Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:07

Britaniya eyni cinsli şəxslərin nikahına icazə verir


Arxiv fotosu - Rusiyada homoseksualların nümayişi.
Arxiv fotosu - Rusiyada homoseksualların nümayişi.

Britaniyada homoseksual nikahlar barədə qanun qəbul edildi. Baş nazir David Cameron eyni cinsdən olanların nikahı və ya Brtitaniya mətbuatının təbirincə desək “gey nikahları” haqqında qanunu parlamentdən keçirə bildi.

Lakin bu qələbə hakim Mühafizəkarlar Partiyasını parçaladı

Baş nazir Britaniya Parlamentinin Nümayəndələr Palatasında ilk böyük döyüşünü 400 leyhinə, 175 əleyhinə nisbəti ilə uddu. Maraqlıdır ki, onun öz partiyasından olan millət vəkillərinin yarısı yeni qanunun əleyhinə çıxdı. Baş nazirin homoseksual nikahlar barədə qanunu dəstəkləmək çağırışına mühafizəkar millət vəkillərindən yalnız 130-u qoşuldu, 139 mühafizəkar əleyhinə səs verdi, bu partiyadan olan daha 30 nəfər isə bitərəf qaldı.

NAZİRLƏR BAŞ NAZİRƏ QARŞI
Lakin Cameron üçün ən narahatedici məqam budur ki, qanunun əleyhinə səs verənlərin arasında onun kabinetinin üzvləri - nazirlər və nazir müavinləri də var.

Bunlar ekologya naziri Owen Paterson və Uels işləri naziri David Jones, Avropa nazirinin müavini David Lidington, müdafiə nazirinin müavinləri Andrew Robathan və Mark Francois, ədliyyə nazirinin müavini Jeremy Wright-dır.

Müdafiə naziri Philip Hammond və baş prokuror Dominic Grieve bitərəf qalıblar.
İndi partiyası Cameron-u ehtiyac olmadığı halda təşkilatı parçalamaqda ittiham edir.
Beləki partiya eyni cinsdən olanların nikahı məsələsini parlamentə çıxarmaq vədini seçki kampaniyası ərzində verməmiş, bu məsələni partiyanın seçki manifestinə daxil etməmişdi.

Fevralın 5-də 6 saatlıq qızğın debatlardan sonra keçirilmiş səsvermənin nəticələrini parlamentin ictimaiyyət üçün nəzərdə tutulmuş lojalarından izləyən kampaniyaçılar hərarətlə alqışlayıblar.

“FƏXR EDİLMƏLİ GÜN”
Cənab Cameron nəticəni “ölkənin gələcəyi üçün mühüm addım”, onun koalisya üzrə həmkarı Liberal Demokrat Partiyasının lideri Nick Clegg “Britaniyada bərabərlik üçün misilsiz hadisə”, müxalif leyboristlərin başçısı Ed Miliband isə “fəxr edilməli gün” adlandırıblar.

David Cameron: "Mən nikaha dərindən inanan adamam və düşünürəm ki, geylər də belə bir hüquqa malik olmalıdırlar"


Maraqlıdır ki, səsvermə zamanı parlamentdə olmayan Cameron sonradan verdiyi bəyanatda bildirib: “Mən nikaha dərindən inanan adamam və düşünürəm ki, geylər də belə bir hüquqa malik olmalıdırlar”…

Lakin partiyadaşlarının əksəriyyəti baş nazirin bəyanatına zidd olan fikirlər səsləndiriblər.
Partiya rəhbərlərindən Lord Roger Gale bu qanunu, bacı və qardaşların evlənməsinə icazə verən qanuna bənzədib.

QANUN KİLSƏYƏ AİD DEYİL…HƏLƏLİK

Bununla belə, yeni qanun İngiltərə Kilsəsini eynicinsli nikahları bağlamaq məcburiyyəti qarşısında qoymur.

Qanuna görə, belə kəbinləri kəsib-kəsməmək anqlikan keşişlərin öz ixtiyarına buraxılır.
Lakin belə narahatlıqlar da ifadə olunub ki, qanunun qəbulu ilk addımdır və Avropa İnsan Haqları Məhkəməsi İngiltərə Kilsəsini homoseksual kəbinlərin kəsilməsinə məcbur edə bilər.

Bir çox mühafizəkar millət vəkilləri qanunun əleyhinə mübarizəni davam etdirəcəklərini bildiriblər.

Beləki, qanun baxılmaq üçün üst palata sayılan Lordlar Palatasına təqdim olunmalıdır.
Lakin Lordlar Palatasının özündə bu qanunun oradan da keçəcəyinə imkan yaradacaq ab-hava var.

XS
SM
MD
LG