Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:35

Güllələnmiş generallar… Qaytabaşı


-
Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı
Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı
AzadlıqRadiosunun «İz» proqramının «Güllələnmiş generallar» dastanı 2007-ci ildən bəri hər dəfə təkrar səslənəndə, böyük maraq doğurur. Bunu nəzərə alıb radiomuzun saytında 1918-20-ci illərdə Milli Azərbaycan ordusunda xidmət etmiş generallar haqqında yazılar verməyə qərar verdik. Beləliklə, Cümhuriyyət ordusunun 21 generalının həyat tarixçəsini yaxın vaxtlarda saytımızda oxuya biləcəksiniz. Təbii ki, yazılarda generalları tapıb ortaya çıxaran, onlar haqqında kitab yazan hərb tariximizin usanmaz araşdırıcısı Şəmistan Nəzirlinin araşdırmalarından faydalanacağıq.

QAYTABAŞI

İlk öncə bu silsiləyə generalların ən gəncindən—Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşıdan başlayırıq.

Cavan yaşında general olan bu şəxsin həyat yolu qısa da olsa, maraqlıdır.

Şəmistan bəyin yazdığına görə, Qaytabaşının bütün sənədləri arxivdə «Tamamilə məxfidir» qrifi ilə saxlanılıb. Ona görə də, nəinki Qaytabaşı, XIX—XX əsrin yetişdirdiyi bütün generallar Sovet işğalı boyu bu qrif altında xalqdan gizlədilib…

İlk dəfə «Qaytabaşı» soyadını Şəmistan Nəzirlinin dilindən eşidəndə: «Nə maraqlı soyaddır?!» –deyib təəccüblənmişdim.

XVIII ƏSRDƏN BAŞLAYAN SOYAD XX ƏSRDƏ REPRESSİYAYA UĞRAYIB

Sən demə, Əbdülhəmid bəyin ulu babası kapitan Əbdülməcid bəy İstanbulda alay başçısı olduğuna görə ona «xaytabaşı» titulu veriblərmiş.

XVIII əsrin sonlarında İstanbuldan Tbilisiyə köçən Əbdülməcid bəyin «Xaytabaşı» soyadını ruslar təhriflə «Qaytabaşı» yazıblar.

Bu soyad ta 1920-ci ilin iyununa kimi işlənib və bolşevik işğalından sonra repressiyaya uğrayıb…

Soyadın ən son daşıyıcısı Əbdülhəmid bəy olub.

QAYTABAŞININ ÖMÜR YOLU…

O, 1884-cü il iyulun 10-da Tbilisidə doğulub. Atası Şərif bəy Abdulla bəy oğlu Qaytabaşı (1835--Tbilisi doğumludur) podpolkovnik, Şərq dilləri tərcüməçisi olub, süvari ordusunda xidmət edib, orden və medallarla təltif olunub.

Şərif bəy iki dəfə evlənib. Yazımızın bugünkü qəhrəmanı onun ikinci evliliyindən doğulub. Qazax qəzasının Şıxlı kəndindən olan mülkədar Mirzə Əliağaoğlunun qızı Xədicə xanım həyat yoldaşını 7-ci dəfə ata edib.

Əbdülhəmid Peterburq yaxınlığındakı Pavlovsk Hərbi Məktəbini bitirib.

22 yaşında (1906-cı ildə) on altıncı Qrenadyor-Minqrel alayında xidmətə başlayıb.

1-ci Dünya müharibəsində 205-ci Şamaxı Piyada alayında ştab-kapitan rütbəsində döyüşlərdə iştirak edib.

1916-cı ilin martında dördüncü dərəcəli «Müqəddəs Vladimir» ordeni (qılınc və bantla birgə) ilə təltif edilib.

1918-ci il martın 6-da yenicə yaranan Müsəlman Korpusunun komandanı general-leytenant Əliağa Şıxlinskinin əmri ilə Əbdülhəmid Qaytabaşı korpusun qərargah rəisi təyin olunub.

Bir müddət sonra—1918-ci il noyabrın 18-də Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin növbətçi generalı olub.

1919-cu il iyunun 25-də Cümhuriyyət hökumətinin Nazirlər Şurasının qərarı ilə Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı general-mayor rütbəsi alıb.

ORDU NECƏ QURULDU?

Cümhuriyyətin ordu quruculuğunda Əbdülhəmid bəyin əvəzsiz xidmətləri olub.

