Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:27

9 nəfərlik ailə Naxçıvandan Bakıya qaçdığını deyir


Həbsdə olan işadamı Məmməd Qurbanovun ailəsi Naxçıvanı tərk edib
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Həbsdə olan işadamı Məmməd Qurbanovun ailəsi Naxçıvanı tərk edib

-
"Bizi – 9 nəfər ailə üzvünü, evimizin qapısını bağlayıb, Naxçıvandan çıxmağa məcbur etdilər” - bunu Naxçıvanda həbsdə olan işadamı Məmməd Qurbanovun həyat yoldaşı Fəridə Qurbanova yanvarın 11-də Bakıda keçirdikləri mətbuat konfransında dedi.

O iddia edir ki, Naxçıvanda yaşadıqları evin qapısında mülki geyimli polis əməkdaşları durur: "Bizə təzyiq göstərir, qorxudur və deyirlər ki, “Naxçıvandan çıxın gedin... Yoxsa nə yoldaşını, nə də kürəkənini azad etməyəcəyik. Onlara cəza verəcəyik”. Bizi bu cür qorxudur və əlavə edirdilər ki, “Bakıda da şikayətə getməyin, jurnalistlərlə görüşməyin, siz ancaq dövlət idarələrinə şikayət edə bilərsiniz. Mənim qızlarımı şantaj etmək istəyirlər ki, geri çəkilək, şikayətlər etməyək. Bizdə olan məlumata görə, bir neçə gənc oğlan Naxçıvan MTN-ə çağrılıb və nazir Vəli Əsgərov tərəfindən onlara tapşırılıb ki, mənim qızlarımı yoldan çıxarsınlar. Bizə bu yolla namus terroru eləmək istəyirlər”.

Zirzəmidə işgəncə?

Fəridə Qurbanova deyir ki, dəfələrlə müraciətə baxmayaraq, Sədərək rayon Prokurorluğu həyat yoldaşı Məmməd Qurbanov və kürəkəni Nadir Məmmədovla görüşmək üçün ailə üzvlərinə şərait yaratmayıb:

“Heç yemək də götürmürlər. Deyirlər ki, qəsdən yeməyə zəhər qatar, zəhərləyər, sonra bizim üstümüzə atarsınız. Görüşməyə də qoymurlar. Prokuror deyir ki, Naxçıvanın Daxili İşlər naziri Əhməd Əhmədov tapşırıq verib ki, sizi görüşdürməyək.

Onlara yenə işgəncə verirlər. Ona görə istəmirlər görüşək ki, bu işgəncələrin şahidi olarıq. Bizdə olan məlumata görə həm Məmmədi, həm də Nadiri istədikləri vaxt təcridxanadan DİN-in zirzəmisinə aparıb orada işgəncə verirlər.

Qisas alırlar. Bu siyasi təzyiqdir. Məmməd Qurbanov İctimai Palataya üzv olandan 6 gün sonra həbs olundu. Nadir Məmmədov da 2010-cu ildə saxta seçkilərə etiraz edib. İndi qisas alırlar”.

Sədərək rayon Prokurorluğunda zəngimizə cavab verən Məmmədov soyadlı əməkdaş isə mətbuat konfransında səslənən bu ittihamları rədd etdi.

Naxçıvan MR DİN Mətbuat Xidmətinin əməkdaşı Samirə Məmmədova da hər hansı dustağa nazirliyin zirzəmisində işgəncə verilməsi haqda deyilənləri yalanladı. “ Belə bir şey mümkün deyil” - deyə Samirə Məmmədova israrla bildirdi.

Naxçıvan MR MTN ilə əlaqə saxlamaq mümkün olmadı.

Məhəmməd Qurbanov keçən il noyabrın 8-də AzadlıqRadiosuna bildirmişdi ki, Türkiyədən gətirdiyi ərzaq məhsullarını ölkəyə buraxmaq üçün gömrükçülər ondan rüsumdan artıq pul istəyiblər. Həmin pulu vermədiyi üçün malını anbardan çıxartmağa qoymayıblar. Bundan sonra işadamı və onun kürəkəni Nadir Məmmədov ilə gömrük işçiləri arasında insident yarandığı bildirilirdi.

Naxçıvan MR Prokurorluğunun yaydığı məlumatda isə Nadir Məmmədovun gömrük işçilərinə qarşı zor tətbiq etdiyi qeyd olunur.

Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb. Sədərək rayon Prokurorluğu tərəfindən istintaq aparılır. Bu ittihamlarla onlar 3 ildən 7 ilə qədər müddətə azadlıqdan məhrum oluna bilər.

Dekabrın 12-də Sədərək rayon Məhkəməsi hər iki şəxs barəsində 2 aylıq həbs qərarı çıxarıb. Onlar Naxçıvandakı Böyükdüz təcridxanasında saxlanırlar.

Vəkil Xalid Bağırov da Məhəmməd Qurbanov və Nadir Məmmədovun həbsini siyasi sifariş sayır.
XS
SM
MD
LG