Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:01

İstintaqda Rasim Balayevdən nələri soruşdular?


Rasim Balayev (Foto: Əziz Kərimov)
Rasim Balayev (Foto: Əziz Kərimov)
-
Azərbaycan Kinematoqrafçılar İttifaqına qarşı vergidən yayınma ittihamı ilə cinayət işi başlanıb. İttifaqın katibi, aktyor Rasim Balayev istintaqa çağırılaraq sorğu-sual edilib. AzadlıqRadiosuna müsahibəsində Rasim Balayev bəzi sənədlərə imza atdığını, amma bu sənədlərin hər hansı qanunsuz sənədlər olmadığını deyib.

- Rasim müəllim, istintaqa getdinizmi?

- Hə, dünən getdim. (yanvarın 17-də)

- Sirr deyilsə, nə soruşdular?

- Müəyyən sənədlər vardı. Həmin sənədlərdəki imzanın mənim olub-olmadığını soruşdular. Mən də dedim –bəli. O vaxt Rüstəm müəllim Həsən Seyidbəyli küçəsində 7-mərtəbəli yaşayış binası tikdirib, indi onun birinci mərtəbəsində də «İbrus» teatrı yerləşir. Mən də orada Kino İttifaqı, sifarişçi kimi ancaq sənədlərə qol çəkmişəm və həmin ev barədə məndən soruşdular. Dedim, mən sənədlərə qol çəkmişəm, amma tikintidə iştirak etməmişəm və heç evlərin nə qədər sahəsi var, onu da bilmirəm. Bununla bağlı suallar oldu.

- Bu ev Kinematoqrafçılar İttifaqı üçün tikilib?

- Yox, başqa adamlar necə ev tikir, bu da elə. İstəyib ki, bir ev tiksin. Məndən soruşdular ki, hansı pulla tikib? Dedim, mən onu deyə bilmərəm ki, o, bu binanı şəxsi puluyla, ya kreditlə tikib...

- Vergilər Nazirliyinin yaydığı məlumata görə, İttifaq ümumilikdə 35 min manatdan çox vergidən yayınmaqda və vəsait mənimsənilməsində ittiham olunur. Bu rəqəm nədən yaranıb?

- 2009-cu ildə XI «Şərq-Qərb» Bakı Beynəlxalq Kinofestivalının keçirilməsi üçün Azərbaycan Kinematoqrafçılar İttifaqına Mədəniyyət və Turizm Nazirliyi pul ayırıb. Həmin pulun vergisi ödənib, amma sonradan pulla bağlı nazirliyə müraciət olunub və ittifaqa əlavə 30 min pul verilib. Həmin 30 min manatın Əlavə Dəyər Vergisi (ƏDV) ödənməyib. Bizim mühasibat o vaxt nəyi isə tam anlamayıb. Heç mən də bilmirdim. Sən demə, tədbir üçün ayrılan pula 9 min də vergi kimi əlavə olunmalıymış. Biz əvvəl İttifaqa ayrılan 300 min manata görə 54 min manat vergi ödəmişik, amma sonra verilən pula görə yox. Nazirliyə həmin vəsaitin ittifaqın hesabına ödənilməsi ilə bağlı müraciət etsək də, hələ ki, nazirlik bunu ödəməyib. Dekabrda Vergilər Nazirliyi bu məsələni araşdıranda dedik ki, həmin vəsaitin ödənilməsinə etiraz etmirik. Sadəcə, o pulu nazirlik bizə ödəmədiyindən belə bir vəziyyət yaranıb. Əslində, nazirlik bu məsələdə səhlənkarlıq edib. Biz nazirlikdən hələ bir cavab almamış, bu işi aparıb veriblər Vergilər Nazirliyinin istintaq departamentinə.

- Sizə bu araşdırmanın nə təhlükəsi var?

- Mənə nə təhlükəsi ola bilər – üçdə alacağım yox, beşdə verəcəyim. Müəyyən sənədlər var, ora qol çəkmişəm. Yəni, mənim hərəkətimdə kriminal bir şey yoxdur.

- Rasim müəllim, bu yoxlamalarda siyasi çalar görürsünüz?

– Nə deyim... dəqiq bir şey deyə bilmərəm.

– «Facebook»da Sizin müdafiənizlə bağlı kampaniya başlanılıb. Orda deyilir ki, Rasim Balayevi «Babək»i, «Nəsimi»ni sonadək müdafiə edəcəyik...

– Mənə belə diqqətə görə sağ olsunlar, amma hələlik buna ehtiyac görmürəm. İstəmirəm ki, gənclərlə polis arasında qarşıdurma yaransın. Vəziyyət hələ o dərəcəyə çatmayıb. Sadəcə, mənə sual, mən də cavab verirəm.

- Rasim müəllim, bir gün əvvəl mediaya müsahibənizdə, deyəsən, həbs olunmağınızı istəmisiniz...

- (gülür) Yox, mən onu zarafatla demişdim ki, «Əşi, axırı türmə deyil, 3 öynə havayı yemək verirlər, gedib mən də ondan bir az yeyərəm». Zarafatla dediyim bu sözləri ciddiyə yozublar.

- Rasim müəllim, «Nəsimi» filmində bir səhnə var. Siz əlibağlı Teymurlənglə üz-üzə dayanmısınız və o qos-qoca Əmir Teymur şəxsən əllərinizin bağını açır. İndi, lətifəsi Sizdən uzaq, bu vergi məsələsində əllərinizi açıb, güzəşt edəcəklərmi?

- Mən özüm bilirəm ki, elə bir iş görməmişəm ki, ona görə cəzalanım.

- Ümumiyyətlə, gözünüz bu işdən su içir?

- Nə bilim, vallah.

- Rüstəm İbrahimbəyovla bağlı deyil ki, bu yoxlamalar?

- Nə deyim, gərək bir şeyi dəqiq biləsən. Mən orda soruşdum, dedilər ki, yox... Sadəcə, növbəti yoxlamadır.

- Qərar qəbul olunsa ki, vergi ödənilsin, ödəyə biləcəksiniz?

- Onda Mədəniyyət və Turizm Nazirliyinə deyəcəyik ki, pulu istəyirlər verin. Qanunla verməlidirlər.

Vergilər Nazirliyinin yanvarın 16-da yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının 2009-2012 illər üzrə fəaliyyəti yoxlanılarkən İttifaqın vergidən yayınmaya yol verdiyi aşkarlanıb. Nazirlik İttifaqı 35 min manata yaxın vergi yayınmasında ittiham edir.
XS
SM
MD
LG