Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:36

Elşad Abdullayev əvvəlki videosunun tam versiyasını yayır [Video]


Videodan görüntü
Videodan görüntü
-
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin «Azadlıq» qəzetində yeni videosu yayılıb. Videoda Elşad Abdullayevin oğurlandığını bildirdiyi qardaşı Mahir Abdullayevin geri qaytarılmasından söhbət gedir.

Görüntüdə Rövşanə Əliyeva kimi təqdim olunan bir qadın mobil telefonla işadamı Arzu Kazımovla danışır. 15 dəqiqəlik telefon söhbəti Mahir Abdullayevin qaytarılması haqdadır. Rövşanə Əliyeva deyir:

«Sən də bir bəlaya düşmüsən. Allah mərdimazarın evini yıxsın. Belə oyun qurarlar adama? Sən də qalmısan pis vəziyyətdə, Elşad müəllim də...».

Söhbətdə Daxili İşlər nazirinin keçmiş müavini Zahid Dünyamalıyevin də adı çəkilir.

Sonra Rövşanə Əliyeva Arzu Kazımovla telefonla danışdıqlarını Elşad Abdullayevə danışır.

«QARDAŞIMI OĞURLAYIBLAR, GƏTİRİB VERSİNLƏR»

Elşad Abdullayev qardaşının geri qaytarılması üçün ondan pul alınsa da, 9 aydır Arzu Kazımov və Zahid Dünyamalıyevin öz vədlərinə əməl etməməsindən narazılığını dilə gətirir.

Rövşanə Əliyeva: «Arzu müəllim çox əsəbiləşmişdi. Deyir, Zahid ona deyib ki, Elşadı qəbul eləyəcəyəm, özüm onunla danışacağam, sən çəkilərsən kənara…».

Elşad Abdullayev: «Şəxsən mən özüm də, ailəm də Zahiddən qat-qat yüksək adamlarıq. Mən nə qətllərdə iştirak eləmişəm, nə adam oğurluqlarında, nə də dövlət çevrilişlərində... Elə eləməsinlər ki, bütün bunları qışqıraq…».

Elşad Abdullayev bildirir ki, qardaşının qaytarılması üçün söz verib, pul alanlar Mahiri geri qaytarmalıdırlar:

«Qardaşımı oğurlayıblar, gətirib versinlər. Nə generaldan qorxuram, nə marşaldan. Mən türmədən, hökumətdən qorxan adam da deyiləm. Qayda var, qanun var. Bu nə deməkdir? O, məni qəbul eləməsə belə, istəsəm, günü sabah düşərəm onun qəbuluna. Bütün «MVD» (DİN) məni tanıyır. Utanmırlar, xəcalət çəkmirlər ad-familiyalarından. Haram olsun xalqın, dövlətin bunlara verdiyi çörək…».

RÖVŞANƏ ƏLİYEVA: «MƏN BELƏ ŞEYLƏRDƏN QORXAN ADAMAM»

Rövşanə Əliyeva Mahir Abdullayevin qaytarılmasının gecikdiyinə görə Arzu Kazımovu günahkar saymır, onun özünün səhhət problemləri olduğunu bildirir. O, puldan onun özünə bir manat da çatmadığını söyləyir:

«Belə şeylərdən qorxan adamam. Sumqayıtda korrupsiyanın rəisi vardı, Mustafa. Kimin ağlına gələrdi ki, ona 14 il iş verərlər, içəridə havalanar? Yaxud «Banditizm»dəki Vaqif... Gecə ilə ürəyi partladı. Adamlara nə qədər işgəncə vermək olardı…»

Söhbət əsnasında Rövşanə Əliyeva deyir ki, Arzu Kazımovun oğlu Zaur Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu ilə birlikdə Oksfordda təhsil alıb.

Birsaatlıq videoda Elşad Abdullayev, Rövşanə Əliyeva və Eldəniz Abdullayev (Elşad Abdullayevin qardaşı) söhbətləşirlər. Bu video Elşad Abdullayevin bir müddət öncə yaydığı görüntülərin tam versiyasıdır.

Rövşanə Əliyeva isə "Təzadlar" qəzetinə müsahibəsində deyib ki, Elşad Abdullayevin rəhbərlik etdiyi universitetə işə girmək üçün bir neçə ay ora gedib-gəlib: "o, məni bacısı Səbirə və qardaşı E.Abdullayev vasitəsilə qəbul edib. Məlum videoda da onun qardaşı E.Abdullayev və mənə onun özünün və bütün universitetin Səbirə kimi tanıdığı bacısı iştirak edib…

Təzə videosundan da görünür və bir daha təsdiqlənir ki, mən E.Abdullayevlə heç bir halda pul alış-verişi məsələsinə qarışmamışam, qarışa da bilməzdim. Amma çox təəssüflər edirəm ki, o, qardaşının tapılması üçün özünün dediyi kimi, böyük-böyük kişilərə pullar verib, sonra aldanıb, onlar qalıb bir kənarda, düşüb mən körpə uşağı olan qadının üstünə."

7-Cİ VİDEO...

Elşad Abdullayev «Azadlıq» qəzetinə müraciətində yazır ki, Rövşanə Əliyeva ilə söhbətlərin əks olunduğu ötən videonu yayarkən kadrlardakı bir nəfərin üzü örtülmüşdü. Bu da Elşad Abdullayev həmin söhbətdə iştirak etmiş üçüncü şəxsin kimliyini gizlətməsi barədə söz-söhbət doğurmuşdu.

Elşad Abdullayev qardaşının zəhərləndirildiyini və hazırda səhhətində ciddi problemlər olduğunu qohumlarının görməsini istəmədiyindən əvvəlki videoda onun üzünü örtdüyünü söyləyib.

Bu, Elşad Abdullayevin yaydığı 7-ci videodur. Daha öncə o, keçmiş deputat Gülər Əhmədova, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hacı Ağababa Babayev və Daxili İşlər Nazirliyinin əvvəllər 7-ci şöbə adlanan xüsusi idarəsinin əməkdaşı Rövşən Abbasquliyevlə söhbətlərinin gizli çəkilmiş videosunu yayıb.
XS
SM
MD
LG