Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:34

“Buta” filminin redaktoru Ramiz Rövşənin işi tənqid olundu (Debat)


Aygün Aslanlı və İlqar Nəcəf
Aygün Aslanlı və İlqar Nəcəf
-

Aygün Aslanlı:

Elə ki qəhrəmanlar danışmağa başlayırlar, film adamı vurur. Səsləndirmə də, mətnin özü də qulağa yatmır. Süni təsir bağışlayır, həddən artıq ədəbi dildə danışırlar.



“Ən yaxşı xarici film” nominasiyasında bu ilki “Oskar” mükafatına təqdim edilən, amma qısa siyahıya düşə bilməyən “Buta” filmi (Filmi izlə) niyə tənqid olunur?

“Pen klub”da filmin rejissoru İlqar Nəcəf, filmi tənqid etmiş kinoşünas Aygün Aslanlı və “Cinema Gənc Kinematoqrafçılar Mərkəzi”nin sədri Fehruz Şamıyev bu suala cavab verdilər.

“Buta” İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə keçirilən “Avanti” layihəsi çərçivəsində qalib gəlmiş ssenarilərdən biridir. Daha sonra İlqar Nəcəf kinodramaturq Ramiz Fətəliyevlə birlikdə “Buta” ssenarisinin yeni variantını hazırlayıb. 2009-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası və “Butafilm” şirkəti birgə çəkib.

“İSTƏDİYİMİ ÇƏKƏ BİLMƏDİM”

Şahnaz Bəylərqızı:

- İlqar bəy, film sizcə alınıb? İstədiyiniz filmi çəkə bildinizmi?

İlqar Nəcəf:

- Xeyr… Çəkilişə gedirsən, mövzu içindədir, beynindədir, sanki hər şeyə hazırsan. Ancaq rejissor üçün hər şeydən vacib psixoloji rahatlıqdır, mən həmin dönəmdə o rahatlığı tapa bilmədim. Bilmirəm, bəlkə də çəkilişləri sonraya keçirmək lazım idi… Oldu, çəkdik. Azərbaycanda filmə müxtəlif yanaşmalar oldu, tənqid edənlər də, tərifləyənlər də oldu. Amma film müəyyən mənada beynəlxalq festivallarda öz təsdiqini tapdı. “Buta” Avstraliyada keçirilən “Asia Pacific Screen Awards” – bəzən ona Asiyanın “Oscar”ı da deyirlər – “ən yaxşı uşaq filmi” mükafatını aldı. Məlumat üçün deyim ki, həmin festivalda ən yaxşı filmə görə mükafatı İran rejissoru Əsgər Farhadi aldı, Nuri Bilge Ceylan isə “Bir zamanlar Anadoluda” filminə görə ən yaxşı rejissor kimi mükafat qazandı. “Buta” daha sonra «Cape Winelands Film Festival»ın Qran-pri mükafatını aldı.

Şahnaz B:

- Dediniz ki, film istədiyiniz kimi alınmadı. Alınmayan nədir?

İlqar N:

- Qəti alınmayıb deyə bilmərəm. İstədiyimi çəkə bilmədim. Düşünürəm ki, mən rejissor kimi daha çox şey çəkməyə qadirəm. “Buta” da mən bunu aça bilmədim. Növbəti filmlərdə yəqin açılacaq. Mənim içimdə bir nisgil qaldı. Bunu açmağa borclu da deyiləm. (ardı aşağıda)

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


“FİLMİN QÜSURU DİLİNDƏDİR”

Aygün Aslanlı:

- İlqar bəyin bu narahatlığı filmdə hiss olunur… Mənə görə, bu filmin qüsuru dilindədir. Biz dili bilirik deyə o qüsuru tuturuq. Ancaq əcnəbi tamaşaçı təsviri görür, uşaqları görür. Hər şey qaydasındadır. Elə ki qəhrəmanlar danışmağa başlayırlar, film adamı vurur. Səsləndirmə də, mətnin özü də qulağa yatmır. Süni təsir bağışlayır, həddən artıq ədəbi dildə danışırlar. Kinoda hər şey harmoniyada olmalıdır. Şurupun biri boş olanda o dəqiqə özünü göstərir. “Buta”da məni vuran filmin mətnidir, İlqar bəyin dediyi narahatlığıdır, bu da filmdə hiss olunur. İlk baxışdan hər şey qaydasındadır, ancaq nəsə tutmur. Sarı sim yoxdur çünki, içindən keçməyib. Film həyatın üç dövrü haqqında pritçadır. Mərkəzində də buta dayanır. Nağıl kimi filmdir. Ancaq o nağılı nağıl edən, sehrli edən şey yoxdur.

Şahnaz B:

- İlqar bəy, razılaşırsızmı bununla?

İlqar N:

- Bəli.

