Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:55

Musa Yaqub: Fəxri ad gözləyəndə, adam əzab çəkir...


Musa Yaqub
Musa Yaqub
-

- Musa müəllim, Yazıçılar Birliyinin sədri Anar mətbuata müsahibəsində bir neçə şairin – Ramiz Rövşənin, Məmməd İsmayılın adını çəkib ki, onların xalq şairi adını alması üçün çalışdım, mümkün olmadı. Həmin siyahıda sizin də adınız var...

- Anar mənim adımı təqdim edəndə, xəbərim olmayıb. Ümumiyyətlə, bizə bu haqda nə isə demirlər. Anarın, Yazıçılar Birliyinin məsləhət bildiyi adamların siyahısı yuxarılara təqdim olunur. Yuxarılarda da bir qayda var: «bu bizim adamdır, yoxsa bizim adam deyil». Belə ayrıseçkilik mövcuddur. Prezident Aparatında bu məsələni həll edən adamı tərifləyən, onun dediyini yerinə yetirənlərin hər şeyini bağışlayırlar. Xalq şairi adını almaq elə bir məsələdir ki, gərək özün şəxsən müraciət edəsən, xahiş edəsən, sonra həll oluna. Şəxsən mən bunu bacarmaram. İndiyə qədər ad almamağımla bağlı Anardan, Yazıçılar Birliyindən narazı deyiləm. Dost kimi, qələm yoldaşı kimi gücləri çatan qədər bizə kömək etməyə çalışırlar, hörmətimizi saxlayırlar. Əgər bu məsələ Anardan asılı olsaydı, çoxdan həll olunmuşdu. Onun gücü çatmır. Bu, Prezident Aparatında həll olunan məsələdir.

Aparatın rəhbərinin stolunun üstünə siyahı gələndə, istəmədiyi adamın adı olan siyahını götürüb qoyur qırağa. Bu adamlar ancaq və ancaq öz adamlarına, onları tərifləyən şəxslərə ad verirlər, şərait yaradırlar. Guya bu torpaq, bu el, bu vətən bizim deyil. Onlar bizə nəinki xalq şairi adı vermək haqqında düşünmürlər, heç vətəndaş kimi də saymırlar. Ramiz Mehdiyev Ziyalılar Forumu haqqında danışanda deyir, onlar yığılıb orda əyləncə ilə, söz-söhbətlə, boş laqqırtı ilə məşğul olurlar. Bizim o yaşımızdır ki, əyləncə ilə məşğul olaq? Yenə deyirəm, mənim xalq şairi olmamağımda Yazıçılar Birliyini günahlandırmıram. Bizi Aparatda buna layiq bilmirlər. Öz işləridir, heç bilməsinlər. Bizi «laqqırtı vuran ziyalı» kimi tanısınlar, sonra da ad versinlər?

- Sizcə bu münasibət nə vaxta qədər davam edəcək?

Ramiz Mehdiyev
Ramiz Mehdiyev
- Mən öz mövqeyimdən çəkilməyəcəm. Onların istədiyi kimi yuxarıların adamı olmayacağam. Mən milli dövlətçiliyimizə, milli fikrimizin formalaşmasına kömək etmək istəyən adamam. Rüşvətxorluğa qarşı mübarizə idarəsi yaradıblar. Necə olur rüşvətxorlar ancaq müəllimlər arasından çıxır, aşağı təbəqənin adamlarını həbs edirlər, amma büdcə milyarderləri qıraqda qalır? Guya onlar rüşvətxor deyillər? Belə münasibət olmaz! Mənim yadımdadır, o vaxt Mehdiyev şöbə müdiri kimi Yazıçılar İttifaqının plenumlarında, tədbirlərində həmişə iştirak edərdi. Yazıçılarla çox mehriban idi, onların sözünü eşidirdi, söhbət edirdi. Çünki o vaxt yazıçıların, ziyalıların arxasında sovet qüdrəti, qüvvəti vardı.

