Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:49

Futbolun üzüntülü günü


Avropol-un rəsmisi Rob Wainwright (ortada) mətbuat konfransında çıxış edir
Avropol-un rəsmisi Rob Wainwright (ortada) mətbuat konfransında çıxış edir
-

Avropol (Europol) agentliyi – İnterpolun Avropa qolu bəyan edib ki, dünya boyunca yüzlərlə futbol matçı danışılıb və ya onların nəticələrinə təsir göstərilib.

Britaniya mətbuatı xəbər verir ki, söhbət Dünya və Avropa çempionatlarının seçmə oyunlarından, o sıradan Çempionlar Liqasının oyunlarından gedir.

Xəbər verilir ki, Avropa boyunca oyunların saxtalaşdırılmasında 425-dək matç və klub rəsmilərindən, oyunçulardan və sadəcə, mərcləşmə cinayətlərindən şübhələnilir.

Avropolun direktoru Rob Wainwright (Rob Ueynrayt) bəyan edib ki, təhqiqat «bu vaxtadək misli görünməmiş matç saxtalaşdırılmasını» üzə çıxarıb.

O, konkret oyunun adını çəkməsə də bildirib ki, son dörd ildə İngiltərədə ən azı bir matç öncədən razılaşdırılmış qaydada bitib.

FUTBOL MƏRCLƏŞMƏLƏRİ BAŞLICA ŞÜBHƏ QAYNAQLARIDIR

Rob Wainwright deyib ki, təkcə Almaniyada matçlar üzrə 13, 8 milyon funt sterlinqlik mərc qoşulub və bu pulun 1,73 milyon funt sterlinqi oyunların nəticələrinə təsir göstərən şəxslərə çatıb.

O, oyunun nəticəsinə təsir etmək üçün bir şəxsə verilmiş rüşvət məbləğinin bəzi hallarda 121 min funt sterlinqi keçdiyini də diqqətə yetirib. Avropolun apardığı təhqiqat aşkar edib ki, oyunların saxtalaşdırılması 15 ölkəni əhatə edir və bununla bağlı indiyədək 50 nəfər həbs olunub.

Arxiv foto
Arxiv foto
Agentliyin qənaətinə görə, bu, aysberqin – buz dağının yalnız görünən hissəsidir.
Avropol inanır ki, matçları dünya boyunca saxtalaşdıran cinayətkar şəbəkə Asiyada yerləşir və Avropadakı qolları vasitəsilə fəaliyyət göstərir. Almaniya polisi bu şəbəkənin, bəzən, diplomat çantalarında yüz minlərlə funt sterlinq rüşvət daşıyan qasidləri olduğunu da bildirib.

Bazar ertəsi Hollandiyanın Haaqa şəhərində mətbuat konfransı keçirən Avroplol bunu «Avropa futbolunun kədərli günü» adlandırıb.

Bu arada UEFA sözçüsü cinayət şəbəkəsinin fəaliyyətini araşdıranlarla əməkdaşlığa hazır olduğunu açıqlayıb. Təşkilat onu da bildirib ki, konkret qanun pozuntuları barədə məlumat aldıqca əlaqədar şəxslər barədə ölçü götürüləcək.

FİFA AVROPOLDAN NİYƏ İNCİYİB?

«The Guardian» qəzeti saxtalaşdırılmış matçların ümumi sayını 700-ə çatdığını göstərir.

Qəzet yazır ki, FİFA futbol matçlarının saxtalaşdırılmasına qatqıları olan şəxslərin daha uzun müddətə azadlıqdan məhrum edilməsinə çağırıb.

FİFA-nın təhlükəsizlik üzrə rəhbəri, keçmiş İnterpol əməkdaşı Ralf Mutschke oyunların saxtalaşdırılmasını qlobal problem adlandırıb. FİFA Avropolun bu təhqiqatı ondan xəbərsiz apardığından təəssüfləndiyini də dilə gətirib.

Avropol Agentliyinin hesablamalarına görə, futbol mərcləşmələrində 8 milyon avro saxtakarlıqla «udulub» və bu pulun 3 milyonu futbol adamlarına çatıb.

Macarıstan prokurorluğundan Laszlo Angeli deyib ki, danışılmış oyun olduğu düşünülən matçlardan biri də Argentina və Boliviya arasında keçirilmiş yoldaşlıq görüşüdür.

Futbol mərcləri vasitəsilə xeyli çirkli pulun yuyulduğu da aşkarlanıb.

DANIŞILMIŞ OYUNLAR KRALI KİMDİR?

Monteneqro - "Futbol mafiasına son" şüarı
Monteneqro - "Futbol mafiasına son" şüarı
Agentlik Asiyada mənzillənmiş şəbəkə rəhbərinin adını çəkməyib. «New York Times»ın yazdığına görə, Avropolun kimliyinin açıqlanmamasını istəyən bəzi əməkdaşları bu şəxsin Sinqapurlu Dan Tan olduğunu bildiriblər.

Qəzet yazır ki, ötən ay – Avropolun təhqiqatının nəticələri açıqlanmazdan öncə də FİFA Cənubi Koreyada danışılmış oyunlara görə 41 futbolçunu oyunlardan xaric edib.

TÜRKİYƏ BİRİNCİ YERDƏDİR

Avropolun futbol saxtakarlığı siyahısında Türkiyə 79 oyunla birinci yerdədir. Onun ardınca Almaniya (70 oyun) və İsveçrə (41 oyun) gəlir.

Bu cür hallar Finlandiya (32), Belçika (19), Xorvatiya (18), Avstriya (16), Macarıstan (20), Bosniya-Hersoqovina (7), Sloveniya (7) və Kanadada üzə çıxarılıb.
XS
SM
MD
LG