Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:31

Ayrılıqlar həyatı sevmək üçündür... (Seçmə şeirlərdən)


Kürçaylı Məmmədov
Kürçaylı Məmmədov
-

Bu şeir son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Kürçaylı Məmmədov


Ayrılıqlar həyatı sevmək üçündür...

Gecələr işıqları daha çox sevirəm, ana,
Sevdiyim qızların heç biri yarım ola bilmədi,
Yarımçıq qaldım,
Bəlkə bundandır o sevgi...

Gecələr
musiqiləri daha çox sevirəm, ana,
Ürəyim uyuyur notlarda.
Və bir gün tapmasan
elə notlarda axtar məni...

Gecələr uzaqları daha çox sevirəm, ana,
Uzaqlar yaxınların ümid,
təsəlli yeridir.
Səndən uzaq yaxşıyam,
Narahat olma.
Vaxtında yemək yemirəm,
Çayım həmişə soyuq,
Tez-tez də xəstələnirəm...

Gecələr yolları daha çox sevirəm, ana,
O yolları ki, “necədir” sualını
dondurub gözlərində,
nigaranlıq yaradıb ürəyində,
bütün yollar sənə aparır əslində...

Gecələr payızı daha çox sevirəm, ana,
yağış ömrü arzuladığım qızın ahı
gecələr daha çox tutur məni bu payız.
Yağış damır taleyimdən
həmin qızın yanaqlarına...

Gecələr ölümü daha çox sevirəm, ana,
İnsanlar tənhalğı sevdiyi kimi
vuruluram ölümün təkrarsızlığına.
Ölürəm hər gecə,
hər səhər məni dünyaya gətirirsən yenidən...

Gecələr ayrılıqları daha çox sevirəm, ana,
Ayrılıqlar müdriklər üçündür.
Bu bomboz, avam insanlar
haradan bilsinlər nədir ayrılıq.
Bu işlək, qarın insanlar
haradan bilsinlər ki,
ayrılıqlar həyatı sevmək üçündür...

Gecələr həyatı daha çox sevirəm, ana,
İşıqları,
musiqiləri,
uzaqları,
yolları,
payızı,
ölümü,
ayrılıqları sevdiyim kimi.
Sevə bilmədiyim yarımçıqlıqdı,
O yarımçıqlıq ki,
sevdiyim qızların heç biri yarım ola bilmədi,
Para qaldim...
XS
SM
MD
LG