Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:46

«Kim Kardashian Bakıya gələcəkmi?»


«ONLAR BUNU TİKSƏLƏR KARDASHİANLAR GƏLƏRMİ?»

Bəri başdan demək lazımdır ki, Peter Sadovnik-in «New York Times» qəzetində dərc olunmuş çox böyük məqaləsi Azərbaycan oliqarxlarından İbrahim İbrahimov və onun Xəzər dənizində tikməkdə olduğu süni adalar şəhəri barədədir.

Amerikanın şou-biznes xəbərlərinin gündəlyindən düşməyən Qardaşyanlar müəllifin ona görə yadına düşüb ki, bu ailənin qızlarından biri, Kim Qardaşyan bu yaxınlarda Dubaya hay-küylü səfəri etmişdi. İbrahimovun tikməkdə olduğu səltənət də Kim Qardaşyanın reklamına cəlb olunan əmirlik layihəsinə çox bənzəyir.

GÖYLƏRDƏ GƏLƏN GÖYDƏLƏN İDEYASI

Müəllifin Dubay-Bakı paralelini elə İbrahim İbrahimov özü də təsdiqləyir. Müxbirə bildirir ki, «Xəzər adaları»nı salmaq ideyası onun ağlına Dubaydan Bakıya 3 saatlıq uçuş vaxtı gəlib.

«Gözlərimi yumdum və layihəni təsəvvürümə gətirməyə çalışdım»…

Xəzər adaları (Avesta şirkətinin reklam roliki)

Avesta şirkətinin reklam rolik


Az sonra isə o stüardessadan kağız-qələm istəyib ki, xəyalındakı layihəni köçürsün. Lakin təyyarədə kağız qələm tapılmayıb.

Sadovnik-in təbirincə desək, «yeriyəndə sanki indicə işğal etdiyi torpaqda gəzən generalı xatırladan» İbrahimov hələ qutuda olan təzə köynəyini çıxarır. Cəmi 20 dəqiqəyə köynəyin qavqarıldığı nazik kağız üzərində təxəyyülünü rəsmə çevirir.

Müxbir yazır ki, müxtəlif biznes maraqlarını təmsil edən «Avesta» konserninin sahibi Bakıya gələn kimi memarlara göstəriş verir ki, «bunu mən necə çəkimişəmsə, eləcə də layihəsini cızın».

BELƏ BİR İDEYA YALNIZ DUBAY-BAKI REYSİNDƏ GƏLƏ BİLƏRDİ

Daha sonra Peter Sadovnik İbrahimovun xəyalından doğan layihənin miqyaslarından yazır.

Onun «Xəzər adaları» adlandırdığı arxipelaq, əslində 55 süni adadan ibarət olacaq.
Burada minlərlə mənzil, ən azı 8 otel tikiləcək, Formula-1 yarışları üçün trek salınacaq.
Burada yaxta klubu, hətta aeroport və nəhayət dünyanın ən hündür göydələni – «Azərbaycan bürcü» 1 kilometrlik boyu ilə buludlara dirənəcək.

«Avesta» konserninin müxbirə verdiyi məlumata görə, «Xəzər adaları»nda 800 min adam yaşayacaq və daha 200 min nəfər üçün otel otaqları tikiləcək. Bu isə Bakı əhalisinin yarısı qədərdir və bütün bu layihə 100 milyard dollara başa gələcək. Təkcə «Azərbaycan qülləsi» 3 milyard dollar tutacaq.

«Bəzi adamlar bəyənməyə bilərlər, - deyir İbrahimov, - mənim heç vecimə də deyil. Mən bunu tək tikəcəyəm. Mən hisslərimə tabeyəm».

Daha fikrincə, «Azərbaycan qülləsi»nin «penthaus» mənzillərindən birində (adətən göydələnlərin damında olan mənzillərə belə deyilir) şəxsən yaşamaq arzusunda olan İbrahimovun «Xəzər Adaları» ideayasının məhz Dubaydan qaynaqlanmasında orjinal bir şey yoxdur.

Müəllif yazır ki, bu cür layihələr Fars körfəzinin neft diktaturaları üçün son dərəcə səciyyəvidir.

İBRAHİMOV DUBAYI BƏYƏNMİR

Hərçənd, İbrahim İbrahimov Dubayı bəyənmir: «Dubay səhradır. Ərəblər ölkənin xəyalını yaradıblar. Dubaydakı «Palm» süni adası da düzgün deyil. Suyu iy verir. Palm gözəldir, amma içində yaşayası yer deyil»…

Müəllifin daha sonra yazdıqlarından belə başa düşmək olar ki, medianın diqqətini layihəyə çəkmək «Avesta»nın öz təşəbbüsü olub.

Sadovnik yazır ki, konsernin satış və marketinq direktoru Kənan Quluzadə, atası ilə birlikdə onunla Moskvada görüşüblər.

