Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:48

Əsgər ölümləri siyasi hadisə kimi… [Video]


Yazarlar İlham Tumas və Şahvələd Çobanoğlu bu barədə fikirlərini bölüşürlər

-


İlham Tumas:

«Orduda əsgər ölümləri ilə bağlı Azərbaycan cəmiyyətinin yanaşması düzgün deyil. Çox ağır olsa da, mən bunu deməliyəm. Söhbət həlak olan əsgərlərdən getmir. Biz hesab edirik ki, orduya əsgəri ona görə göndəririk ki, o orada dincəlməlidir və yaxud getdiyindən daha yaxşı geriyə dönməlidir. Mənim fikrimcə, ordu kurort, sanatoriya deyil. Ələlxüsus da Murov bölgəsi. Mən Murov bölgəsində xidmət etmişəm. Mən orada xidmətin nə qədər ağır olduğunu görmüşəm. Sonuncu əsgər ölümü ilə bağlı mövqe ondan ibarət olmalıdır ki, araşdırma getməlidir. Valideynlər hesab edirlərsə ki, doğrudan da onların övladları döyülərək öldürülüb, təbii ki, onların yenidən ekspertiza tələb etmək haqları var. Amma mən bir şeyi qəbul edə bilmirəm. Mən rəhmətlik əsgərin o formada mətbuatda şəkillərinin yayılmasının qəti əleyhinəyəm. Bu, birbaşa Azərbaycan ordusunun üzərinə getməkdir. Bu, birbaşa analara çağırışdır ki, siz daha övladlarınızı əsgərliyə göndərməyin. Bu, birbaşa dövlətin sütunlarını sarsıtmaqdır...».

Şahvələd Çobanoğlu:

«Əsgər ölümləri ilə bağlı müzakirələrə bir dəfə də olsun Ali baş komandan qarışmayıb. O evlərin qarşısında qara yas pərdələri qurulur, amma İlham Əliyev bir dəfə də olsun o qapılara getməyib. Amma maşınlarda pərdələrin olmasına xüsusi münasibət bildirib, hətta bu məsələni çözür. Ancaq bir dəfə də olsun əsgərin durumundan danışmır. Hər halda, biz onun mövqeyini, yanaşmasını bilmirik. Hara çəksək belə, hansı yanaşma olur olsun, bunlar cinayətlərdir. O şəkillərin mətbuatda yayılması psixoloji baxımdan ağırdır. Amma hər halda bu vəziyyəti əks etdirir. Biri var o şəkilləri görürsünüz, bir də var o ailələrdə ağır yaşantıları. Bu, birinci dəfə deyil. Söhbət burda təkcə ölümlərdən getmir. Biz övladlarımızı orduya kökəlməyə yollamırıq. Amma döyülməyə də yollamırıq. Komandirlər tərəfindən əzilməyə də yollamırıq. Əsgərlik cəza batalyonu deyil axı. Biz komandirləri uşaqlarımız üzərində ağa kimi təsəvvür edirik. Bu belə olmalı deyil axı. Oradakı mənəvi mühitdən heç söhbət getmir axı. Biz Azərbaycan əsgərlərinin hansı ağır mənəvi şəraitdə xidmət etdiyini, hansı travmalar aldığını nəzərə çatdırırıq. Azərbaycan ordusunda çox ağır mənəvi mühit var. Heç kim boynuna almır. Amma bütün ana-atalar övladlarını qorxa-qorxa yollayırlar əsgərliyə...».
XS
SM
MD
LG