Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:00

Vergi müfəttişləri 250 000 manat rüşvət almaq ittihamı ilə tutuldular


Arxiv foto
Arxiv foto
Respublika Prokurorluğu və Vergilər Nazirliyinin fevralın 14-də yaydıqları birgə rəsmi məlumatda deyilir ki, iki vergi müfəttişi tikinti şirkətindən 250 000 manat rüşvət almaq ittihamı ilə saxlanıb. Rəsmi məlumata görə müfəttişləri elə onların öz iş yerləri - Vergilər Nazirliyi ələ verib:

“Fevralın 13-də “Neftçi” mənzil-tikinti kooperativinin icraçı direktoru Səfərli Azərin Vergi Auditi Departamentinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyinə şikayət edib. Daxil olmuş şikayət ərizəsi üzrə aparılmış ilkin araşdırmalarla onların hərəkətlərində korrupsiya hüquqpozmaları müəyyən edildiyindən toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib.

Vergilər Nazirliyinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi ilə birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, dövlət vergi müfəttişləi Sultan Kərimov və Aydın Allahverdiyev “Neftçi” mənzil-tikinti kooperativində bəyannamələrin düzgün təqdim olunmamasını və digər aşkar olunmuş qanun pozuntularını ört-basdır etmək üçün 300 min manat rüşvət istəyiblər.

Bu il yanvarın 29-da həmin kooperativin icraçı direktoru Azər Səfərli və baş mühasibi İlqar Cəfərovdan müəssisənin ofisində 250 min manat pulu rüşvət kimi alaraq öz aralarında yarı bölüblər. S.Kərimovun və A.Allahverdiyevin yaşadıqları mənzillərdə aparılmış axtarışlar zamanı müvafiq olaraq 115 min və 125 min manat rüşvət kimi aldıqları pul müəyyən edilərək maddi sübut kimi götürülüb.”

Respublika prokurorluğu rəsmi məlumatında adını çəkdiyi hər iki müfəttişin saxlandığını və onlara qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvət alma) maddələri ittiham elan edildiyini bildirir.

Bu ittihamlarla məhkəmədə də sübut olsunsa, hər iki müfəttiş 8 ildən 12 ilə qədər müddətə azadlıqdan məhrum edilə bilər.

Amma hələlik rəsmi məlumatda adı çəkilən müfəttişlərin vəkilləri, ya da yaxınlarının bu ittihamlarla bağlı hər hansı mövqeyi məlum deyil.
XS
SM
MD
LG