Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:14

İşadamı siyasətə qoşulmamalıdır?


Məhəmməd Qurbanov
Məhəmməd Qurbanov
-
Həbsdə olan işadamı Məhəmməd Qurbanova məxsus 9 min manatlıq ərzaq hələ də ailəsinə qaytarılmır.

Bu haqda AzadlıqRadiosuna işadamının qızı Elnurə Qurbanova məlumat verib. Həmin mallar Sədərək Gömrük İdarəsində saxlanılır.

Elnurə Məmmədova deyir ki, malları çıxarmaq üçün tələb olunan sənədləri təqdim etsələr də, gömrükdə əlavə problemlərlə üzləşirlər:

«Bizi süründürürlər. Qaimələr istəyirdilər, hamısını hazırladıq, verdik. İndi də deyirlər ki, gedin Türkiyənin laboratoriyasından sənəd gətirin. Belə çıxır ki, malları gərək qaytaraq Türkiyəyə və təzədən laboratoriya sənədi alaq. Malların müddəti başa çatmaq üzrədir. Təkrar Türkiyəyə qaytarsaq, mal xarab olacaq. Malı gömrükdən çıxarmaq üçün sertifikatlı maşın da istəyirlər. Sertifikatlı maşınımızı da gömrüyün həyətində saxlayıblar. İcazə vermirlər çıxaraq. Prokuror deyir ki, istintaq bitməmiş maşınları geri qaytarmaqdan söhbət gedə bilməz. Haqsızlıqla razılaşmadığımıza görə bizdən qisas alırlar. İstəyirlər malların vaxtı keçsin, 9 min manat ziyana düşək».

«HƏBS EDİBLƏR Kİ, BAŞQALARININ DA GÖZÜ QORXSUN»

Elnurə Qurbanova atasının və həyat yoldaşı Nadir Məmmədovun haqsız həbs olunmalarını onlara qarşı siyasi təzyiq sayır:

«Atam həbsindən bir neçə gün öncə Naxçıvanda İctimai Palataya üzv yazılıb. İndiyədək hökumətdəki korrupsiyaya, digər pozuntularına etiraz etdiyinə görə dəfələrlə təzyiqlərə məruz qalıb. Buna görə hətta 2009-cu ildə psixi dispanserə də salınıb. Bu həbsin səbəbi İctimai Palataya üzv yazılması oldu. Sırf buna görə həbs ediblər ki, başqalarının da gözü qorxsun və beləcə, İctimai Palataya gəlməsinlər. Nadir də 2010-cu il parlament seçkilərində məntəqə üzvü olub, saxtakarlığa qarşı çıxıb.
Nadir Məmmədov
Nadir Məmmədov
Bundan sonra Daxili İşlər naziri Əhməd Əhmədov tərəfindən işgəncəyə məruz qalıb, qaçıb Bakıya. Prezidentə müraciət etdikdən sonra bir müddət toxunmadılar ona. İndi gömrük məsələsini bəhanə gətirib həbs ediblər. Qisas almaq üçün də şəxsən nazirliyin əməkdaşları gedib onlara işgəncələr veriblər. Vəkilin bildirdiyinə görə, onları 3 gün ac-susuz saxlayıblar. Olmazın işgəncələr verərək döyüblər. İndi ailəlikcə təhlükə altındayıq. İzlənirik, naməlum hədə-qorxu zəngləri gəlir. Evin ətrafında maşınlar, adamlar bizi aramsız güdürlər. Başımızdan bir tük əskik olsa, buna görə Naxçıvanın hüquq-mühafizə orqanları cavabdehdir».

Məsələyə münasibət öyrənmək üçün Sədərək rayon Gömrük İdarəsi ilə əlaqə saxladıq. İdarənin əməkdaşı Kamran Səfərov bildirdi ki, Məhəmməd Qurbanovun ailə üzvləri lazımi sənədləri təqdim edəndən sonra malları gömrükdən çıxara bilərlər :

«Qərəz ola bilməz. Gəlsinlər maraqlansınlar, nə sənəd lazımdır təqdim etsinlər. Bu haqda özlərinin maraqlanması yaxşıdır».

315-Cİ MADDƏ...

Sədərək Rayon Prokurorluğu bu məsələ barədə susmağı üstün tutdu.

Xalid Bağırov
Xalid Bağırov
Naxçıvan MR DİN-in əməkdaşları saxlanılanlara işgəncə verilməsi ilə bağlı deyilənləri yalanlamışdılar.

Məhəmməd Qurbanov və Nadir Məmmədovun vəkili Xalid Bağırov işadamına məxsus malların gömrükdə saxlanmasını qanun pozuntusu sayır. O, müdafiə etdiyi şəxslərin siyasi fəaliyyətlərinə görə həbs olunduğunu da deyir:

«Məhəmməd Qurbanovun Naxçıvan hakimiyyəti ilə münasibətləri çoxdan gərgindir. O, daim onların fəaliyyətini tənqid edib, onlarla mübarizə aparıb, razılaşmayıb haqsızlıqlarla. Buna görə onu 28 gün qanunsuz olaraq psixi dispanserdə saxlayıblar. Bu hadisə beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Məhəmməd Qurbanov Naxçıvanda İctimai Palataya üzv olub. Bir işadamının İP-ə qoşulması hakimiyyətlə aralarındakı gərginliyi artırdığı üçün onu həbs etdilər. Nadir Məmmədov da 2010-cu ildən bəri seçki komissiyalarında müxalifət partiyalarını təmsil edib. Saxtakarlıqlara da daim etirazını bildirib. Məhəmməd Qurbanov və Nadir Məmmədova qarşı istifadə edilən 315-ci maddəni Azərbaycanın indiki şəraitində siyasi maddə saymaq olar. Çünki son dövrlər hakimiyyətə etiraz edənlərin əksəriyyətinə məhz bu maddəni tətbiq edirlər».

PROKURORLUĞUN MƏLUMATI
Gömrük
Gömrük

Məhəmməd Qurbanov noyabrın 8-də AzadlıqRadiosuna bildirmişdi ki, Türkiyədən gətirdiyi ərzaq məhsullarını ölkəyə buraxmaq üçün gömrükçülər ondan rüsumdan artıq pul istəyiblər. Həmin pulu vermədiyi üçün malını anbardan çıxartmağa qoymayıblar. O da məcbur olub jurnalistlərə üz tutub. Məhəmməd Qurbanov deyir ki, daha sonra gömrük işçiləri onu və kürəkəni Nadir Məmmədovu mühasirəyə alaraq döyüblər.

Naxçıvan MR Prokurorluğunun yaydığı məlumatda Nadir Məmmədovun gömrük işçilərinə qarşı zor tətbiq etdiyi qeyd olunur. Məlumatda bildirilir ki, Nadir Məmmədov əlindəki bıçaqla xidməti vəzifəsini icra edən gömrük işçisi Vüsal Həsənovu vurmaq istəyib. Bu zaman Nadir Məmmədovu sakitləşdirməyə çalışan fəhlə Siyafər Mahmudovun sol əlindən bıçaqla vuraraq ona xəsarət yetirib.

Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb. Sədərək Rayon Prokurorluğu tərəfindən istintaq aparılır.

Dekabrın 12-də Sədərək Rayon Məhkəməsi hər iki şəxs barəsində 2 aylıq həbs qərarı çıxarıb. Onlar Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Kəngərli rayonunda yerləşən Böyükdüz Təcridxanasında saxlanılırlar.
XS
SM
MD
LG