Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:08

Xuliqanlıq və ictimai qaydaların pozulmasına görə cərimələr


-



"İnzibati Xətalar Məcəlləsi"ndən çıxarış.

Məcəlləni tam şəkildə buradan endir.
Bu sənəddə 2013-cü ilin yanvarına qədər olan düzəlişlər əksini tapıb. Bu tarixdən sonra edilmiş düzəlişlərlə birlikdə Məcəllənin yenilənmş mətnini Ədliyyə Nazirliyinin bu saytından əldə edə bilərsən.



Maddə 296. Xırda xuliqanlıq
Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə —
əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur.


Maddə 296-1. Avtoxuliqanlıq
296-1.1. Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə —
nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla beş gündən on günədək inzibati həbs tətbiq olunur.
296-1.2. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə —
nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən on beş günədək inzibati həbs tətbiq olunur


Maddə 297. Yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin və ya onları əvəz edən şəxslərin məsuliyyəti
On dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə —
valideynlər və ya onları əvəz edən şəxslər otuz manatdan qırx manatadək miqdarda cərimə edilir


Maddə 298. Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması
298.1. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə
fiziki şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

298.2. Qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə
üç yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs tətbiq olunur.
Qeyd: Bu Məcəllənin 298.1-ci və 298.2-ci maddələrində nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
XS
SM
MD
LG