Aygün A:

- Bu, tək İlqar bəyin filminin problemi deyil. Azərbaycan filmlərinin hamısında var. Məsələn, Yavər Rzayevin “İlahi məxluq” filmində o qədər ciddi tərcümə səhvləri var ki. “Предчуствие” sözü duyğu öncəsi kimi tərcümə olunub. Və ya “Buta”da yazılıb: “Məlum olmayan zamanlarda yaranıb”. Halbuki deyilə bilərdi ki, yaranma tarixi məlum deyil. Bütün bunlar ilk dəqiqədən adamı itələyir.

“REDAKTOR RAMİZ RÖVŞƏNLƏ İŞİMİZ ALINMADI”

İlqar N:

- Mən durub desəm ki, bu, redaktorun işidir, düzgün olmaz. Rejissor İlqar Nəcəfdir, yaxşısı da, pisi də onun boynuna yazılır. Bir də filmdəki eyibləri Azərbaycandakı kino bilicisinin görməsi təbiidir, nə qədər doğmadırsa, bir o qədər eyib tapmaq asandır. Tutaq ki, Avstraliyada, İtaliyada sadə insanın görə, eşidə bilmədiyini kimsə Azərbaycanda daha asan eşidir, görür. Bu, normaldır. Bunu deməklə mən əllərimi qaldırıb təslim olmaq istəmirəm. Görünür, redaktorla bizim işimiz alınmadı. Redaktor Ramiz Rövşəndir, mən onu günahlandırmaq istəmirəm. O yaxşı redaktordur, amma mənim filmimdə nəsə alınmadı. Bilmirəm ya o həvəssiz oldu, ya mən onu həvəsləndirə bilmədim. Münasibəti qura bilmədik.

Şahnaz B:

- Bəs Aygün Aslanlının dediyi sarı sim haqda iradlara cavabınız nədir?

İlqar N:

- Mən filmdəki dublyajla, səsləndirmə ilə bağlı problemdən başqa qüsur görmürəm. (ardı aşağıda)

Şahnaz Bəylərqızı, Aygün Aslanlı və İlqar Nəcəf
Şahnaz Bəylərqızı, Aygün Aslanlı və İlqar Nəcəf


“AZƏRBAYCANDA KİNO REDAKTORU YOXDUR”

Fehruz Şamıyev:

- Filmdə uşaqlarla işləmək çox çətindir. İlqar Nəcəf yaxşı mənada bunu bacarıb… Rejissor söhbətə başlayanda dedi ki, mən filmin çəkilişinə hazır deyildim. Rejissorun o ruhda olması çox vacibdir, bu, filmin ab-havasına təsir edir. Çünku o ruhda olsaydı, daha uğurlu film alına bilərdi. Düşünürdüm ki, İlqar Nəcəfin filmi İran kino estetikası üzərində qurulacaq. Bunun üçünsə böyük rejissor işi lazım idi, yükü daha çox çəkməli idi. Yəqin növbəti filmdə nəzərə alar bunları. Bir də, mən düşünürəm ki, hər rejissorun öz janrı olduğu kimi, məsələn, biri komediya, ya melodram ustası olub, bu sahədə film çəkdiyi kimi filmin redaktorları da bölünməlidir. Azərbaycanda demək olar ki, kino redaktoru yoxdur. İlqar Nəcəf ssenarini Azərbaycan dilində yazmışdı, Ramiz Fətəliyev isə rusdilli olduğundan başqa dildə yazıb. Yenidən ssenari Azərbaycan dilinə çevrilib. Sonra redaktora verilir və bu da işi qəlizləşdirir.

İlqar N:

- Filmi çəkmək reallaşanda düşündük ki, ssenariyə peşəkar “podxod” lazımdır. Dramaturgiyanı yaxşı bilən Ramiz Fətəliyev ağlımıza gəldi. Ramiz bəy dedi ki, ssenaridə hər şey var idi, mən, sadəcə, yerləri dəyişdim. Düşünürəm ki, onun çox köməyi dəydi. Ancaq dialoqlar və ya mətnlə bağlı qüsurlar onun günahı deyil.

“EYİBLƏRİMİ GÖRMƏK ÜÇÜN FİLMİ YENİDƏN SƏSLƏNDİRMƏYƏCƏYƏM”

Aygün A:

- Filmin sonunda milli dəyərlərdən danışılır, qoca kişi Butanın nənəsindən soruşur ki, baçı, siz ənənələrimizin müdrik olması ilə razısızmı? Kinoda bu cümlə deyilməməlidir, göstərilməlidir. Yəni ənənələrimizin dəyərli olması göstərilməlidir.

İlqar N:

- “Buta” artıq çəkilib. Kinostudiyanın direktoru Müşfiq Hətəmov da deyib ki, bəlkə film yenidən səsləndirilsin, mətnə yenidən baxılsın? Mən özüm razı deyiləm. Eyiblərimi görmək üçün bunu etməyəcəyəm. Mən tənqidləri də eşitməyə hazıram, bu, mənim xeyrimədir.

PROQRAMI TAM ŞƏKİLDƏ İZLƏ

XS
SM
MD
LG