Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:29

Əlyazmalar İnstitutu daha da varlandı!


-
MEA-nın Füzuli adına Əlyazmalar İnstitutu ABŞ-ın Maryland ştatının Baltimore şəhərindəki Walters Art Muzeum-da saxlanan Şərq Əlyazmaları kolleksiyasından əvəzsiz xəzinə əldə edib.

Xəbəri AzadlıqRadiosuna institutun direktor əvəzi Paşa Kərimov verib.

İnstitut 328 əlyazma kitabının və çoxsaylı miniatür, xəttatlıq nümunələrinin elektron variantını, rəqəmsal faksimilesini öz zəngin xəzinəsinə əlavə edib.

Paşa müəllimin dediyinə görə, bu zəngin xəzinənin əldə edilməsində onlara türkiyəli araşdırıcı Engin Cihad Tekin yardımçı olub.

Engin Tekin Paşa Kərimovun dostudur və bu işin fanatikidir.

Buraya ən qədim və nəfis Quran nüsxələri, Firdovsi «Şahnamə»sinin, Nizaminin, Ə.Nəvainin, Ə.X.Dəhləvinin «Xəmsə»lərinin, Cəlaləddin Rumi, Sədi, İ.Əhmədi, Cami, Babur, Əssar Təbrizi və b. əsərlərinin nəfis, gözəl xətlə köçürülmüş miniatürlü əlyazmaları daxildir.

Paşa Kərimov, xüsusilə, buradakı miniatürlərlə zəngin Nizami «Xəmsə»sinin nəfisliyi ilə diqqəti cəlb etdiyini vurğuladı.

«Xəmsə»nin 1481-ci ildə köçürülən nüsxəsində 60, 1517-ci ildə Məhəmməd Musa Əlmüzəhhib tərəfindən köçürülmüş nüsxəsində 27, 1528-ci ildə Yadgar Əlkatib tərəfindən köçürülmüş nüsxəsində 27, 1563-cü ildə köçürülmüş nüsxəsində 30, 1516-cı ildə Yarməhəmməd Əlhərəvi tərəfindən köçürülmüş nüsxəsində 35, XVII əsrdə köçürülmüş digər nüsxədə 36 miniatür var.

Kolleksiyaya Nizami «Xəmsə»sinin 7, Əssar Təbrizinin «Mehr və Müştəri» poemasının 2 nüsxəsi daxildir.

Bu kitablarda Səfəvilər dövrü Azərbaycan miniatür məktəbinə məxsus rəssamların rəsmləri də yer alıb.

Ə. Caminin XVI əsrdə köçürülmüş «Yusif və Züleyxa» poemasına çəkilmiş 8 miniatür Təbriz miniatür məktəbinə məxsusdur.

Kolleksiyadakı müxtəlif dövrlərə, xüsusilə Qacarlar dövrünə aid mürəqqələr – xəttatlıq və miniatür sənəti albomları da böyük maraq doğurur.

Burada çoxsaylı orta əsrlər cildçilik sənəti nümunələri də nəfisliyi ilə diqqəti cəlb edir.
XS
SM
MD
LG