Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:58

Xaçmazda SMDT-nin təlimçiləri polisə aparılıb


Arxiv foto
Arxiv foto
-
Saat 18:40-da təlimçilər Xaçmaz rayon Prokurorluğundan sərbəst buraxılıblar.

DİN: OFİSİN SAHİBİ POLİSƏ MÜRACİƏT EDİB

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin AzadlıqRadiosuna bildirdiyinə görə, SMDT əməkdaşları olduqlarını iddia edən şəxslər keçirmək istədikləri tədbirlə əlaqədar nə rayonun müvafiq icra strukturlarını xəbərdar edib, nə də «Sahil» mehmanxanasının rəhbərliyini. Bu şəxslərin tədbir keçirməkdə israrlı olduğunu görən mehmanxana müdiri də polisə müraciət edib:

Orxan Mansurzadə
Orxan Mansurzadə
«Həmin müraciət əsasında hadisə yerinə RPŞ-nin əməkdaşları gəlib. Polis əməkdaşlarının qəti xəbərdarlığından sonra cağırılmamış qonaqlar oteli tərk edərək, bu dəfə təlimlərini qonşuluqdakı xarici dillərin öyrədilməsi mərkəzinin yerləşdiyi ofisdə tədbir keçirmək istəyiblər. Sözügedən ofisin sahibi də tədbir öncədən razılaşdırılmadığı üçün bundan imtina edib. Lakin Bakıdan gələnlər mərkəzi tərk etmək istəməyəndə ofisin sahibi də polisə müraciət edir. Hadisə yerinə gələn polis əməkdaşlarıyla baş tutmayan təlimin iştirakçıları arasında mübahisə yaranıb. Onlar polisin qanuni tələblərinə nəinki tabe olmamış, əksinə Xaçmaz RPŞ-nin Cinayət-Axtarış bölməsinin rəisi Amil Tahirliyə xəsarət yetiriblər. İnsidentin fəal iştirakçılarından olan Cavid Nəbiyev və Günay İsmayılova saxlanılaraq polis şöbəsinə gətirilib. Belə görünür ki, təlim keçirmək adıyla gələnlər polisi təxribata çəkmək, məsələ ətrafında yersiz hay-küy qaldırmaqla guya onlar tərəfindən təzyiqlərə məruz qaldıqları barədə yanlış rəy yaratmaq məqsədi güdüblər».

SAXLANANLAR PROKURORLUĞA APARILIB

AzadlıqRadiosunun bölgə müxbirinin verdiyi xəbərə görə, bu hadisəylə əlaqədar saxlananlar Xaçmaz rayon Prokurorluğuna aparılıb. Ehtimal olunur ki, onlara qarşı polisə müqavimət maddəsi ilə cinayət işi açıla bilər.

XAÇMAZDA TƏLİM KEÇƏNLƏR TƏZYİQLƏ ÜZLƏŞDİKLƏRİNİ DEYİRLƏR

«Fevralın 12-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) təlimçiləri Cavid NəbiyevGünay İsmayılovaya polis təzyiqi olub». Bunu AzadlıqRadiosuna SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı deyib.

«Əməkdaşlarımız vətəndaşların yerli idarəetmədə iştirakının artırılması ilə bağlı maarifləndirilmə təlimi keçməyə getmişdilər. Tədbir «Sahil» otelində baş tutmalı idi. Saat 10 radələrində otelə gələn polis işçiləri və mülki geyimli şəxslər təlimə gələn vətəndaşları və təlimçilərimizi qovublar. Təlimçilər ABC - Təhsil, İnkişaf və Liderlik Mərkəzinə gediblər ki, təlimi orda keçirsinlər. Ancaq polis işçiləri ilə mülki geyimlilər orda da təlimçilərə imkan verməyiblər. Cavid Nəbiyev polis işçiləri tərəfindən döyüləndən sonra hər iki təlimçimizi Xaçmaz rayon Polis Şöbəsinə aparıblar».

Bəşir Süleymanlının sözlərinə görə, Daxili İşlər Nazirliyi (DİN) və Xaçmaz polisi saxlanmanın səbəbini demir.

Xaçmaz polisindən Cavid Nəbiyevin və Günay İsmayılovanın polis şöbəsinə gətirildiyi təsdiqlənsə də, əlavə məlumat verilməyib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, SMDT təlimçilərinin saxlanması ilə bağlı araşdırma aparılır, günün ikinci yarısı geniş məlumat veriləcək.
XS
SM
MD
LG