Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:29

YAP rəsmisi: "Əkrəm Əylisli xalqdan üzr istəməlidir"


Mübariz Qurbanlı
Mübariz Qurbanlı
-

Azərbaycan yazıçısı Əkrəm Əylislinin "Daş yuxular" ("Каменные сны") əsərinin mətbuatda çap olunan fraqmentləri orijinalda olduğu kimidirsə, Əkrəm Əylisli bu xalqdan üzr istəməlidir. Bunu çərşənbə axşamı Trend-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

"Əsəri tam oxumamışam, qəzetlərdə əsərdəki fraqmentləri oxumuşam. Oxuduğum həmin fraqmentlər onun orijinal əsərində olduğu kimidirsə, min təəssüf və min heyrət... Əkrəm Əylisli Orxan Pamukun yolunu getmək istəyirsə, ondan Orxan Pamuk çıxmaz", - Qurbanlı deyib.

YAP rəsmisinin sözlərinə görə, Əkrəm Əylisli bu yazısı ilə erməni dəyirmanına nəinki su tökür, hətta elektrik mühərriki yerləşdirir.

"Təəssüf edirəm ki, Əkrəm Əylisli belə əsər yazıb və onu rus dilində nəşr etdirib. O kimin üçün yazıb? Xocalı faciəsini etiraf etməyən, uşaqları qaz borusunda qaynaq edib havasızlıqda boğub öldürən, 250 mindən çox azərbaycanlını oradan çıxardan erməni faşistlərinə dəstək üçünmü yazır? Biz dünyaya sübut etmişik ki, Bakıda 1990-cı ilin yanvarında, Sumqayıtda törədilən hadisələr Sovet kəşfiyyatının ermənilərlə birgə həyata keçirdiyi əməliyyat idi. Birincisi Bakıya qoşun yeritmək üçün edilirdisə, ikincisi Sumqayıtda Ermənistandan çıxarılan azərbaycanlıların daha sürətlə çıxarılmasına rəvac vermək üçün edilirdi. Bunları dünyaya çatdırdığımız, ermənilərlə ideoloji mübarizə apardığımız halda azərbaycanlı yazıçı belə bir "əsəri" yazıb rus dilinə tərcümə etməklə nə demək istəyir? Orxan Pamuk kimi Nobel mükafatı almaq istəyir? Öz millətinin tarixini təhrif edərək kiməsə xoş gəlmək istəyir?" - Qurbanlı deyib.

Qeyd edək ki, yazıçı Əkrəm Əylislinin "Каменные сны" ("Daş yuxular") romanı Rusiyanın "Drujba narodov" jurnalında dərc olunub (Oxu).
XS
SM
MD
LG