Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:53

UNESCO-nun tarla bağlı qərarına İranın etirazına rəsmi münasibət açıqlandı


Tar
Tar
-
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi İran tərəfinin tarın UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına Azərbaycanın musiqi aləti kimi daxil edilməsi ilə bağlı etirazını cavablandırıb.

Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə APA-ya İran tərəfinin tarla bağlı istədiyi vaxt UNESCO-ya müraciət edə biləcəyini açıqlayıb:

«Təbii ki, ilk təqdim edən ölkə Azərbaycan olduğu üçün onlar bunu Azərbaycan tərəfi ilə müzakirə etməlidirlər. Bu hər bir ölkənin öz suveren hüququdur. Azərbaycan tərəfi Azərbaycan tar ifaçılıq sənətini UNESCO-ya təqdim etməklə həm beynəlxalq hüququn bütün normalarına, həm də Qeyri-Maddi Mədəni İrsin Qorunmasına dair Konvensiyanın bütün şərtlərinə riayət edib».

Vasif Eyvazzadə bildirib ki, Azərbaycan tərəfinin təqdim etdiyi fayllar, film və digər məlumatlar sırf Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınmış ərazisi daxilində göstərilən fəaliyyətlərlə bağlıdır:

«Yəni burada hər hansı bir ölkəyə iddia göstərilmir. Faylın özündə də hətta qeyd olunub ki, tar sənəti - İran, Türkiyə, İraq kimi ölkələrdə var. Amma Azərbaycan tarı spesifik xüsusiyyətlərə malikdir».

İran Musiqi Evi tar musiqi alətinin UNESCO-da Azərbaycanın musiqi irsi kimi qeydiyyatdan keçməsinə etiraz edib.

Təşkilat bildirib ki, artıq İranın UNESCO-dakı nümayəndəsi bu məsələ ilə bağlı etirazını rəsmiləşdirib.

Vəziyyətlə bağlı İran Musiqi Evinin rəhbərliyini vaxtında məlumatlandırmadığına görə, İranın UNESCO-dakı nümayəndəsi məsuliyyətsizlikdə ittiham olunub.

İran tərəfinin iddiasına görə, tar İranın cənubunda yaradılıb.

İran tərəfi tarın UNESCO-da İran və Azərbaycan musiqi aləti kimi qeydiyyatdan keçirilməsini istəyir.
XS
SM
MD
LG