Mehdiyev o təbliğata qarşı çıxa bilmirdi. İndi fürsət düşüb, gör yazıçılarımızı, ziyalılarımızı necə vururlar. Müdrik çağında insana belə münasibət göstərərlərmi? Bəyəm, ancaq YAP ziyalıları ilə işləmək lazımdır? Hamımız bir-birimizi yaxşı tanıyırıq, bilirik kim kimdir. Vacibdirmi bizə bu soyuq münasibət göstərsinlər? Bu təkcə ad məsələsi ilə bağlı deyil, yenə təkrar edirəm: bizi vətəndaş kimi də saymaq istəmirlər. Qoy saymasınlar! Vaxt gələr, ömür, zaman onlardan da hesab istəyəcək. Mütləq istəyəcək! Onların bu cür münasibətlə verdiyi ad bizə lazım deyil!

- Fəxri ad məsələsi ilə bağlı Anarla şəxsi söhbətiniz olubmu?

- Vallah, şəxsi söhbətimiz olmayıb. Yoldaşlara, dostlara deyib ki, imkan düşən kimi mən həll etməyə çalışıram, alınmır. Anar bizim dostumuzdur, yaxınımızdır, amma mən özüm Anara deməmişəm ki, adımı təqdim elə, mənə xalq şairi adını versinlər. Bildiyim budur, bir dəfə məktubunu qaytarıblar.

- Vaqif Səmədoğlu müsahibələrinin birində deyib, Anar əvvəllər Prezident Administrasiyası ilə iş görürdü, indi Mədəniyyət Nazirliyinə müraciət edir...

Anar
Anar
- Ramiz Rövşənə, Musa Yaquba, Məmməd İsmayıla xalq şairi adının verilməməsi Anara münasibət demək deyil. Anara münasibət yaxşıdır. Ona münasibət yaxşı olmasaydı, «Heydər Əliyev mükafatı», «İstiqlal» ordeni verməzdilər. Yazıçılar Birliyinin sədri başqa adam da olsaydı, bizim adımız siyahıdan çıxarılacaqdı. Çünki bu, fərdi yaradıcılıqdır, şəxsi yaradıcılıqdır. O fərdi bəyənmirlər də. İndi buna Yazıçılar İttifaqının rəhbəri neyləsin? Vaqif Səmədoğluna mənim böyük hörmətim var, şair dostumdur, əzizimdir. O vaxt demişdi, xəcalət çəkirəm ki, mən xalq şairiyəm, Musa Yaqub hələ də bu adı almayıb. Bu, Vaqif Səmədoğlunun müraciətidir də. Elə bil, Anarın yerində Vaqif oturub, bu sözü deyir. Demək, eşitmirlər də, qardaş! Eşitmək istəmirlərsə, heç kimin sözünü eşitməyəcəklər. Çünki onları saymırlar, istəmirlər, telefonlarına cavab vermirlər. Yuxarılar istəyirlər ki, bizi üzümüzə tərifləyin, deyin bu dünyada sizdən başqa yoxdur, hər şey verək, nə istəyirsiniz edək. Biz də bunu bacarmarıq. Yaxşını yaxşı deyirik, pisi pis!

Vallah, mən dostlarımın suallarından bezmişəm ki, nə əcəb sənə xalq şairi adı vermirlər. Deyirəm qardaş, vallah bilmirəm. İstəyirəm, bu suallardan canımı qurtarım. Ümumiyyətlə, mən ad, mükafat dalınca baxmamışam. Baxanda, gözləyəndə adam çox əzab çəkir. Bilirəm, dostlar, yoldaşlar istəyirlər bu varsa, mən də olsun. İndi eləmirlər də, mən neyləyim? Bizim mübarizəmiz onların xoşuna gəlmir.

- Qarşıdan Yazıçılar Birliyinin qurultayı gəlir. Ola bilərmi, bu səbəb araya düşsün, sizə də xalq şairi adı versinlər?

- Vallah, bilmərəm. Amma çətindir. Çünki Ramiz Mehdiyevin stolunun üstünə bizim adlar gedəndə, qaytarır ki, guya bilmirsiniz, bunlar bizim adamlarımız deyil? Belə münasibət varsa, haradan ümid edək?.
XS
SM
MD
LG