Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:03

Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib


Əbülfəs Qarayev
Əbülfəs Qarayev
-
«Bu il xalqımızın zəngin mədəniyyətinin zirvəsində duran tar artıq bütün dünya tərəfindən məhz Azərbaycan musiqi aləti kimi tanınmışdır».

Bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin dekabrın 27-də keçirilən kollegiya iclasında nazir Əbülfəs Qarayev səsləndirib.

Nazirliyin rəsmi sayında yer alan xəbərə görə, Nizami Kino Mərkəzində keçirilən kollegiya iclasında 2012-ci ilin yekunları müzakirə olunub. Növbəti ilin birinci yarısı üçün iş planı təsdiq edilib.

2012-ci ili ölkənin mədəni həyatı üçün uğurlu hesab edən Ə.Qarayev ilboyu keçirilmiş yerli və beynəlxalq tədbirlərdən, inşa edilən mədəniyyət ocaqlarından, istifadəyə verilən turizm obyektlərindən söz açıb.

Nazir tarın UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinin hamı üçün böyük bayram olduğunu deyib.

Kollegiyada «Azərbaycan teatrı 2009- 2019-cu illərdə» Dövlət Proqramı çərçivəsində II Bakı Beynəlxalq teatr konfransının keçirilməsi də mühüm hadisə kimi dəyərləndirilib.

Kollegiyada prezident sərəncamları ilə ölkədə böyük ədiblərə həsr edilmiş silsilə tədbirlərin keçirilməsindən, musiqi festivallarından, caz axşamlarından söhbət açılıb.

Bu tədbirlərin yerli və xarici telekanallarda yayımlanması Azərbaycan mədəniyyətinə olan böyük marağın təzahürü kimi dəyərləndirilib.

Cari ildə dünyanın 7 ölkəsində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi də mədəniyyətin, incəsənətin təbliği baxımından yüksək qiymətləndirilib.

İclasda kitabxanaçılar üçün təşkil edilmiş kompüter kurslarının müsbət nəticələri təhlil edilib və kitabxanaların informasiya mərkəzinə çevrilməsinin vacibliyi vurğulanıb.

2013-cü ildə belə kursların muzey işçiləri üçün də təşkil edilməsi tövsiyə olunub.

Kollegiya iclası Mədəniyyət və Turizm Nazirliyinin gələn ilin birinci yarısı üçün iş planını təsdiqləyib.
XS
SM
MD
LG