1920-ci ilin martında Əbdülhəmid bəy yazırdı: «Cəmi bir il ərzində Baş Qərargahın fəaliyyəti təşkil olunub qaydaya düşdü. Öhdəmizə düşən bütün vəzifələri qərargahın digər üzvləri ilə birlikdə vicdanla, namusla və yorulmadan yerinə yetirdik».

Azərbaycan Mərkəzi Dövlət Arxivində Əbdülhəmid bəy Qaytabaşının bəzi sənədləri—bacısı şahzadə Mələk xanıma yazdığı məktublar, vəsiqə, dərsə davamiyyət qeydləri, konspektləri, atası Şərif bəy haqqında sənədlər və s. qorunur.

Şəmistan Nəzirlinin «Güllələnmiş Azərbaycan generalları» kitabında Qaytabaşının Bakıdan Tbilisiyə-- general- mayor Firudin bəy Vəzirova yazdığı bir məktub da diqqət çəkir. Cümhuriyyətin ordu quruculuğuna münasibəti baxımından 1919-cu ilin mayında yazılmış həmin məktubu burada verməyi gərək bildik:

«Çox hörmətli general Firudin bəy cənabları! Azərbaycan Demokratik Cümhuriyyətinin yaratdığı milli ordudan, şübhəsiz ki, xəbərdarsınız. Xalqımızın sərkərdə oğlu kimi bu şad xəbərə yəqin ki, Siz də sevindiniz. Yeni yaranan orduda xidmət etmək üçün Sizin kimi bacarıqlı və təcrübəli sərkərdələrə çox böyük ehtiyacımız var. Onu da xatırladım ki, könüllülər hesabına ordumuzun sayı gündən-günə artır. Ağır şəraitdə olsa da, Baş Qərargah yaradılmasına nail olduq. Qərargahın nəzdində ümumi şöbə, növbətçi general şöbəsi, süvari şöbəsi, mətbuat və başqa şöbələr artıq fəaliyyətdədir. Azərbaycan hökuməti ordu üçün Dövlət büdcəsindən xeyli vəsait ayırmışdır. Hazırkı vaxtda hərbi ləvazimatla yanaşı, yeni zabit heyətinin hazırlığında da çətinliklərimiz çoxdur. İnanırıq ki, Azərbaycan müstəqillik qazandığı vaxtda gənc Azərbaycan ordusunun sıralarında xidmət edən oğullarımız üçün Siz hərbi təcrübənizi əsirgəməyəcəksiniz. Ona görə də, xahiş edirəm, Baş Qərargahda birgə çalışmaq üçün dəvətimizi qəbul edəsiniz.

Hörmətlə: Baş Qərargahın növbətçi generalı, polkovnik Əbdülhəmid bəy Qaytabaşı»

Bu məktubu Tbilisidə alan general Vəzirov nə qərara gəldi?

Cümhuriyyət hökumətinin ordu quruculuğuna qoşuldumu?

General Vəzirovun başına nələr gəldi?

Bu sualların cavabını az sonra general Firudin Vəzirova həsr etdiyimiz yazıdan öyrənəcəksiniz.

Hələliksə, Qaytabaşının (təkcə onunmu?) ömrünün qırıldığı o qara ilə--1920-ci ilə qayıtmağa məcburuq.

FAKTLAR DEYİR Kİ…

Həmin il Qaytabaşı Bakıya soxulan bolşevik ordusunda müvəqqəti Qərargah rəisi təyin edilib (1920-ci ilin aprelin 30-da)…

Üstündən ay yarım keçəndən sonra—1920-ci ilin iyununda Gəncə üsyanına görə günahlandırılıb və güllələnib...

Güllələnərkən generalın cəmi 36 yaşı vardı…

P.S. Şəmistan bəyin dediyinə görə, o dövrdə tutulanları—yaşayış olmayan adaya (Bulla adasına - Xərə-Zirə) diri-diri atıb çıxıb gəlirmişlər. Və ya ziyalıları, generalları Bakıda Pankratovun idarəsində (indiki Yusif Məmmədəliyev küç--15-17 --də yerləşirmiş) gecələr zirzəmidə güllələyir, sonra Nargin adasına aparıb boğazına daş bağlayıb dənizə atırmışlar. Boğazına ona görə daş bağlayırmışlar ki, birdən dirilə bilər…

Silsilə davam edəcək.
XS
SM
MD
LG