Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:34

Prezidentin İsmayıllı etirazlarına «cavabı»


İlham Əliyev
İlham Əliyev
-
«Nigarı tutdular, gördülər alınmadı, cərimə kəsdilər, alınmadı. Dedilər bəlkə ailədən iki nəfəri həbs etsək, dayanarlar. Bizim ailə ilə başqalarına dərs vermək istəyirlər. Ancaq bütün bunlar məni çəkindirə bilməz. Mən daha da mübariz, meydanda olmaq istəyirəm».

Bunu bacısı və atası həbsdə olan, Müsavat Gənclər Təşkilatının sədr müavini Nərgiz Yaqublu deyir. Nigar Yaqublu ölümlə nəticələnən avtomobil qəzasına görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Tofiq Yaqublu barədə isə fevralın 4-də 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Yaqublu ilə eyni gündə REAL İctimai Birliyinin sədri İlqar Məmmədov da saxlanıb. Onlar ictimai qaydanı pozma və hakimiyyət nümayəndəsinə müqavimətdə təqsirli bilinirlər.

«DEDİM JURNALİSTƏM, ARAŞDIRMAYA GƏLMİŞƏM»

Tofiq Yaqublu yanvarın 30-da AzadlıqRadiosunun «İşdən sonra» proqramında deyirdi ki, yanvarın 24-də «Yeni Müsavat» qəzetinin əməkdaşı kimi rayona ezam olunub. O, İsmayıllıya daxil olmaq üçün polis kordonundan məhz jurnalist vəsiqəsinin köməyi ilə keçdiyini, cəmi 20 dəqiqə müşahidə apara bildiyini, daha sonra polis idarəsinə aparıldığını bildirib:

«Məndən tələb etdilər ki, təcili rayonu tərk etməliyəm. İzah elədim ki, «getməyə hazırlaşırdıq, ancaq tələb edə bilməzsiniz, jurnalistəm, araşdırmaya gəlmişəm. Burada xeyli sayda jurnalist var, niyə məhz mənim çıxmağımı tələb edirsiz?». İsrar etdilər ki, «getməlisiz, maşın da təşkil edə bilərik»».

Tofiq Yaqublu
Tofiq Yaqublu
Tofiq Yaqublu bundan sonra bir DYP maşınının müşayiəti ilə İsmayıllını tərk etdiklərini deyib.

PREZİDENTƏ 2 MƏSLƏHƏT

REAL İctimai Birliyi fevralın 5-də İlqar Məmmədovun prezidentliyə namizədliyini verib. Qurumdan Azər Qasımlının prezident İlham Əliyevə iki məsləhəti var:

«Məncə, İlham Əliyev su içsin, həyəcanlanmasın, çünki Azərbaycanda proseslər hələ qabaqdadır. 2013-cü il prezident seçkiləri ilidir və xalq üsyanları, etirazlar güman ki, davam edəcək. İkinci məsləhət də odur ki, İlham Əliyev siyasətçi olsun və siyasətçi olaraq da məsuliyyətli davransın».

XULİQANLIQDAN MÜXALİFƏTƏ QARŞI

Hüquqşünas, Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli AzadlıqRadiosuna deyir ki, hər iki siyasətçinin İsmayıllıya getməsi nəinki normal hadisə idi, həm də onların vəzifəsi olub.
Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli
Bu şəxslərin saxta ittihamlarla həbsi həm insan hüquqlarının, həm də ölkə Konstitusiyanın, siyasi partiyalarla bağlı qanunvericiliyin kobud şəkildə pozulmasıdır.

Ənnağı Hacıbəyli deyir ki, son hadisələr ölkədə təkpartiyalı sistem yaradılması, bütün siyasi-hüquqi, dövlət məsələlərinin bir əldə cəmləşməsi, totalitar rejim yaradılmasından başqa bir şey deyil:

«Hakimiyyət İsmayıllı hadisələrinin əvvəlcə bir xuliqanlıq hadisəsindən başlandığını ortaya atdı. İndi isə istəyir ki, bunu siyasi müxalifətin fəaliyyəti ilə əlaqələndirsin və ölkədə seçkilər ərəfəsində repressiyalar üçün dırnaqarası hüquqi əsas yaratsın».

«SƏRT QƏRARLARDAN DAŞINMAQ LAZIMDIR»

Deputat, hakimiyyətyönlü «Ana Vətən» Partiyasının sədr müavini Zahid Oruc AzadlıqRadiosuna deyir ki, prokurorluq orqanlarının hazırda nəyi, hansı arqumentlərlə araşdırdığı ona bəlli deyil. Deputatın fikrincə, bu məsələdə sərt qərarlardan daşınmaq lazımdır, istintaqı elə aparılmalıdır ki, hansısa şəxslərin qızışdırıcı, təhrikedici çıxışları olubsa da, bunlar xüsusi həbslərə, uzunmüddətli sanksiyalara səbəb
Zahid Oruc
Zahid Oruc
olmasın:

«Əks halda, bu məsələ öz-özlüyündə müxtəlif qüvvələrin hakimiyyət əleyhinə siyasətinə, təbliğatına səbəb olur. Faktiki olaraq seçki dönəmində, siyasi mübarizənin ümumi vəziyyətinə heç bir təsiri olmayacaq qüvvələr də bu həbslər üzündən hakimiyyəti daha çox tənqidə məruz qoyurlar. Müxtəlif beynəlxalq qurumlar bu hadisələr üzərindən əllərini qızdırırlar, Azərbaycanı zəiflətmə və özlərinə tabe etdirmə seriyasında daha fəal şəkildə çalışırlar».

Zahid Oruc hakimiyyətin hazırda xüsusi təlaş içində olması fikrilə də razılaşmır, həbs olunan müxalifətçilərin bundan əvvəl də kəskin bəyanatlar verdiyini xatırladır. Onun fikrincə, müxalifətçilər İsmayıllıda baş verən yanğınların, toqquşmaların Yaxın Şərq mənzərəsini yaratmaqla əyalətlərdə inqilabın başladığından əmin olublar və eyforiya içində oraya getmək qərarını veriblər.

PREZİDENTİN CAVABI

Prezident İlham Əliyev İsmayıllı etirazlarına münasibət bildirməyib. Müxalifətçilərin həbsini bu hadisələrə reaksiya saymaq olarmı?

Hüquqşünas Ənnağı Hacıbəyli deyir ki, Azərbaycan kimi ölkədə az-çox üzdə olan şəxsin tutulması birbaşa Prezident Administrasiyası ilə razılaşdırılmaqla həyata keçirilir:

«Prezidentin əvvəlki çıxışlarda konstitusion sərbəst toplaşmaq hüququndan istifadə edən şəxsləri «ünsür» adlandırması, indi isə İsmayıllı hadisələrinə görə əslində məsul olanların cəzalandırılmaması, bu hadisələrin günahkarlarının müxalifət cəbhəsində axtarılması – bu, əslində elə prezidentin cavabı kimi qiymətləndirilə bilər».
XS
SM
MD
LG