonda Ziyadxan Əliyev gələn il İncəsənət Muzeyindən olan oğurluğun 20 ili tamam olacağını söylədi:

«Taleyimizə qara yubileylər qeyd etmək düşüb. Fikrimcə, Bakıda başlanan 97-47 saylı cinayət işi bağlansa da, yenidən açılmalıdır. Qapısında polis dayanan, qapı-pəncərəsi bağlı olan, qapısı möhürlənən otaqdan necə əsər oğurlamaq olar? Aydın məsələdir ki, təşkil olunmuşdu. Muzeyin fəhləsi ifadə vermişdi ki, bu işi muzey direktorunun sözü ilə etmişəm. Mənə açarı verib, toplanmış əsərləri onun evinə aparmışam. Ertəsi gün əsərləri Mədəniyyət Nazirliyinin 325-ci otağına təhvil vermişəm. Bu 325-ci otağın sirri tapılsa, oğurluğu təşkil edənlərin də izinə düşmək olar. O vaxt «Raboçaya tribuna» qəzetində bu başlıqda yazı vermişdilər: Rembrandt-ı və Dürer-i ət kombinatından kolbasa çırpışdıran kimi apardılar... Ən gülməlisi bu idi ki, oğurluqla rayon polis şöbəsi məşğul olurdu».

OĞURLUĞUN ZƏNCİRİ… YUXARILARA APARIRDI

Ziyadxan Əliyev bu hadisədən sonra Milli Məclisin sədri Heydər Əliyevə teleqram vurduğunu deyir:

«Ancaq ondan sonra Daxili İşlər Nazirliyində Xüsusi İstintaq Komissiyası yaratdılar. İstintaq Komissiyası bu işi açmaqdan çox ört-basdır etməklə məşğul oldu. Çünki oğurluğun zənciri uzun idi və çox yuxarılara gedirdi. Odur ki, bu işin irəliləməsini istəyənləri susdurmağa çalışdılar. Mənim də başım bəlalar çəkdi. Şəkər xəstəliyi, mədə xəstəliyi qazandım. Muzeydəki şöbəmi ləğv elədilər. Özümü ixtisara saldılar. Və bütün bunlardan sonra 2006-cı ildə mənə prezidentin sərəncamı ilə «Əməkdar İncəsənət Xadimi» adı verdilər və hamını təəccübləndirdilər...».

Yeri gəlmişkən, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti AzadlıqRadiosunun «İz» proqramına ölkənin xaricə aparılmış maddi-mənəvi sərvətlərinin müəyyənləşməsi yönündə iş aparıldığını dedi. Xidmətin bildirdiyinə görə, artıq vahid kataloqun yaradılması gündəmdədir.
XS
SM
MD
LG