Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:48

Postmodernizmin canlı klassiki romanlarını necə yazır?


John Simmons Barth
John Simmons Barth
-

"Mənim romanlarımın heç biri o miqyasda populyarlığa malik olmayıb və heç düşünmürəm ki, haçansa olacaq".


Postmodernizmin canlı klassiki, Amerika yazıçısı John Barth-ın (təv. 1930) "Paris review" jurnalına müsahibəsindən. Müsahibəni George Plimpton götürüb.


JURNALİST

Mənim William Gass ilə John Gardner-in deyişməsindən çox xoşum gəlir: Gardner deyir ki, kitablarını hər bir kəsin sevməsini istəyir. Gass isə qayıdır ki, bacısını, yaxud qızını hər bir kəsin sevməsini istəmədiyi kimi kitablarının da hamı tərəfindən sevilməsini istəməz. Siz hansının tərəfindəsiniz?

BARTH

Gass rəhmətlik Gardner-i sevgi ilə şəhvani hissi qarışdırdığı üçün tənqid edirdi. Bunlar ayrı-ayrı şeylərdi.

Belə deyək də, mən anadangəlmə və temperamentcə romançıyam. Bir tərəfdən populyar mədəniyyətdən rişələnməsi romanın hörmətə layiq cəhətidir. Amma digər tərəfdən romançılıq bir sənət növüdür. Biz romançıların içində bunların hər ikisini bir əldə tutmaq kimi gizli bir istək var: həm inanılmaz gözəlliyə malik olan, həm də populyar olan roman yazmaq (Charles Dickens-in etmiş olduğu, yaxud indi Gabriel García Márquez-in elədiyi kimi). Amma qaz vurub qazan doldurmaq üçün yox, qəlblərə yol tapmaq üçün. Bayağı səslənir, hə? Lakin əksər romançıların arzusu məhz budur: çağdaş nəsri izləyən sadiq, peşəkar oxucu kontingentindən bir az kənara çıxmaq.

Etiraf edim ki, bu, mənim də yolgöstərən ulduzumdur. Lakin mən əslində həvəskar dənizçiyəm və bu səbəbdən şturman kimi də həvəskaram; mən heç vaxt yetişmək istədiyim mənzili yolgöstərən ulduzlarımla qarışıq salmıram. Mənim romanlarımın heç biri o miqyasda populyarlığa malik olmayıb və heç düşünmürəm ki, haçansa olacaq.

Amma əgər olacaqsa, buna yalnız sevinmək olar. Düşünürəm ki, bu mənada romançılıq
Gabriel Garcia Marquez
Gabriel Garcia Marquez
mahiyyəti etibarilə Amerikan janrıdır.

Mən Amerikan romanlarını nəzərdə tutmuram, metaforik mənada Amerikan deyirəm: mühacirlərə və həvəskarlara qucaq açmasını nəzərdə tutaraq.

Mən bədii səviyyəcə ecazkar, eyni zamanda adi oxucuya çatımlı ədəbiyyatı sevirəm.

Lakin bu o demək deyildir ki, mənim Chesapeake-dəki qonşum James Michener* olmaq kimi gizli bir arzum var.

________
*James Michener (1907-1997) - Amerika yazıçısı, 25-dən çox romanın müəllifi



JURNALİST

Daha çox oxucu qazanmaq üçün kitablarınızda nəyisə dəyişər, güzəştə gedərdinizmi?

BARTH

Gedərdim, amma bacarmaram. Mən təzə bir işə başlayanda həmişə düşünürəm ki, “Çox bəsit bir şey alınacaq. Çox bəsit bir şey olacaq.” Amma axırı heç vaxt belə olmur. Mənim təsəvvürüm mürəkkəblikdə rahatlıq tapır. Axı, həyatın böyük bir hissəsi, heyran olduqlarımızın böyük bir hissəsi mahiyyətcə mürəkkəbdir. Mənim anlayışımda dünyada ən mürəkkəb iş elə sadə ola bilməkdir. Elə yazıçılar var ki, onların dəhşətli dərəcədə mürəkkəb şeyləri sadələşdirmək istedadı var. Mənim istedadım haqda isə bunun tam əksini söyləmək olar: nisbətən sadə şeyləri götürüb onları divanəlik dərəcəsindək mürəkkəbləşdirmək. Məsələnin kökü də elə bundadır: kimsə özünü dərk edir, kimsə də başqa birisi olmaq riskinə girir.

JURNALİST

Övladlarınız kitablarınızı sevirmi?

BARTH

Mən bilmirəm, o qırışmallar, bu kitabları oxuyurlar, yoxsa yox. Məncə, yeniyetmə olanda xəlvətdə oxuyardılar, amma sonra böyüdülər, kimisi alim oldu, kimisi də biznes adamı. Məncə, onlar xoşbəxtdirlər ki, dədələri müəyyən bir dəyər kəsb edən yazılar yazır. Amma oxuyurlarmı? Bax bunu bilmirəm. Söhbətimiz bitən kimi onlara bir-bir zəng edib soruşacağam.


"Paris review", 1985
İngiliscədən Zülfüqar Rüfətoğlu çevirib.

(Ardı olacaq)

Həmçinin oxu
QİSMƏT. John Barth: Tükənmişliyin ədəbiyyatı
XS
SM
MD
LG