Quluzadə müxbirə DVD-lər və kitabçalar verib, hərçənd bildirib ki, onsuz da Moskvaya gəlməliymiş.

Və nahəyət Peter Sadovnik Bakıya təşrif gətirəndə layihənin nəhəngliyini gözləri ilə görüb.

Asfaltlanmış yollar, palma ağacları…
«Cənab İbrahimov palma ağaclarını çox sevir», - deyib oliqarxın köməkçisi Nigar Hüseynli.

Hər tərəfdə torpaq təpələri yığılıb, - yazır müxbir.

BİZ DAĞLARI SÖKÜRÜK

«Xəzər Adaları»nın baş mühəndisi Həsrət Əmrahov müxbirə deyib ki, tikintiyə hər gün 200 maşın daş-kəsək gətirilir.

«Biz bunun üçün dağ sökürük», - deyib Əmrahov.

Müxbir yazır ki, burada artıq 96 mənzil satılıb. Hər kvadrat metri 280-460 dollar olan bu mənzillər təxminən 300 min dollaradır.

İbrahimov gözləyir ki, onun qazancı 2015-ci ildə «Azərbaycan qülləsi»nin tikintisi başa çatanda, onun buradan götürdüyü gəlir həndəsi silsilə ilə artacaq.

«New York Times» yazır ki, Qərb maliyyə analitikləri və mülkiyyət inşaatçıları bu gözləntiyə şübhə ilə baxırlar.

Lakin müəyyən bir proqnoz da vermək çətindir, çünki Azərbaycanda heç kəs indiyədək bu nəhənglikdə layihəyə girişməyib.

QIRMIZI VƏ QARA

Qəzet yazır ki, həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi, 2008-ci ildə Gürcüstanı işğal etmiş Rusiyanın qonşuluğu, ABŞ və İsrailin qonşu İrana mümkün zərbəsi layihəni riskli edir.

Müəllif bu risklərin sırasına «yerli korrupsiyaya İsmayıllıdakına bənzər etirazları» da əlavə edir.

Lakin hələlik cənab İbrahimov öz Rolls Royce-unda gələcək arxepelaqın 1 nömrəli adasına baş çəkir.

«O Azərbaycanda olanda, həmişə özünün qara Rolls-Royce-nu sürür, - deyir Nigar Hüseynli, - Dubayda onun qırmızı Rolls-Royce-u var»…

Müxbir yazır ki, İbrahimov Naxçıvan Muxtar Respublikasının bir kəndində doğulub. O atasını «yaxşı sovet adamı» adlandırır və bildirir ki, onun həyatına ən çox təsir etmiş şəxs məhz atası olub.

«Lakin bəziləri düşünürlər ki, onun həyatında keçmiş prezident Heydər Əliyev daha böyük rol oynayıb», - yazır Peter Sadovnikov.

İLHAM MƏNBƏYİ - HEYDƏR ƏLİYEV

Məqalədə deyilir ki, «Avesta» İbrahimovun başqa çoxsaylı bizneslərinə nəzarət edir.
Müxbir yazır ki, müxalifətin fikrincə, İbrahimov malik olduqlarına görə Əliyevlər ailəsinə borclu olmalıdır.

«Bunu ona deyəndə, İbrahimov çiyinlərini çəkir və deyir ki, «Avesta» yalnız korporasiya deyil, - yazır müəllif, - bu bir xeyriyyəçi təşkilatdır. Yoxsul kəndlər üçün su kəmərləri çəkir, məscidlər tikir»…

O Heydər Əliyevi özünün ilham mənbəyi adlandırır və deyir ki, onun oğlunu, hazırkı prezidenti çox xoşlayır.

«MƏNƏ SİYASƏTDƏN SUAL VERMƏYİN. QORXURAM, SƏHV EDƏM...»

Müxbir İbrahim İbrahimovun ofisindəki şəxsi nahar otağından yazır.
İbrahimov malik olduğu sənət nümunələrini göstərir.

Onun masası İspaniyada istehsal olunub, Vladimir Putinin masasındandır. Burada İtaliyadan gətirilmiş şahmat və atasının büstü də var…

«İbrahimov söhbətində, rəvan bir şəkildə, boslar bosu, dəstəkçi, müttəfiq, Azərbaycan xalqının xilaskarının oğlu İlham Əliyevə keçir», - yazır Sadovnik.

Lakin müəllif İbrahimovdan rejimin başqa xüsusiyyətləri - şəffaglığın, vətəndaş azadlıqlarının olmaması, müxalifət fəallarının həbsləri barədə soruşanda oliqarx qısa cavab verir: «Mən siyasət barədə heç nə bilmirəm».

«İbrahimov dünyanın bu guşəsində başqa uğurlu adamlar kimi öz yerini bilir», - yazır Peter Sadovnik.

«Mənə siyasətdən sual verməyin. Qorxuram ki, səhv edəm», - deyir İbrahim İbrahimov.
XS
SM
MD
LG